Azərbaycan Rusiyadan yeni döyüş vertolyotları alıb
Fevralın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıblar.
Nazirliyin rəhbərliyi sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim olunub.
General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub.
Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Bu arada Rusiya mediasının xəbərinə görə, bu ay Azərbaycanın Rusiyadan aldığı 24 ədəd `Ми-35М` vertolyotlarının hamısı ölkəyə çatdırılıb. Vertolyotlar Rostovdakı `Rostvertol` zavodunda istehsal olunublar.
AzVision.az-ın məlumatına görə, 360 milyon dollar dəyərindəki sövdələşmə 2010-cu ilin sentyabrında imzalanmışdı.
Qeyd edək ki, `Mi-35M` vertolyotları düşmənin zirehli texnikasını məhv etmək, öz qoşunlarının hücumuna dəstək vermək, desant çıxarmaq, yaralıları evakuasiya etmək üçündür. Bu hərbi maşınlar `Mi-24B ` vertolyotunun modifikasiyasdır.
Vertolyot 2012-ci ilin sentyabrından Rusiya Ordusunda istifadə olunur. Azərbaycandan başqa, Braziliya və Venesuela da bu vertolyotdan alıblar.
Hərbu tapşırığa gedərkən vertolyot ikilüləli, 23 mm çaplı `QŞ-23L` topu ilə, tank əleyhinə raketlərlə və 80 mm-lik idarə olunmayan raketlərlə (`Şturm-B`, yaxud `Ataka-M`) silahlanır.
Ekipaj 2 pilot və 1 texnikdən ibarətdir. 8 sərnişin tutur. 2400 kiloqrama qədər yük qaldıra bilir.
Maşın 2200 at gücündə olan mühərriklə təchiz olunub. Maksimal sürəti 300 km/saat dır. Döyüş radiusu 450 km, uçuş hündürlüyü (`tavanı`) 3150 metrdir.
Vertolyot müasir naviqasiya və müdafiə vasitələri ilə təchis olunub.




Şərhlər