Ukrayna KİV-nin verdiyi məlumata görə, Azov dənizindən və Kerç boğazından istifadə haqqında Rusiya ilə bağlanmış müqavilənin ləğvini nəzərdə tutan Qanun layihəsi Ali Radaya daxil olub. Sənəd Ukrayna parlamentinin elektron bazasında yerləşdirilib (Rosbalt).
Qanun layihəsini şərh edən mətndə deyilir ki, sənəd «baxılmaq üçün rəhbərliyə təqdim olunub».
Təşəbbüsün müəllifləri sırasında Radanın birinci vitse-spikeri Andrey Parubiyin də adı var («Xalq cəbhəsi» partiyası).
Ukraynalı deputatların denons edilməsinə çalışdıqları müqavilə Moskva və Kiyev arasında 2003-cü ilin sonunda bağlanıb. Müqaviləyə əsasən, Ukrayna və Rusiya bayrağı altında ticarət və hərbi gəmilər Kerç boğazında və Azov dənizində sərbəst gəmiçiliklə məşğul ola bilərlər. Sənədin maddələrindən birində deyilir ki, müqavilənin tətbiqi ilə bağlı bütün mübahisələr «məsləhətləşmələr, danışıqlar və digər sülhsevər üsullarla» həll olunur.
İyunun əvvəlində Ukrayna Prezidenti Pyotr Poroşenko Moskva ilə Kiyev arasındakı razılaşmaları denons edən 5 qanun imzalayıb. Onların sırasında hərbi sferada əməkdaşlıq, müvəqqəti olaraq Moldovanın ərazisində yerləşən Rusiya hərbi birləşmələrinin Ukrayna ərazisindən tranzitini nəzərdə tutan müqavilələr də yer alıb. Bundan başqa, Poroşenko məxfi informasiyaların qarşılıqlı mühafizəsi, dövlətlərarası hərbi yükdaşımalar və buna görə hesablaşmalar barədə sazişləri və hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında müqaviləni də denons edib.
AzPolitika.info


Şərhlər