Menu

Azərbaycanda deflyasiya başladı – Yeni ixtisar dalğası gözlənilir

13.05.2015, 14:51
Azərbaycanda deflyasiya başladı – Yeni ixtisar dalğası gözlənilir

2015-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır (deflyasiya).

Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır.

Ay ərzində qarabaşaq yarmasının, balıq məhsullarının, toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, şəkər tozunun, göyərtinin, çuğundurun, kartofun qiymətlərində ucuzlaşma, düyünün, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, kələmin, kökün, soğanın, sarımsağın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşmışdır.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.

Qeyd edək ki, deflyasiya inflyasiyadan daha qorxuludur.

İQTİSADİYYAT DURĞUNLUĞA GİRƏ BİLƏR

Qiymətlərin ümumi səviyyəsində meydana gələn mütəmadi enmə hadisəsi olan deflasiya inflasiya ilə müqayisədə iqtisadiyyat üçün daha təhlükəli bir vəziyyəti göstərir. Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində şirkətlər istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır. Bir tərəfdən istehlakçılar qiymət­lərin düşməsiylə bağlı mövcud tələblərini də gecik­dirir; digər tərəfdən isə artan işsizlik az olan tələbi daha da azaldaraq iqtisadiyyatın ortasında “qara dəliyi” xatırladan deflasiya prosesinin hər şeyi udmasına və iqtisadiyyatın durğunluq həddinə gəlib çıxmasına səbəb olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol