Menu

Transtremer öldü

28.03.2015, 15:39
Transtremer öldü

Martın 26-da Böyük İsveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Tumas Transtremer 84 yaşında vəfat etdi. Onu XX əsrin ən nəhəng şairlərindən biri hesab edirlər. Transtremer 2011-ci ildə “qısa və yarımşəffaf obrazları ilə bizə reallığa baxışlarımızı təzələmək imkanları” yaratdığına görə Nobel mükafatına layiq görülüb. Biz son 20 ilin ədəbiyyat üzrə Nobel mükafatçılarının çoxunu onların bu mükafata layiq görülməsindən sonra tanımağa başlamışıq. Bunun əsas səbəblərindən biri tərcümə ilə bağlıdırsa, digəri isə mükəmməl ədəbiyyat jurnallarının olmamasıdır. Transtremeri də belə tanımışıq.

İxtisasca həkim-psixoloq olan Transtremer bu peşə üzrə türmədə həddi-buluğa çatmamışlar üzrə, sonra isə iş yerlərində yüksək dozalı şüalanmaya məruz qalmış insanlarla işləmişdir. O, həm də peşəkar pianist olmuşdur. 1990-cı ildə şair ağır insult keçirdikdən sonra sol əllə yazmağı və “sol əl üçün” fortepianoda musiqilər ifa etməyi öyrənmişdir.

1990-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Okutavio Pasın “şair zamanın nə dediyini deyir” ifadəsi yada düşür. Bu ifadəni Transtremerə də aid etmək olar. Transtremer Qərbdə həm də eksperimental “xayku”nun banisi sayılır. Onun yaradıcılığında “xayku” ruhunun hökm sürməsi çox maraqlıdır. Burada iki istiqamət mövcuddur: birincisi əbədiyyətə uyğun gələn kosmik dünya, digəri isə real əşyalar aləmi, hadisələr, insan hissiyyatı və hərəkətlərdir. Bu iki səlistlik “xayku”da birləşir. Transtremerin poeziyasını oxuduqda bunu aydın görürük.

1968-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Yasunari Kavabatanın “Qarlı ölkə” romanının son hissəsində “xayku” üçün xarakterik olan əbədiliklə əlaqələndirilən kosmik plan və fenomenal dünyaya uyğun gələn reallıq verilib: “İnsanlar fəlakəti qucaqlayaraq yanğın baş verən yerdən qaçırlar, göydən isə onları Süd yolu həvəssiz seyr edir”. Bu ifadələri hansısa formada Transtremerin ölümünə də aid etmək olar.

Ədəbiyyat üzrə Nobel mükafatının tarixinə diqqət etdikdə görərik ki, 1901-ci ildən verilməyə başlanan bu möhtəşəm mükafata 108 sənətkar layiq görülüb. Bunların 25-i şairdir. Transtremerin dünyasını dəyişməsindən sonra yaşayan cəmi iki nobelçi şair qaldı: Şeymas Xini və Drek Uolkott.

Bu yazını yazmağa başlayarkən Böyük Polşa şairəsi 1996-cı ildə Nobel mükafatına layiq görülmüş Vislava Şımborskanın nobel nitqi yadıma düşdü: Bu nitqində o, şairlik sənətindən söz açır: “Bu günün şairi könülsüz olaraq özünü ürəyində şair adlandırır. Hətta deyəsən, bundan bir az da utanır. Təsadüfi yol yoldaşlarıyla müxtəlif söz - söhbətlərdə harada ki, şair öz məşğuliyyəti barədə danışmağa məcburdur - o, ya təyin olunmamış “ədib”liklə kifayətlənir, yaxud ikinci ixtisasının adını çəkir. Bildirəndə ki, onların qarşısında dayanan şairdir, avtobus sərnişinləri, ya da məmurlar onu mülayim bir qorxu və ya inamsızlıqla qəbul edirlər. Düşünürəm ki, bu cür münasibətlə filosoflar da rastlaşır. Belə ki, o özlüyündə və yeri gələndə peşəsini hansısa elmi dərəcəylə bəzəmək imkanına malikdir. Fəlsəfə elmləri doktoru - əlbəttə ki, bu, daha təmtəraqla səslənir.

Amma “poeziya elmləri doktoru” yoxdur, axı. Əgər belə olsaydı şairlik peşəsi xüsusi təhsil tələb edərdi: imtahanlar vermək, əsaslandırılmış bioqrafik izahatlar, nəhayət, təmtəraqla təqdim edilmiş diplom.”

Transtremerin də “şairlik diplomu” yox idi. Qeyd etdiyim kimi o, həkim-psixoloq idi. Xoşbətliyi isə orda idi ki, İsveşdə doğulmuş və belə bir azad ölkədə yaşamışdır. Sovetlərdə yaşasaydı ona da şair həmkarı İosif Brodski kimi “tüfeyli” damğası yapışdırar və həbs edərdilər.

Sonda 1963-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Georqos Seferisin dilimizə tərcümə olunmuş bir şerini məqaləmə əlavə etmək istəyirəm:

Ot kimi zəifdir insan

Ot kimi xudbindir,

Doyub-dolanmaq bilməməkdə də ota oxşayır-

Ot kökü kimi

Elə hey harasa sürünür, sürünür əsəbləri...

***

Biçin vaxtı çatanda

İstəyir ki, o biri sahələri

Versinlər dəryazların ağzına,

Biçin vaxtı çatanda

Biri qara ruhları qışqırığı ilə hürkütmək istəyir,

Biri bərk-bərk varından yapışır, biri nəsə naqqalıq edir.

Amma yanında bir canlı qalmayıbsa,

Dualar, var-dövlət, boş-boş söhbətlər

Adamın dadına çata bilərmi?

Bu deyilmi insan xisləti?

Məgər o, ömrü bölüşə bilməzmi?

Əkin vaxtıdı

Biçilmiş otu yığmaq vaxtıdı.

(tərcümə: Günel Mövludundur)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol