Menu

KEÇMİŞ DİPLOMAT MƏMMƏDYAROVU MƏHKƏMƏYƏ VERDİ - Müraciət

24.09.2015, 14:23
KEÇMİŞ DİPLOMAT MƏMMƏDYAROVU MƏHKƏMƏYƏ VERDİ - Müraciət

Xarici İşlər Nazirliyi tərəfindən daxili nizamnaməni pozmaqda, mətbuata xidməti sənədləri göndərməkdə və ölkənin siyasi rəhbərliyinə qarşı çağırışlar etməkdə günahlandırılaraq, işdən çıxarılan Azərbaycanın Avstraliyadakı səfirliyinin sabiq üçüncü katibi Anar Həsənov, “AzPolitika”ya yeni müraciət göndərib. Anar Həsənov Avstraliyadan siyasi sığınacaq almadığını bəyan etməsinə baxmayaraq, bir çox mətbuat orqanlarında hələ də bu iddiaların təkrarlanmasına etiraz edir.

Müraciətdə deyilir:

“Təkzib etməyimə baxmayaraq, bir sıra mətbuat orqanlarında Avstraliyada siyasi sığınacaq almağımla bağlı iddialar təkrar-təkrar dərc olunmaqdadır. Bir daha bildirirəm ki, hazırda Avstraliyada olmağımın səbəbi, əvvəlcədən də məlumat verdiyim kimi, sırf ailə (həyat yoldaşımın ana olmağa hazırlaşması) və maddi (yerli banklara kredit borclarımın olması) səbəblərlə bağlıdır. Ailə vəziyyətimi nəzərə alaraq, Avstraliya hökuməti humanitar əsasda müvəqqəti bu ölkədə qalmağıma icazə vermişdir.

Bundan başqa Azərbaycanın Avstraliyadakı səfirliyindəki korrupsiya əməllərini faktlarla üzə çıxarmağım və bunun müqablində XİN rəhbərliyinin həmin faktlara məhəl qoymayaraq, hətta ailə vəziyyətimi nəzərə almadan, mənə qarşı qanunsuz əməllər arxa plana atılaraq, məsələ ətrafında spekulyasiyalar etmək, tam fərqli mövzularla əlaqələndirmək cəhdləri də müşahidə olunur. Əsas diqqət yetirilməli məsələlərdən biri XİN-in dövlətin mənafelərini xarici ölkədə müdafiə edən diplomatı uzaq ölkədə belə bir vəziyyətdə qoymasıdır.

Yenə də diqqətinizə çatdırıram ki, səfirlikdəki korrupsiya əməllərinin üstünün açılması, tərərfimdən Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin çağırışına cavab olaraq edilmişdir. Onun bu məsələni araşdırıb lazımi qərar verəcəyinə inamımı da hər zaman ifadə etmişəm.

Eyni zamanda, cənab Prezidentin korrupsiya halları barədə ictimaiyyəti dövlət qurumlarını məlumatlandırmağa səsləyən çıxışına cavab olaraq, bunu etməyimin müqabilində haqsızlığa məruz qalmağım və hüquqlarımın pozulmasına cavab olaraq, 22 sentyabr 2015-ci il tarixində Yasamal məhkəməsinə elektron müraciət göndərmişəm. Ümid edirəm ki, məhkəmə şəxsən ərizə ilə müraciət etmək üçün texniki imkanlarımın olmamasını nəzərə alaraq, müraciətimin elektron formada qəbuluna imkan yaradacaq.

Uyğun vaxtda vətənə qayıdıb Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində diplomatiya, dövlət və xalqın adına ləkə gətirən, cənab Prezidentin özünə qarşı hörmətsizlik edən korrupsioner məmurlar tərəfindən pozulmuş hüquqlarımın bərpa olunmasına çalışmaq niyyətindəyəm.”

Xatlırladaq ki Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovla bağlı qalmaqal sentyabrın əvvəlində Xarici İşlər Nazirliyinin (XİN) mətbuatda yaydığı müəmmalarla dolu bəyanatla başladı. XİN Anar Həsənovu daxili nizamnaməni pozmaqda, mətbuata xidməti sənədləri göndərməkdə və ölkənin siyasi rəhbərliyinə qarşı çağırışlar etməkdə günahlandırıraq, işdən çıxarıldığını bəyan etdi.

XİN-nin bəyanatında, həmçinin, Anar Həsənovun “KİV-lərə göndərdiyi məktubda yer alan saxta ittihamları” barədə bəhs edilirdi. Diplomatın peşə etikası normalarını və XİN-in daxili nizamnaməsini pozduğu üçün geri çağırıldığı açıqlanırdı. Lakin bəyanatdan heç cür aydın olmurdu ki, Anar Həsənov həmin məktubu və iddia edilən xidməti sənədləri hansı KİV-lərə göndərib. Həmçinin həmin sənədlərdə nədən bəhs edilir və diplomatın irəli sürdüyü ittihamlar nədən ibarətdir. Çünki bu bəyanat yayılana qədər KİV-lərdən heç biri XİN-in daha bir “qiyamçı” əməkdaşı barədə heç nə yazmamışdı və onun bəhs edilən məktubunu dərc etməmişdi.

Yalnız Anar Həsənovun özünün acıqlamasından sonra baş verən qalmaqalın səbəbi aydın oldu. Anar Həsənov mətbuata açıqlamasında bildirdi ki, əslində Avstraliyadakı səfirlikdə hökm sürən korrupsiya faktları haqda Bakıdakı rəsmi orqanları məlumatlandırdığı üçün işdən qovulub və təqib edilir.

O deyib ki, səfir Rövşən Cəmşidovun və səfirliyin maliyyə müşavirinin maliyyə maxinasiyaları barədə faktları rəsmi orqanlara göndərib. Əvəzində isə diplomatik xidmətdən qovulub.

Səfirlikdəki korrupsiya barədə keçmiş diplomat bunları deyib: “Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənib”.

O həmçinin deyib ki, Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları barədə bu ilin iyulun 7-də Bakıda dövlət orqanlarına məlumat göndərib: “Prezident Administrasiyasından və Ombudsmandan cavab gəldi ki, qeyd etdiyim faktlar araşdırılacaq. Amma araşdırılmaq əvəzinə xarici işlər nazirinin əmri ilə xidmətdən geri çağrıldım. Xanımım hamilə olduğu və tayyarədə uçmasına həkimlər icazə vermədiyi üçün Bakıya dönə bilməmişik. Ona görə bu bahalı ölkədə yalnız yerli qeyri-hökumət təşkilatlarının yardımlarının ümidinə yaşaya bilirik”.

Keçmiş diplomat onun Avstraliya hökumətindən siyasi sığınacaq istəməsi barədə yayılan məlumatların da yalan olduğunu bəyan edib: “İftiranı o dərəcəyə çatdırıblar ki, guya mən ölkənin siyasi rəhbərliyini ittiham etmişəm. Əslində isə mən cənab prezidenti dəstəkləyirəm, onun ictimaiyyəti korrupsiya ilə mübarizəyə, dövlət orqanlarını məlumatlandırmağa səsləyən çağırışına əməl etmiş, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin əlbir olaraq dövlət büdcəsini mənimsəmələri ilə bağlı faktları üzə çıxartmışam”.

Anar Həsənovun təkzib etməsinə rəğmən, onun hələ də Avstraliya hökumətindən siyasi sığınacaq istəməsi kimlərinsə bunda maraqlı olduğunu düşünməyə əsas verir.

Elman İsmayıllı

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol