Bakı klanı "köhnə qvardiyanın" biznes imperiyasını sarsıtmaq üçün vergilər nazirini “ön cəbhə”yə çıxarıb

Vergilər Nazirliyi prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubova məxsus biznes obyektlərində yoxlamalara start verib. Oliqarxa məxsus “Ay işığı” restoranlar şəbəkəsində və Şamaxıdakı “Şərədil” istirahət mərkəzində vergi auditorları təftişə başlayıblar. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbənin məlumatına görə, vergi yoxlamaları gözlənilməz olub: “Çünki indiyədək bu obyektlərin vergi orqanları ilə problemləri olmayıb. Vergi ödənişləri və qeyri-rəsmi ödənişlər qarşılıqlı anlaşma şəraitində ödənilib. Yoxlamanın gedişində obyektlər bir neçə gün fəaliyyətini dayandırmalı olub və bu, müəssisə rəhbərliyinin narazılığına səbəb olub. B.Əyyubovun məsələyə müdaxilə cəhdi də fayda verməyib. Vergi auditorları göstərişin nazirdən gəldiyini və təftişin mütləq keçiriləcəyini bildiriblər. Bununla belə, vergi əməkdaşları auditin gerçək səbəbini izah etməyiblər. Yoxlamanın gedişində vergidən yayınma, xüsusilə də real dövriyyənin gizlədilməsi halları aşkarlanıb və aktlaşdırılıb. Hazırda təftiş davam edir”.

Mənbə bunu hakimiyyətdaxili çəkişmələrin təzahürü kimi dəyərləndirib: “Fazil Məmmədov uzun müddət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nüfuz dairəsində olub. Ancaq bir müddət öncə hakimiyyətdə mövqeyi xeyli güclənən, şərti olaraq Bakı klanı adlanan qrupa transfer edib. Bakı klanının isə əsas hədəfi "köhnə qvardiyanın" biznes mövqelərini sarsıtmaq və iqtisadi sektorda ön sıralara çıxmaqdır. Köhnə qvardiyanın önəmli simalarından olan Bəylər Əyyubovun obyektlərinin hədəfə götürülməsinə də bu baxımdan yanaşmaq lazımdır. Bu hələ köhnə qvardiyaya qarşı hücumların başlanğıcıdır. Seçki bitəndən və hökumət yenidən formalaşandan sonra köhnə qvardiyanın biznes imperiyasının sərhədlərini daha da kiçiltməyə start veriləcək. Bu işdə əsas ağırlıq Vergilər Nazirliyinin üzərinə düşəcək. Çünki köhnə qvardiyanın biznes imperiyasını sarsıtmaq üçün ən kəsərli alət vergi təftişidir”.

Mənbə Fazil Məmmədovun son zamanlar parlayaraq önəmli fiqura çevrilməsinin pərdəarxası məqamlarına aydınlıq gətirir: “F.Məmmədov 14 ildir nazir postunda çalışır və köhnə qvardiyanın biznesinin sərhədlərinə yaxşı bələddir. Ona görə də köhnə qvardiyaya qarşı basqıların ağırlıq mərkəzi vergilər nazirinin üzərinə düşür. Bakı klanı bundan istifadə edərək həm Kəmaləddin Heydərovun, həm də Bəylər Əyyubovun biznesini sarsıtmaq niyyətindədir. Ona görə də bu situasiyada F.Məmmədov avtomatik olaraq mərkəzi fiqurlardan birinə çevrilib. O başqa məsələdir ki, köhnə oliqarxlar yeni oliqarxa asanlıqla təslim olmaq niyyətində deyil və bütün imkanlarını səfərbər edərək vergilər nazirini zərərsizləşdirməyə çalışırlar. F.Məmmədovun rəqibləri onunla bağlı kompromat dosyesi toplayır və yuxarılara təqdim etməyə hazırlaşır. F.Məmmədov da öz növbəsində vergilər sistemini oliqarxların yaxınlarından təmizləməyə başlayıb. O, bu yaxınlarda keçmiş mühafizəçisini, hazırda isə vergi sistemində çalışan B.Əyyubovun bacısı oğlunu, K.Heydərovun bir neçə yaxın adamını işdən çıxarıb. Bundan başqa, F.Məmmədov sürətlə öz qohumlarını nazirlikdə məsul vəzifələrə daşıyır. Məsələn, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyev nazirin bacısının həyat yoldaşıdır. Bu isə Əmək Məcəlləsinə ziddir. Çünki məcəllədə yaxın qohumların tabeçilikdə işləməsi yasaqlanıb”.