Bədbəxtliyin qida rasionu ilə tanış olun-Qənimət Zahidin təqdimatında "Azərbaycan saatı"
Sizi meydanlara çağırırlar. Etiraza. Çünki nəhəng sərvətləri olan bir ölkənin vətəndaşları olaraq, sizi kölə kimi yaşadırlar...
Sizi etiraza dəvət edənlər sizin daha yaxşı, daha firavan yaşamaq haqqınızın və imkanınızın olduğunu bilirlər. Onlar sizin etirazını sizi talayanlara qarşı səfərbər etmək istəyirlər...
Müqayisə etmək istəyirsinizmi? Məsələn, özünüzü Hitler ordusu tərəfindən əsir götürülmüş birisi ilə müqayisə etmək ağlınıza gəlibmi? Bu cümlə ilə sizin bioqrafiyanızdan bəhs etmək istəməzdik. Sadəcə bu girişlə sizin hər birinizin həyatınızın göstəricisi olan yaşayış minimumundan söz açacağıq.
Bu söhbət çoxunuzu sevindirməyəcək. Çünki indi “necə yaşayırsınız” sualı çoxunuzun qanını qaraldır, söhbətə “Allah kəssin belə yaşayışı, yaşamırıq, sürünürük” cavabı ilə yekun vurursuniz.
İri addımlarla... Gürcüstan dükanlarına!
Elə ötən əsrin 70-ci illərində də beləydi. “İri addımlarla irəliləyən Azərbaycan”ın addımları Ermənistan və Gürcüstanın mağazalarında dayanırdı. Yadıma həmin illərin bir söhbəti düşdü. Heydər Əliyev rayonların birinə gedir. Gündə 150 kloqram pambıq yığan bir kolxozçu ilə söhbət edir. “14 ton pambıq yığmısan, bəs pulları hara xərcləmisən”, Heydər Əliyev soruşur. Qadın cavab verir: “Qadanı alım, çoxunu verib uşağı medinstuta qoyduq, bir azını da ev-eşiyə xərclədik”.
Bax bu gün sizə və bizə lazım olan o yaşayış minimumundan danışacağıq.
Yaşayış minimumu minimal yaşayış deməkdir
Azərbaycan vətəndaşının hökümətlə və onun müvəkkili olan həmkarlarla münasibətini “Yaşayış minimumu haqqında” qanun tənzimləyir. Artan qiymətlər insanların güzəranını pisləşdirməsin deyə qanuni əsaslar yaradılır. Gəlin, həmin qanundan bəzi maddələrə diiqqət yetirək: minimum istehlak səbəti—insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu; yaşayış minimumu—minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma; əhalinin əsas sosial-demoqrafik qrupları—yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s); ailədə adambaşına düşən orta gəlir—ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti; aztəminatlı ailə —orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.
Sosial təminatın binəsibləri və qudurğanları
5 oktyabr 2004-cü ildə İlham Əliyevin imzaladığı qanunda bunlar yazılıb. Bəs reallıq necədir? Həqiqətənmi, ölkədə yoxsulların, yəni aztəminatlıların sayı minimuma endirilib? Həqiqətənmi, ölkədə deyilən qədər iş yeri yaradılıb? Həqiqətənmi aztəminatlılar üçün nəzərdə tutlan yardımlar ədalətli bölünüb? Sosail yardım kartları kimin otağından çıxıb?
Ən yaxşı halda, bu yardımların heç yarısı zorla günü günə calayan ailələrə çatmayıb. Hardasa villaya, restorana, şadlıq evinə çevrilib. Elə, məsələn, sosial təminatın keçmiş naziri Ələkbərovun qudurğan oğlu İsmayıllıda, Bakıda, Dubayda mülklər alıb. Zorla balasını saxlayan insanları təhqir etməkdən, onları aşağılamaqdan belə çəkinməyib. Bu sadəcə bir misaldır. Və Ələkbərovların sayını nə qədər lazımdır, o qədər uzaqtmaq olar
Hitler əsirləri necə yedirirdi?
Yoxsullar üçün nəzərdə tutulan miniumum istehlak səbəti haqında söhbətə keçməmiş 70 il əvvələ qayıdaq. II Dünya Müharibəsində əsir düşən insanlara verilən yaşayış minimumunu nəzərdən keçirək. Berlində, 8 oktyabr 1941-ci ildə təsdiq edilmiş qərara görə hərbi düşərgələrdə saxlanılan əsirlərin gündəlik ərzaq norması belə idi.
610 qram çörək və ya makaron məhsulları
600 qram kartof və ya tərəvəz
40 qram ət
120 qram balıq
20 qram şirniyyat
20 qram bitki yağı
55 qram çay, duz və başqa ədviyyatlar.
Azərbaycan vətəndaşının minimum ərzaq səbəti
İndi isə gəlin Azərbaycan məmurlarının, o cümlədən prezident İlham Əliyevin və baş nazir Artur Rəsizadənin bizim üçün nəzərdə rutduqları istehlak səbətini nəzərdən keçirək.
Azərbaycanda adambaşına 1 günə müəyyən edilmiş normalar:
Cörək və cörək məhsulları (un kimi müəyənləşdirilib) - 411 qram Kartof 127 qram
Tərəvəz və bostan məhsulları – 262 qram
Ət və ət məhsulları 82 qram
Süd və süd məhsulları (süd şəklində) - 0,6 litr
Balıq və balıq məhsulları 13,6 qram
Yumurta - 1 yumurtanın 1/3-i
Şəkər və qənnadı məmulatları - 44 qram
Bitki yağı, marqarin və digər piylər - 30 qram.
Çay, duz və digərləri - 9,8 qram.
Bu yaşayış minimumu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 170 saylı Fərmanı və Azərbaycan Respublikası Baş nazirinin 23 iyun 2005-ci tarixli 118 saylı qərarı ilə təsdiq edilib. Bu qərarla qocalar və uşaqlar əsas əhali kütləsindən ayrılıb və onlara daha az rasion nəzərdə tutulub. Yeri gəlmişkən, istehlak səbəti Nazirlər Kabinetinin 30 aprel 2009-cu il, 74 saylı qərarı ilə yenidən təsdiq edilib, amma burada ciddi heç bir dəyişiklik yoxdur.
Bu, nə deməkdir?
Azərbaycanda bu minimum ərzaq səbətini tərtib edənlər heç nəyi araşdırmadan ortalığa gülünc bir səbət tullayıblar. Onlar deyəsən, sadəcə olaraq, “hər şey olsun” prinsipini əsas götürməklə azərbaycanlıları alman əsir düşərgələrindəki əsirlərdən daha az yeməyə məcbur etmək istəyiblər. Milli Elmlər Akademiyasının (MEA) Fiziologiya İnstitutunun əməkdaşlarının fikrincə, ərzaq səbətinin strukturunda ən ciddi qüsur çörək və ət məhsulları üzrə normaların reallığı əks etdirməməsidir.Əslində, əmək qabiliyyətli əhali üçün il ərzində adambaşına 150 kiloqram çörək və un məhsulları norması faktiki tələbatdan iki dəfə azdır: “Azərbaycan yoxsul ölkə hesab olunur və belə ölkələrin ərzaq səbətində çörək birinci yeri tutur. Ancaq son dəyişikliklərdə çörəyin adambaşına illik norması hətta müharibə dövründəkindən də aşağıdır. Azərbaycanın indiki ərzaq normasını İkinci Dünya müharibəsində əsirlərə ayrılan çörək norması ilə müqayisə etmək olar. O dövrdə bir əsirə bir ayda 21-22 kiloqram çörək verirdilər. İndi Azərbaycanın minimum istehlak səbətində bir nəfərin bir aylıq çörək norması cəmi 13 kiloqramdır. Belə çıxır ki, Azərbaycan əhalisi 64 il əvvəlkindən az çörək yeyir”.
«Lider ölkənin» düşük göstəriciləri
Azərbaycanın istehlak səbətinə daxil olan ərzaq məhsullarının həcmi Rusiya və Qazaxıstanla müqayisədə də aşağıdır. Məsələn, Azərbaycandakı minimum istehlak səbətinin tərkibində əmək qabiliyyətli əhali üçün ətə olan tələbat ildə 30 kiloqram göstərilib. Halbuki, bu rəqəm Rusiyada 42, Litvada isə 56 kiloqramdır. İstehlak səbətində bəzi ərzaq məhsulları ilə bağlı müəyyənləşdirilmiş minimum normalar Rusiya ilə müqayisədə 3 dəfə aşağıdır. Məsələn, Rusiyanın baş naziri hesab edir ki, hər bir Rusiya vətəndaşı ildə ən azı 14 kiloqram balıq yeməlidir, Artur Rəsizadə isə hesab edir ki, hər bir azərbaycanlı ildə 5 kiloqram balıq yesə bəsidir.
Sovetlər əsirləri necə yedirirdi?
İndi isə Sovet İttifaqının hərbi əsirlər üçün müəyyən etdiyi gündəlik ərzaq səbətini azərbaycanlıların indiki ərzaq səbəti ilə müqayisə edin.
Çörək - 500 qram
Un (2-ci növ) - 20 qram
Yarmalar - 100 qram
Balıq - 100 qram
Bitki yağı - 20 qram
Çay - 20 qram
Kartof və tərəvəz - 600 qram
Tomat püresi - 10 qram
Bibər və qara istiot (ayda) – 4 qram
Dəfnə yarpağı (ayda) - 6 qram.
Əsirlər üçün bu qida rasionunu 1941-ci ildə Xalq Müdafiə Komissarının müavini 212 saylı qərar olaraq imzalamışdır.
“Uzunömürlü” azərbaycanlı...
Əlbəttə, Azərbaycan hökumətnin əks arqumentləri də ola bilər. Deyə bilərlər ki, almanlar da, ruslar da, əsirləri ən ağır işlərdə işlədirdilər. Bəlkə siz də azərbaycanlılarla eyni cür davranasınız. Onsuz da sizin Azərbaycan xalqına münasibətiniz almanların və rusların götürdükləri əsirlərə olan münasibətindən heç nə ilə fərqlənmir. Məhz kasıbçılıq və doyunca yeyə bilməmək səbəbindəndir ki, azərbaycanlılar qırılırlar. Orta yaşayış həddi 66 ildirsə, bunu başqa cür adlandırmaq olmaz. Həm də başqa bir faktı gözünüzün qabağına gətirin. Müharibə keçmiş insanlar arasında ən çox yaşayanlar bilirsinizmi, kimlərdir? Alman əsirliyində olanlar...(azadlıq.info)

Şərhlər