Amma İraq hökumətinin razılığı ilə
Vaşinqtonun kürdləri silahlandırmaq barədəki planlarını şərh edən BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş deyib: «ABŞ tərəfindən İraq kürdlərinə və sünnilərə silah göndərilməsi yalnız İraq hökuməti ilə koordinasiya edilməklə, rəsmi Bağdadın razılığı ilə həyata keçirilə bilər» («TASS»).
Emissar daha sonra deyib: «Belə addımları İraq hökuməti ilə koordinasiya etmək lazımdır. Bunu birbaşa da etmək olar, amma hökumətin razılığı ilə. Əks halda ölkədə yeni üsyançı qrupların yaranması üçün böyük risklər var. İraqda onsuz da silahlı insanların sayı həddindən artıqdır. Yumşaq desək, onlar bərabər səviyyədə həm hökumətə qulaq asırlar, həm də haradasa oturmuş özlərinin siyasi liderlərinə. Odur ki, vəziyyəti bir qədər də mürəkkəbləşdirmək lazım deyil...».
Bununla belə, Kubiş qeyd edib ki, prinsipcə, İraq hökuməti belə addımlara razılıq verməyə hazırdır. Ancaq bir şərtlə ki, onunla koordinasiya edilsin: «Baş nazir Heydar əl-Abadi hətta belə dəstəkçi addımları, o cümlədən, müxtəlif sünni qruplara silah göndərmək istiqamətindəki fəaliyyəti alqışlamağa hazırdır...».
Vaşintonda nəşr olunan «Hill» qəzeti xəbər verir ki, ABŞ Konqresinin senatında İraq Kürdüstanında hökumətin nəzarəti altında olan qruplaşmalara hərbi yardımı mümkün edən qanun layihəsi üzərində işlər gedir. Aprelin sonunda Konqresin silahlı qüvvələrlə iş üzrə nümayəndələr palatası müdafiə sahəsini maliyyələşdirmək haqqında qanun layihəsini təsdiqləyib. Layihə İraqdakı «peşmərgə» adlanan kürd dəstələrini və milli sünni qvardiyasını dövlət statusuna qədər«yüksəldir» ki, bu da onlara ABŞ-dan birbaşa kömək almağı mümkün edir. Sənədə əsasən, sözügedən qruplaşmaların hazırlanmasına və silahla təchiz edilməsinə ABŞ tərəfindən «İslam Dövləti» ilə mübarizə məqsədilə İraqa ayrılması nəzərdə tutulan 715 milyon dolların ən azı 25 faizinin yönəldilməsi nəzərdə tutulur.
Bu təşəbbüs Bağdadda kəskin narazılıq doğurub. İraqın baş naziri əl-Abadi qanun layihəsini «İraqın parçalanmasına» yönəldiyini söyləyib və qeyd edib ki, xaricdən göstərilən ixtiyari dəstək ölkənin mərkəzi hakimiyyəti vasitəsilə həyata keçirilməlidir ki, İraqın suverenliyini qoruyub saxlamaq mümkün olsun. Bundan az sonra ABŞ Konqresi milli təhlükəsizlik komitəsinin sədri Maykl Makkol xəbər verib ki, Konqresin nümayəndələr palatası bu düzəlişə yenidən baxmaq qərarına gəlib.
Xatırladaq ki, ABŞ İraqda və Suriyada «İslam Dövləti»nə qarşı hərbi-hava əməliyyatları həyata keçirən «beynəlxalq koalisiya»ya başçılıq edir.
AzPolitika.info


Şərhlər