BEYNƏLXALQ BANK UĞRUNDA AMANSIZ MÜBARİZƏ - Hacıyevin istefasının səbəbi aydınlaşır

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilmiş, İdarə Heyətinin təklifinə əsasən 2014-cü ildə əldə olunmuş 25,5 milyon manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin Bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.

Yığıncaqda qeyd olunan məsələlərlə yanaşı təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, Bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Qeyd edək ki, bu gün bir neçə mənbə Beynəlxalq Banka yeni sədr təyin edildiyinə dair məlumat yayıb.

İlk olaraq bu məlumatı saytlar Beynəlxalq Banka istinadən yayıblar. Həmin məlumatda qeyd olunurdu ki, "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumatda Fərid Axundov haqda bilgi verilərək qeyd olunurdu ki, o, 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

Bu məlumat bir müddət sonra Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev tərəfindən təkzib edildi. O, saytlara bildirdi ki, Beynəlxalq Bankına yeni sədr təyin olunmayıb:“Bankın mətbuat xidmətinin rəhbəri mənəm. Mən deyirəmsə banka sədr təyin olunmayıb, demək bu doğrudur. Yayılan məlumatlar doğru deyil. Bu saata qədər hələ heç bir iclas keçirilməyib. Azərbaycan Beynəlxalq Bankından kiminsə sədr təyin olması ilə bağlı mətbuata məlumat verilməyib. Təyinat olan zaman açıqlama veriləcək”.

Ancaq bu təkzibdən bir neçə saat sonra yenidən Fərid Axundovun Azərbaycan Beynəlxalq Bankının sədri təyin edilməsi məlumatı yayıldı. Bu dəfə hətta F.Axundovun indiyədək rəhbərlik etdiyi "PASHA Bank"-dan da onun ABB-yə sədr təyin olunması barədə məlumatı təsdiqlədilər. Qeyd olundu ki, o, bu postda ötən həftə səhhətilə əlaqədar istefa verən Cahangir Hacıyevi əvəz edəcək.

Məlumatda həmçinin "Unibank"ın icraçı direktoru Cəlal Qasımovun "PAŞA Bank"ın İdarə Heyətinin sədri gətirildiyi də bildirilirdi . Qeyd edək ki, Cəlal Qasımov təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

Bəzi mənbələr F.Axundovun Azərbaycanın ən iri bankına rəhbər təyin edilməsini ABB-nin "PASHA holdinq"in nəzarətinə keçməsi prosesinin başlanması kimi xarakterizə edirdilər. Ancaq yuxarıda xəbər verdiyimiz kimi, axşam saatlarında F.Axundovun Beynəlxalq Banka gətirilməsi yenidən təkzib edildi. Bu dəfə hətta İdarə Heyəti sədrinin vəzifəsinin sədrin birinci müavini Emil Mustafayevə həvalə olunduğu da bəyan edildi.

Bu qeyd olunan məlumatlardakı təzad hakimiyyətdaxili qruplar arasında Beynəlxalq Banka nəzarət uğrunda ciddi mübarizənin getdiyindən xəbər verir. Hansı qruplaşmanın qalib gəldiyini və ya gələcəyini söyləmək çətin olsa da, Cahangir Hacıyevin də bu mübarizənin "qurbanı" olduğu ehtimalı real görünür. Burda 2 ehtimal irəli sürmək olar.

Birincisi, Cahangir Hacıyev Beynəlxalq Bankı tam öz nəzarəti altına almaq, bankın rəhbərliyinə öz adamlarını gətirmək istəyən hakimiyyətdaxili qruplardan birinin təzyiqi ilə istefaya gedib.

İkincisi, Hacıyev hakimiyyətdaxili qruplardan birinin tərəfini tutub, digərini özünə düşmən etməmək üçün istefaya gedib.

İstənilən halda Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlığın getdiyini söyləmək olar.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar