Təhsildə buraxılış və qəbul imtahanlarının nəticələri ilə bağlı son illərdə Təhsil Nazirliyinin əməkdaşlarının ətraflı və dolğun şərhlərinə rast gəlmədiyimdən, kənar bir müəllif kimi tədqiqat aparmağa başladım. Bu kiçik tədqiqat həm də mənə vətəndaş kimi bu məsələdə vəziyyətin nə yerdə olduğunu anladır.

Son illər buraxılış və qəbul imtahanlarının nəticələri ilə bağlı bir ana fikir səslənir – Azərbaycan təhsili hər il geri gedir. Bu fikirlər təxminən bu cür formalaşır:

1. TQDK hər il hesabat verir. İlbəil orta balın aşağı düşməsindən danışır, dolayısıyla təhsildə keyfiyyətin düşdüyünü iddia edir.

2. Bu o deməkdir ki, TQDK açıqlamalarıyla həm aşkar, həm də üstü örtülü olaraq Təhsil Nazirliyini nəticəsizlikdə günahlandırır.

3. Davamlı olaraq bu mövzu dərin rəqəm təhlilləri edilmədən saytlarda, qəzetlərdə və sosial mediada geniş yer alır.

4. Bu nəticələr və söhbətlər barədə eşidən BİZLƏR, yəni sadə vətəndaşlar təhsilin hər il daha da bərbadlaşdığını düşünür və dilə gətirir, yenə də Təhsil Nazirliyinin “iş görmədiyini” deyirik.

Bu həftə TQDK-nın rəsmi saytında yerləşdirilmiş statistik təhlillərə nəzərə saldım. Çox heyrətli və TQDK-nın dediyinə əks nəticələr çıxardım. Azdan-çoxdan yerli və xarici bir universitetdən iqtisadiyyat təhsilim var, böyük bir şirkətdə 2 il biznes təhlilçi işində çalışmışam. Təcrübəm məni aldatmırsa, TQDK-nın ictimaiyyətə açıqladığı rəqəmlər və fikirlər arasında ziddiyyətlər mövcuddur. İctimaiyyətə ötürülən mesajlar ictimai fikri də təhrif edir. Uzun mövzudur, rəsmi statistikadan 2 qrafiki sizinlə bölüşəcəm.

1.Təhsildə orta bal keyfiyyət indikatorlarından biri kimi istifadə edilir. 1-ci qrafikə baxın. Necə olur ki, birdən-birə 2008-ci ildə orta bal 15 bal yuxarı qalxır, sonra isə birdən-birə 24 bal aşağı düşür? Axı bir il fərqlə məzun olanların göstəriciləri arasında bu qədər böyük fərq meydana gələ bilməz. Bu qədər böyük kənarlaşma sual doğurur.

Ağıla gələn ilk variant-iddia: TQDK imtahan sualları ilə manipulyasiya edir, bəzi illər (məsələn 2008) imtahan sualları çox asan olub və ya ilbəil imtahan sualları çətinləşdirilir. 2012, 2013 və 2014-cü ilin nəticələri isə bir-birinə yaxın və uyğun nəticələrdir.

2. Qrafik 2. Son üç ildə 500-dən yuxarı bal toplayanların faiz nisbətinə baxın. Hər il nisbət artıb, bu çox yaxşıdır. TQDK isə bu barədə bizə çox danışmır.

3. 2014-cü ilin nəticələrinə baxsaq görərik ki, sənəd verənlərin 36%-i əvvəlki illərin məzunlarıdır. Yəni bir və ya bir neçə dəfə kəsilib, yenidən imtahana gələnlərdir. Əvvəlki illərin məzunları da orta balı aşağı çəkən əsas faktorlardan biridir. Bu barədə də çox da danışılmır.

4. 2014-ün nəticələrinə görə Bərdə rayonundan olan abituriyentlərin 53%-i 200 baldan aşağı nəticə göstərib. TQDK-nın qiymətləndirməsinə görə bu adamlar orta məktəbdə gərək 2 alaydılar və məzun olmayaydılar. Eynilə TQDK-nın həmin il Bərdə rayonu üzrə keçirdiyi buraxılış imtahanında şagirdlərin 61%-i həm riyaziyyat, həm də ana dilindən müvəffəqiyyət göstəriblər. Yəni hər iki fənndən 3,4,5 qiymətləri alıblar. TQDK buraxılış imtahanında Bərdə şagirdlərinin göstərdiyi nəticələri qəbul imtahanında olsaydı, o zaman tələbələrin 62%-i TQDK-nın qiymətləndirmə şkalası üzrə 200-dən çox bal toplamalı idilər, 38% isə 200 baldan aşağı nəticə göstərməli idi. Amma niyəsə eyni sistemin qiymətləndirməsi ilə qəbulda bu şagirdlərin 53%-i 200-dən aşağı nəticə göstərib.

Bu qədər böyük fərqin izahı budur ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının çətinliyi arasında fərqlər var. Bunu hər bir məntiqli adam başa düşür, amma bu qədər böyük fərqin izahını yox. Hələ nəzərə alsaq ki, buraxılış imtahanlarında pis nəticə göstərənlərin xeylisi qəbul imtahanına girmirlər, onda məsələ lap qəlizləşir.

5. Qəbul minimumu aşağı düşür. Amma bu heç də tələbələrin nəticələrinin pisləşməsinə görə deyil. Hər il qəbula sənəd verənlərin sayı azalır, universitetlərin təklif etdiyi yerlərin sayı isə artır. Sadə tələb/təklif qanununa görə qəbul minimum balı aşağı düşməlidir. Məsələn, 2006-cı ildə hər 1 yer üçün 4 nəfər mübarizə aparırdı, keçən il isə hər 1 yer üçün 3 nəfər.

Ümimiləşdirsəm - TQDK hər nə qədər ədalətli qurum olub, bir kəndçi babanın uşağının da rüşvətsiz universitetə qəbul olunmasını təmin etsə də (çox sağ olsun! Azərbaycanda ən çox hörmət edilən qurumlardan biridir, məhz ayrı-seçkiliyə yer olmadığına görə), qurulan sistem səmərəli deyil. Məktəblilərin təhsil nəticələrinin keyfiyyət baxımından təhlilini göstərməkdə bizə köməkçi olmur, yuxarıda qeyd etdiyim hallarda olduğu kimi, ictimai fikirdə xeyli qərəz də yarada bilir.

Yararlandığım mənbəhttp://tqdk.gov.az/activities/statistics/

Kənan Kərimzadə

Müstəqil blogger