YAP-çı deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Rəbiyyət Aslanova “Yeni Müsavat” qəzetinə müsahibəsində oğlu Elnur Aslanovun "nurçu" olması haqda iddialara münasibət bildirib. Müsahibənin həmin hissəsini təqdim edirik.
- Rəbiyyət xanım, bir ana kimi oğlunuz Elnur Aslanovla bağlı ittihamlar, onun nurçularla əlaqəsi barədə yazılanlara münasibətiniz necədir?
- Bu, artıq növbəti bir mərhələdir. Bundan əvvəl eyni məsələ olmuşu. Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim. Biz evdə ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək iqtidarında olan birisiyəm. Bu, bir ana kimi məni çox sevindirdi. Başa düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad böyütdüyümə görə qürur hissi yaşadım. Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gərə bilən güclü siyasətçidir. Ona görə də onun işinə qarışmıram.
- Hakim düşərgənin təmsilçisi olaraq nə düşünürsünüz, Azərbaycanda nurçuluq təhlükəsi varmı?
- Bu xalqı, bu dövləti yaşadan və bizi bugünki uğurlara gətirib çıxaran bizim milli birliyimiz, vətəndaş həmrəyliyimiz, bir olmaq istəyimizdir. Uzun illər ulu öndərimizin bizə qoyub getdiyi bu prinsipə sədaqətimiz bu gün hamımıza güclü Azərbaycanı verib. Baxın, Azərbaycandakı prosesləri zərrəbinlə izləyən güclər, qüvvələr var. Harada bir kiçicik gərginliyin canlanmasını hiss edərlərsə, Azərbaycana qarşı elə ssenarilər başlaya bilər ki, günün birində özümüzü çox çətin durumda görmüş olarıq. Bu baxımdan müstəqilliyimizin ən böyük uğuru Azərbaycanda bu sabitliyin, iqtisadi yüksəlişin, tərəqqinin əsasında duran milli birlik, xalq-dövlət birliyidir. Sözsüz ki, bugünki durum çoxlarını narahat edir və edəcək. Ətrafımızda baş verən proseslərə, qonşu dövlətlərin vəziyyətinə baxın. Televizora baxanda adam zənn edir sanki dünya dağılır. Təbii ki, ayrı-ayrı texnologiyalar işlənilir və Azərbaycana yönəldilir. Ayrı-ayrı təriqətlərin Azərbaycana müdaxiləsi və bu təriqətlərin içərisində məmurların, dövlətlərin olması barədə informasiyalar yayılır.
- Necə bilirsiniz bu informasiyalarda həqiqət varmı?
- Dindən xəbəri olmayan insanlar bəzən səsə, küyə gedirlər. Təriqətin ardıclı olan insan bu ideyanın maddi qüvvəyə çevrilməsi üçün mütləq onu fəaliyyətində gerçəkləşdirməlidir. Yəni təriqətə daxil olubsa, həmin təriqətin mürşüdü müridinə hansı vəzifələri yerinə yetirməsini tələb edir. Azərbaycan iqtidarında öz dövlətinə və dövlətçiliyinə sadiq insanlar hansı təriqətin üzvü ola bilərlər? Bu, o qədər ağlasığmaz və o qədər xoşagəlməz ittihamdır ki. Bir anlıq düşünürsən ki, doğrudanmı insanlar elə bilirlər buna inanacaqlar? Deyirlər haqq nazilər, üzülməz. Bəzən o təriqətin mahiyyətinin nədən ibarət olduğunu bilməyən insanlar Azərbaycanda kimlərəsə böhtan atırlar. Azərbaycana ayrı-ayrı təriqətlərin daxil olması və yayılması 1990-93-cü illərdə baş verib. Sovet ideologiyasının çökməsindən sonra boş qalmış mənəvi məkan boş qala bilməzdi. Müxtəlif yerlərdən Azərbaycana vəhhabilik, nurçuluq, katoliq kilsəsinin, provaslığın ayrı-ayrı cərəyanları və Qərbdə təqib olunan cərəyanlar Azərbaycana daxil oldular. Həmin dövrdə bunlar Azərbaycanda o qədər gücləndilər ki, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər etmək məcburiyyətində qaldıq. Çünki burda məktəb açır, kurslar təşkil edir, biznes qurur, məscidlər tikirdilər, bunun qarşısını almaq lazım idi. O baxımdan bu gün dövlətçiliyə qarşı hər hansı təriqətin qarşının alınması bizim milli təhlükəsizlik məsələmizdir. Bu yolda hər kəsə qarşı mübariz olmalıyıq, adi bir gəncindən, dövlət məmuruna qədər. Ancaq bundan sui-istifadə etmək və kimlərisə vurmaq istəyi yolverilməzdir. Bu sənədləri oxuyanda 1937-ci ilin repressiya qurbanlarını xatırladım. O vaxt tanınmış ziyalılarımızı Sibirə göndərən ayrı-ayrı azərbaycanlıların imzaları var. O zaman böyük bir ziyalı elitası məhv edildi. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi ziyalılar özləri də məhv oldu, nəslindən də kimsə qalmadı. Amma onları sürgünə göndərənlərin nəslinə bir şey olmadı, cəzalarına çatmadılar. O imza sahiblərinin törəmələri bu gün də var və yəqin ki, öz babalarının genetik kodunu daşıyaraq həmin xəbisliyi yenə də davam etdirirlər. Bu gün də onlar Azərbaycan ziyalılarının yeni nəslini məhv etmək üçün hər şeyi edirlər...


Şərhlər