«Bəlkə Tahir bəyin ayağı bizlərə düşdü. Onun təmsil olunduğu iqtidarların ömrü 1 ildən çox olmur»
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 1 noyabr parlament seçkilərinin nəticələri ilə bağlı qısa, amma maraqlı məqalə yazıb. "AzPolitika" partiya sədrinin məqaləsini təqdim edir:
"Parlamentin yenidən təşkili prosesi yekunlaşır. Qəribə ölkədə yaşayırıq. Seçkidən seçkiyə vəziyyət eybəcərləşir.
Yazdıqlarıma bir nəfər "dialoq" eyhamı yazır. Birdən düşünər ki, cavab verməyə çətinlik çəkirik. Ona görə bildirirəm ki, mən yenə də dialoq tərəfdarıyam. Hesab edirəm ki, gələcəyimiz xatirinə hakim qüvvə ilə danışaraq, vəziyyəti dəyişmək mümkündür. Dəyişimin başqa ssenariləri də var- Liviya, Misir, Suriya, Yəmən, İraq və s. Bunların heç birini mən istəmirəm. Bütün seçimlərdə təkamül inqilabdan yaxşıdır.
O başqa məsələdir ki, qərar verənlər bizi o ssenarilərə sürükləyirlər. Bəlkə kimlərəsə törətdikləri cinayətlərin izini silmək, tarixin mühakiməsindən yayınmaq, kütbeyin ətraflarına gələcək qurmaq üçün elə bu dövlətin dağılması sərf edir. Biz belələrinin bizə sırımaq istədiklərini qəbulmu etməliyik?
Demokratik ölkələrdə müxalifət hakimiyyət qədər bacarıqlı və kreativ olur. Avtoritar ölkələrdə isə müxalifətin müqəvvasını hakimiyyət özünə oxşadır. Diqqət edin, Ədalət partiyasını, hörmətli baş prokurorumuz, hüquq elmləri doktoru, uzun müddət hakimiyyət nomenklaturası sayılan şəxslərin parlament fəaliyyətinə xitam verilməsini tələb edən İlyas İsmayılovu, Vəhdət partiyasının təmsilçisi, isteriyasından başqa heç nəyi ilə yadda qalmayan keçmiş Ali Məhkəmə sədri Kərimli ilə əvəzlədilər. Əvəzlənmə bilavasitə olmasa da, hər halda yerdəyişməni görməmək mümkün deyil. Bu misal, qətiyyən adıçəkilən 2 şəxsin bir arada müqayisəsi kimi başa düşülməməlidir. Bu 2 deputat arasında fərq İlyas müəllimin xeyrinə o qədər böyükdür ki, müqayisə gülüş doğurar. Mübaliğəsiz deyə bilərəm ki, hakimiyyət bu dəyişiklikdə İlyas müəllimlə Tahir bəy arasında bütün mənalarda olan məsafə qədər geriləyib.
Beləliklə, intellektin, sambalın nümunəsi ola biləcək İlyas İsmayılovun siyasi ağırlığına tab gətirə bilməyənlər, cənab Prezidenti Kərimlinin uyğunluğuna inandıra biliblər. Bəlkə YAP çoxluğu hörmətli İsmayılovun qaldırdığı əsaslı problemlərin qarşısında aciz qalıb, Tahir Kərimlini özlərinə bab biliblər. Olsun. Bəlkə Tahir bəyin ayağı bizlərə düşdü. Onun təmsil olunduğu iqtidarların ömrü 1 ildən çox olmur. Yəqin 1 ili çıxmamış parlamentdə yeni isteriyanın şahidi olarıq. İnşallah."


Şərhlər