Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti 1 il müddətinə təxirə salır. Anspress-in məlumatına görə, Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar.
AMB-nin banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.
Mütəxəssislərin fikrincə, Mərkəzi Bank artıq valyuta risklərini tənzimləməyə qadir deyil. Deməli, qiymətlərin sabitliyininin təmin edilməsinə nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti 1 il müddətinə təxirə salır.
Bundan sonra bankların maliyyə risklərinə AMB nəzarət etməyəcək. Yəni, Mərkəzi Bank bankların maliyyə ilə bağlı addımlarına qarışmayacaq.
Qeyd edək ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, bankın avroda borcu 10 mln., verdiyi kreditlərin cəmi isə 8 mln.-dur. Yaxud əksinə, borcu 8 mln., verdiyi kreditləri isə 10 mln. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir.
Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir.
Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən qeyri-iş günü olduğu üçün hər hansı bir məlumatın verilməyəcəyi bildirildi. Növbəti iş həftəsində bununla bağlı açıqlama veriləciyi bildirilib.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun martın 5-də banklara göndərdiyi məktubu isə ekspertlər fərqli şəkildə dəyərləndiriblər. Ekspert Natiq Cəfərli meydan.tv-yə açıqlamasında bildirib ki, banklar öz problemlərini özləri həll etməli olacaqlar: “Mərkəzi Bankın məktubundan belə aydın olur ki, banklara valyuta ilə götürdükləri xarici öhdəliklərin artmasına görə riskləri öz üzərinə götürmək təklif olunur. Mərkəzi Bank anlayır ki, bankların problemləri artacaq, onların hamısına kömək etmək gücündə olmayacaq”.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a deyib ki, indiyədək MB müvəkkil bankların açıq valyuta mövqeyi üçün limitlər müəyyən edirdi ki, valyuta risklərini tənzimləsin: “Bunun üçün 31 yanvar 2001-ci ildə müvafiq qaydalar da təsdiq etmişdi. Bu qaydalara görə, bankların valyutada olan tələbləri və öhdəliklərinin məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərdən qaynaqlanan risklərin məhdudlaşdırılması məqsədilə limit tətbiq edilirdi. İndi həmin limitlər aradan qaldırılaraq, risklər bankların öz üzərinə qoyulur. Yəni bir növ Mərkəzi Bank mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərə görə məsuliyyətdən özünü kənarlaşdırır”
Q.İbadoğlunun sözlərinə görə, bu riskləri düzgün idarə edə bilməyən bankların öhdəliklərində problem yarana bilər: “Sıradan da əmanətçilər və ya bank özü kredit götürdükləri təşkilatlar qarşısında öhdəlikərini yerinə yetirmək üçün riskləri də özləri idarə etməlidirlər. Belə olan halda da mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan riskləri düzgün idarəetməyən banklarla borc verənlər arasında problemlər yarana bilər. Yəni başlı başın saxlasın”.


Şərhlər