Sabiq deputatın "iqtidarı müdafiə etdiyi üçün" guya onu “qadın koloniyasında” öldürəcəklərini iddia etməsi gülünc deyilmi?
Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müvəkkilinin həyatına təhlükə olduğunu iddia edib. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dünən müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb. Müsahibimiz sabiq deputatdan bunun səbəbini soruşanda məlum olub ki, ona ciddi təhdid mesajları gəlib:
“Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, ”bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".
Vəkilin iddiasına görə, qadın məhbusların ona bu mesajı göndərməsinə səbəb G.Əhmədovanın iqtidar mənsubu olmasıdır. O deyib ki, 16 il deputat olmuş, iqtidarın təbliğatçılarından biri kimi fəaliyyət göstərən G.Əhmədovanın bu cür hədəf seçilməsi təsadüfi deyil: “Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir”.
Ancaq maraqlıdır ki, Ə.Talıbov bu mesajın kimlər vasitəsilə G.Əhmədovaya çatdırılması barədə məlumatsız olduğunu deyib. Bununla bağlı müvafiq orqanlara müraciət edib-etməyəcəyi sualına gəlincə, Ə.Talıbov bunu müvəkkili ilə müzakirə edəcəyini deyib.
“Hazırda Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasından köçürülməsi realdırmı” sualına cavabda isə Ə.Talıbov dedi ki, apellyasiya məhkəməsi yekunlaşıb, qərar da qüvvəyə minən kimi köçürülmə real görünür. Bu barədə isə artıq Qadın Koloniyasında məlumatlı olduqları üçün ona belə bir ciddi mesaj göndəriblər.
Bu iddiaların, əlbəttə nə qədər ciddi olduğu müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Ancaq bunun Gülər Əhmədovanın və onun vəzifəli havadarlarının yeni oyunu olduğu da istisna deyil. Hətta böyük ehtimalla belədir. Havadarlarının köməyi ilə tərətdiyi cinayət əməlinin müqabilində simvolik iş alan Gülər Əhmədova, görünən budur ki, 3 ili belə həbsdə yatmaq istəmir. Elə havadarları da buna çalışır. Ona görə da gah xəstə olduğu, yeriyə bilmədiyini, gah psixoloji sarsıntı keçirdiyi içtimai rəyə yeridilərək, həbsdən vaxtından əvvəl azad olunmasına zəmin yaradılır.
Ancaq görünür budur ki, həmin dövrə qədər də, Gülər Əhmədova xüsusi rejimdə qalmaq istəyir. Digər məbuslar kimi Qadın Koloniyasına köçürülməsini istəmir. Nəzərə alsaq ki, Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasından gecələr çıxardılaraq restoranları gəzdirildiyinə dair iddialar var, onun Qadın Koloniyasına getmək istəmədiyini başa düşmək olar.
Ancaq bunu əsaslandırmaq üçün gətirdiyi bəhanələr gülüncdür. Əvvala, Qadın Koloniyasında yatanlardan Gülər Əhmədovanın nə fərqi var. Onlar kimi Gülər Əhmədova da cinayət törədib. İkincisi, hardan müəyyənləşdirdin ki, Qadın Koloniyasında cəza çəkənlərin çox hissəsi iqtidarı istəməyənlərdir. Üçüncüsü və ən əsası, Gülər xanım da artıq iqtidar mənsubu deyil, MƏHBUSDUR. Yəni, onlardan biridir. Ona görə də belə iddialar yersiz görünür.
Bu oyunu kim qurur - Gülər Əhmədovanın özümü, yoxsa havadarlarımı, demək çətindir. Ancaq çox primitivdir.
Vaqif Nəsibov
AzPolitika.info


Şərhlər