BDU mətbuat xidmətinin rəhbəri akademik borca görə əlavə ödənişə dair qərarın bu təhsil ocağının istəyi olmadığını bildirib: «Kəsiri, yəni akademik borcu olan tələbələrin əlavə vəsait ödəməsi ilə bağlı Bakı Dövlət Universitetinin heç bir günahı yoxdur. Bu barədə Nazirlər Kabineti qərar verib, Təhsil Nazirliyi də əmr imzalayıb».
Bunu Azadlıq Radiosuna müsahibəsində BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, bu məsələ təkcə BDU-ya deyil, bütün ali təhsil məktəblərinə aid məsələdir: «Amma bu tələbələrin nədən narazı qaldıqları və aksiyanı niyə BDU-nun qarşısında keçirdikləri aydın deyil. Bu məsələni BDU-nun ayağına yazmaq doğru addım sayılmaz. Biz də bütün ali təhsil ocaqları kimi icraçıyıq. Əvvəl belə idi ki, kəsiri olan tələbə pul ödəməklə bir ay yay məktəbinə qalırdı. İndi isə tələbənin kredit sayı 30-dan yuxarıdırsa, alt qrupda qalan tələbə pul ödəməlidir. Kreditlərin sayı 30-dan aşağı olanda tələbə pul ödəməyəcək. Tələbə oxuyursa, dərsə davamiyyəti qaydasındadırsa, imtahan verib keçəcək. Bunu da nədənsə tələbələr şişirdib BDU-nun ayağına yazdılar».
Pərvanə İbrahimova tələbə aksiyasının qarşısının alınması üçün polislərin dəvət edilməsi ilə bağlı məlumatların da doğru olmadığını deyir. Onun sözlərinə görə, polislərin gəlişi Azərbaycanda səfərdə olan Qazaxıstan parlamentinin sədrinin həmin vaxt BDU-da olmasıyla bağlıymış.
Pərvanə İbrahimova Təhsil Nazirliyi nümayəndələrinin də iştirakı ilə sabah – fevralın 21-də tələbələrin etirazını doğuran ödəniş məsələsinin BDU-da müzakirə olunacağını da sözlərinə əlavə edib.
----------

"Azadliq"ın əməkdaşı xəbər verir ki, polsi və mülki geyimlilər aksiyanı dağıtmaq istəyiblər, lakin tələbələrin müqaviməti ilə üzləşiblər. Üç nəfərin saxlandığı deyilir. Tələbələr bir neçə nəfər aksiyaçını da mülki geyimlilərin əlindən ala biliblər.









Şərhlər