Menu

“Ali məktəblərdə təhsil haqları qəti artırıla bilməz” – Etibar Əliyev

27.12.2015, 01:32

etibar"Ali məktəb rəhbərləri ödənişli təhsil alan tələbələrə güzəşt növləri barədə düşünməlidirlər"

Son devalvasiya ilə bağlı ali məktəblərdə təhsil haqlarının yüksəldilməsi barədə söz-söhbətlər gəzir. Bununla bağlı tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin maraqlı açıqlaması olub. Ekspert hesab edir ki, devalvasiyanın təhsil haqlarına təsiri olmamalıdır.

“Əhalinin indiki durumu buna imkan vermir. Manatın 1-ci və 2-ci devalvasiyasından əvvəl ali məktəblərdə təhsil haqları kifayət qədər yüksəldilib. Görsənir ki, devalvasiyadan sonra tələbə kreditlərinin reallaşdırılmasında da problemlər olacaq. Azərbaycan ali məktəbləri 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan dərhal sonra tələbələrə kiçik faizlə təhsil kreditləri verilməli idi. Bu olmadığından tələbələrin təhsil haqlarının ağırlığı valideynlərin üzərinə düşdü. Çoxsaylı valideynlər təhsil haqlarını ödəmək üçün banklardan yüksək faizlə kreditlər götürdülər. Təhsil haqları yüksəldilsə ödənişli təhsilə maraq azala və bu da ali məktəblərdə yerlərin boş qalmasına səbəb ola bilər”.

E.Əliyevin fikrincə, indiki vəziyyətdə ali məktəblərdə təhsil haqları təhsilin keyfiyyətinə adekvat olaraq müəyyənləşdirilməyib. “Varlı ölkələrin çoxunda təhsil haqları keyfiyyətə görə yüksəldilir və tələbələrə kiçik faizlə kreditlər verilir. Ancaq devalvasiyanın gətirdiyi sıxıntıları bir tərəfdən də təhsil haqlarının artırılması dərinləşdirməməlidir. Ali məktəb rəhbərləri ödənişli təhsil alan tələbələrə güzəşt növləri barədə düşünməlidirlər. Hesab edirəm ki, əksinə, təhsil haqlarında azalma olmalıdır. Bununla yanaşı qəbul prosesi zamanı dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı da artırılmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol