Araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilir.
BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındən xəbər verir ki, prosesə ABŞ, Fransa, Norveç və Almaniya səfirlikləri buraxılıb.
Böyük Britaniya səfirlinin nümayəndələri isə başqa qapıya göndərilib, zala jurnalistin anası və bacısı qızı daxil ola bilib.
Human Rights Watch təşkilatının nümayəndəsi isə prosesə qatıla bilməyib, müxbirimiz deyir.
Vəkil Fariz Namazlı ötən gün bildirib ki, bu prosesdə əlavə şahidlərin dindirilməsinə dair verilən vəsatət barədə qərar qəbul ediləcək.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl 2014-cü il dekabr ayında həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.
* * *
APA-nın məlumatına görə, məhkəmədə Xədicə İsmayılova hakim Ramella Allahverdiyevanın iclasa sədrlik etməsinə etirazla bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı Ramazan Hadıyev isə onun vəsatətini əsassız adlandırıb.
Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra vəsatətdə tutarlı sübut olmadığı üçün təmin olunmadığı elan edilib.
X. İsmayılova məhkəmə katibinin protokollarda düzgün qeydlər aparmadığını iddia edərək onun prosesdən kənarlaşdırılması barədə də vəsatət verib. Hakim onun üç gün ərzində protokollarla tanış olmaq hüququnun olduğunu bildirib və məhkəmə bu vəsatəti də təmin etməyib.
“Azadlıq” radiosunun Bakı bürosunun nümayəndəsi, vəkil Adil İsmayılovun məhkəmədə ifadə verməsi üçün şərait yaradılması barədə də vəsatət qaldırılıb.
Məhkəmə hüquqi əsasının olmadığını nəzərə vəsatəti təmin etməyib.
Daha sonra X. İsmayılova və vəkilləri 15-ə qədər vəsatətlərinin olduğunu qeyd edərək, onların müzakirəsi üçün məhkəmədən vaxt istəyiblər.
Proses avqustun 18-dək təxirə salınıb.

Şərhlər