Etibar ƏLİYEV
-----------------
1 dollar 78 qəpik olanda bizim əskinazların parıltısı göz qamaşdırırdı. O vaxtlar restoranlarda hesabı çox vaxt dollarla ödəyirdilər, bazarlarda alış-verişin dollarla aparılması uduş hesab olunurdu. Hətta toylara çox adam nəməri dollarla salırdı. Ötən ilin fevral ayında dollar bizim manatı 5 qəpik ötdü. Qiymətlər bahalaşdı. İnsanlarımızın manata münasibəti kəskin şəkildə dəyişdi. İndi 1 dollar 1 manat 60 qəpikdir. Artıq heç kim açıq şəkildə, yəni çoxlarının artıq xatırlamadığı 78 qəpik dövründəki kimi dolları nümayişkəranə xərcləmir. Sanki dollar əskinazlarının parıltısı artıb, milli əskinazlarımız isə solmaqda davam edir. Vətəndaşlarımızın çoxu dolların ucuz olduğu vaxtda şirnikləşib kreditləri onunla götürmüşdülər. Onları qınamaq da olmaz. Bu valyutanın hiyləsindən bizim görkəmli iqtisadçılar baş açmırlarsa, adi vətəndaşlar necə baş açsınlar.
İndi ölkə vətəndaşlarının ən çox qorxduğu anlayış “devalvasiya”dır. Hər halda bu anlayışın da düşdüyü dalan olacaq. “Demokratiya” anlayışı dalana düşmədimi? İqtisadiyyat sahəsi üzrə ali təhsillilər və alimlərdən fərqli olaraq bazarda, dükanda, apteklərdə deyirlər ki, 1 dollar 3 manat olanda dalan yaranacaq.
Böyuk Amerika iqtisadçısı Con Qilbreyt (1908-2006) həmişə təmkinlə bu aforizmi işlədərmiş: “İqtisadi proqnozun yeganə funksiyası ondan ibarətdir ki, astrologiya daha respektabelli (hörmətli, ləqaqətli) görünsün”. Həqiqətən də gözəl deyimdir.
Ancaq bizdə iqtisadi proqnozlar “çiçəklənməmiş”dən qabaq da astrologiya respektabelli görünüb. Yəni, iş adamlarından tutmuş müəllimlərə kimi, çoxları qəzetləri astrologiya güşəsinə görə alıblar. İndi isə əhalinin böyük kəsimi münəccimliklə məşğuldur. İnsanlar alimlərə, ekspertlərə, qəzetlərin arxa səhifəsinə artıq inanmırlar. Öz proqnozları ilə yaşamağa başlayıblar. Məsələn, tanıdığım müəllimlərdən biri bayramqabağı aldığı 300 manat əməkhaqqının 160 manatını verib 100 dollar aldı. İndi o, gözləyir ki, 1 dollar 2 manat olsun. O, yerdə qalan pulu isə mütləq qənaətlə xərcləməlidir.
Gəlirəm dərmana. Dolların qalxması xeyli sayda xəstəliklərin arması və kəskinləşməsinə səbəb olacaq. Çünki insanlara lazımlı dərmanların qiyməti dəhşətli dərəcədə artıb. Həm də dollar artıq insanların mərkəzi sinir sisteminə də təsir edir. Dərmanların qiyməti aşağı düşəndə əhali xeyli sevinmişdi. Demək olar ki, varlı xəstə ilə kasıb xəstənin bərabərliyi yaranmışdı. Məsələn, mədə xorası üçün ən yaxşı dərmanlardan biri sayılan “Pariet” 6 manata, qaraciyər üçün ən yaxşısı sayılan “Heptral” isə ucuzlaşaraq bir qutusu 28 manata düşmüşdü. Dollar məlum zirvəyə qalxan kimi 1-ci dərman 16 manata, ikincisi isə 48 manata qalxdı. Şəkər xəstələri üçün yaxşı dərman sayılan “Siofor”-un da qiyməti demək olar ki, 2 dəfə artıb. Dollardan fərqli olaraq dərmanı alıb evə yığmaq olmur. Axı, onların istifadə müddəti var. Həm də əhali dərmanların qiymətinin belə kəskin artmasına inanmırdı. Dərmanların ucuzlaşdığı vaxtda bəlkə də fürsətdən istifadə edib, xəstəliklərin daşını müvəqqəti atanlar olub. Lakin xəstəliklərin çoxu geridönən xarakterli olduğundan tam sağalmaqdan söhbət gedə bilməz. Dərmanların qiyməti ikiqat artdıqdan sonra keyfiyyətli dərman almaq çətinləşəcək.
Ötən əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhranın adını elə-belə “depressiya” qoymadlar. Biz isə hələlik “devalvasiya” deyib - durmuşuq. Yəqin depressiyaya hələ çox var.
Azərbaycanda dolların “şıltaqlığı”na qarşı manatın “üzməsi” təklif olundu. Manatın “üzən məzənnə rejimi”nə keçməsi ilə bağlı iqtisadçı ekspertlərdən biri maraqlı fikir söylədi: “Bu yazıq manata “üzməyi” siz nə vaxt öyrətdiniz ki, indi onu suya buraxırsınız? Manat “üzməyi” bacarmır, buna görə də batacaq”.
Ancaq siz Allah, dərmanların qiymətini də “üzən rejimə” keçirməyin. Qoyun əhali dolların gətirdiyi xəstəliklərə qarşı normal qiymətə dərman alıb içsin.


Şərhlər