Mətin Məmmədli

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Son günlər cəbhədə vəziyyətin gərginləşməsinə, lokal hərbi əməliyyatların bərpa olunmasının səbəblərinə və perspektiv nəticələrinə bir çox aspektdən yanaşmaq olar. Ancaq fikrimcə məsələyə geosiyasi aspektdən yanaşsaq, daha dəqiq və əhatəli olardı. Çünki münaqişənin tarixi kökləri, inkişafı və mövcud durumu daha çox geosiyasi amillərlə bağlıdır, desək, yanılmarıq. Beləliklə, ağla ilk gələn fikir “dondurulmuş” münaqişənin bu dəfə bir qədər “açılması” kimə lazım idi sualıdır.

Sualı cavablandırmazdan əvvəl bir vacib məqamı qeyd etmək istərdim ki, torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü təmin etmək Azərbaycanın təbii hüququdur. İstənilən vaxt ölkəmiz bu hüququndan istifadə etmək haqqına sahibdir. Lakin mövcud reallıqlar səbəbindən, biz, artıq 22 ildir ki, bu hüququmuzdan istifadə edə bilmirik və qeyd etdiyimiz gerçəkliklər təəssüf ki, banal həqiqətə çevrilmişdir. Bu gün də bölgədəki reallıqlar dəyişmədiyindən Azərbaycanın hərbi əməliyyatlara başlaması inandırıcı deyil. Hətta düşmən dövlətin də hazırki vəziyyətini nəzərə alsaq, onların da öz istəkləri ilə hərbi əməliyyatları bərpa etməsinə skeptik yanaşıram. Rusiya istisna olmaqla, regionda maraqları olan digər böyük güc mərkəzləri də münaqişənin alovlanmasında maraqlı deyil. Rusiya özü də lokal hərbi əməliyyatların böyük müharibəyə çevrilməsində və davamlı olmasında maraqlı görünmür. Bu barədə daha ətraflı bir qədər sonra.

Cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin ölkə başçısının Birləşmiş Ştatlarda səfərdə olduğu dövrdə baş verməsi təsadüfi fakt kimi qəbul edilə bilməz. Son zamanlar ABŞ – Azərbaycan münasibətlərində müsbət tendensiyaların yaranması, ölkəmizin həm daxili, həm də xarici siyasətində Qərbə doğru reveransları rəsmi Moskvanı qane edə bilməzdi və göründüyü kimi etmədi də. Rusiya ənənəvi təsir üsullarına yenidən müraciət etdi və Cənubi Qafqazda aləti olan bir dövlət vasitəsi ilə bizə açıq xəbərdarlıq etdi: Qərbə doğru kurs dəyişikliyinə getmək olmaz! Ancaq Azərbaycan bu dəfə Moskvanın həmləsinə qarşı özünün ənənəvi mövqeyini sərgiləmədi və düşmənin zərbələrinə adekvat hərbi cavab verə bildi. Bu cavabın siyasi kontekstdə də davam edib–etməyəcəyini yaxın zamanlarda görəcəyik.

Hələlik isə görünən odur ki, bu gün də davam edən lokal müharibədə hərbi–siyasi uğurlarımız var. Hərbi planda onu qeyd edə bilərik ki, son 22 ildə Azərbaycan Silahlı Qüvvələri ilk dəfə olaraq (hələlik) bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yuksəkliyi azad edə bilib. Düşmənin ön cəbhə xətti yarılıb və ordumuz hərbi gücünü nümayiş etdirməyi bacarıb. Bu lokal əməliyyatlarda hərbi üstünlüyümüzü saxlaya bilsək, siyasi qazanclarımız daha böyük görünür. Uğurlu hərbi əməliyyatlarımız nəticəsində siyasi dividentlərimizi sıralasaq belə bir siyasi mənzərə alınar :

- Azərbaycan, Ermənistan və onun havadarlarına Ordumuzun döyüş qabiliyyətini, torpaqlarımızın işğaldan azad etmək əzmimizi nümayiş etdirir. Bu fakt danışıqlar prosesində mövqelərimizi gücləndirə bilər.

- Dünya birliyi münaqişənin uzun müddət “dondurulmuş“ vəziyyətdə qalmasının mümkün olmadığını və təhlükəli olduğunu aydın dərk etdi.

- Qərbin, Rusiyaya və onun forpostu olan Ermənistana münaqişənin ədalətli, beynəlxalq hüquqa uyğun həlli ilə bağlı təzyiqləri artırmaq baxımından real mühit yarandı.

- Nəhayət, cəbhədə əldə olunan hərbi uğurlar qələbə əhval–ruhiyyəsi yaradır və bu da ölkə daxilində milli həmrəyliyin yaranmasına, ayrı–ayrı siyasi, sosial qruplar arasında qarşılıqlı etimadın güclənməsinə təkan verə bilər.

Bir məsələni xüsusi qeyd etmək istərdim ki, müasir dünyada və beynəlxalq münasibətlər sistemində güc amili hər şeyi həll etməsə də, çox məsələləri həll edir. Xüsusilə, bizim kimi mürəkkəb regionda yerləşən və böyük olmayan dövlətlər də bu amili nəzərdən qaçırmamalıdır. Yalnız öz siyasi, hərbi, iqtisadi gücümüzə arxalanmaqla, uzun illərdi davam edən və milli maraqlarımızı təhdid edən status-kvonu dəyişdirməyə nail ola bilərik. Təbii ki, eyni zamanda yerləşdiyimiz bölgədə gedən prosesləri də üzləşdiyimiz etno–siyasi münqaşənin həllinə təsir göstərəcək amillər sırasına daxil edə bilərik.

Ümumiyyətlə, keçmiş SSRİ ərazisində mövcud olan etno – siyasi münaqişələrə post–sovet məkanında gedən geosiyasi proseslərin təzahür formasi kimi yanaşılmalıdır. Rusiya, post–sovet məkanını təsir dairəsində saxlamaq üçün yaranmasında iştirak etdiyi etno–siyasi münaqişələrdən istifadə edir, bu münaqişələrin uzun müddət “dondurulması”na çalışır. Belə bir siyasət bölgə dövlətlərinin xüsusilə Qərbə inteqrasiyasının qarşısını almağa xidmət edir. Dağlıq Qarabağ münqaişəsinin saxlanmasında və həll olunmasına mane törətməkdə də əsas məqsəd Azərbaycanı, Ermənistanı və bütövlükdə regionu öz təsir dairəsində saxlamaqdır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycanla Qərb arasında yaxınlaşmanı həzm edə bilməyən Rusiya, münaqişəni müvəqqəti alovlandırmaqla bölgədə maraqlarını təmin etməyən proseslərin qarşısını almağa çalışır. Rusiya, bir çox əsaslı səbəbdən münaqişəni böyük və uzun müddətli müharibəyə çevirməkdə hal–hazırda maraqlı deyil. Əsas səbəblərdən biri onunla bağlıdır ki, Rusiyanın Ukrayna böhranına görə Qərblə münasibətləri kifayət qədər kəskinləşib və iqtisadi sanksiyalar, eyni zamanda neftin qiymətinin kəskin düşməsi şimal qonşumuzun həm iqtisadi, həm də siyasi resurslarını xeyli azaldıb. Təsadüfi deyil ki, Moskva Suriyada da hərbi iştirakını xeyli məhdudlaşdırmağa məcbur oldu. Digər vacib səbəb Rusiyanın Azərbaycanla heç də pis olmayan və qarşılıqlı mənfəətə əsaslanan münasibətlərinin olmasıdır. Ermənilər tərəfindən münaqişəyə birbaşa cəlb olunmaqla, Moskva Azərbaycanın geosiyasi seçimini konkretləşdirməsinə və birdəfəlik Rusiyadan uzaqlaşmasına səbəb olar. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan da bölgədə Rusiyanın həyati maraqlarını təhdid edən addımlardan çəkinir, məsələn, Şimali Atlantika bloku (NATO) və Avropa İttifaqı ilə münasibətlərdə məsafə saxlayır, bu qurumlara, avro–atlantik məkana inteqrasiyasını dərinləşdirmir.

Daha bir vacib nüansı qeyd etmək istərdim ki, son zamanlar Qərbdə Azərbaycanın ərazi bütövlüyü məsələsinə, torpaqlarımızın işğalı faktına ədalətli mövqe formalaşdığı sezilir. Azərbaycan prezidentinin ABŞ–nın vitse-prezidenti və dövlət katibi ilə görüşlərində səslənən bəyanatlar, AŞPA prezidentinin erməni hərbi qüvvələrini işğal etdikləri torpaqlarımızdan çıxarılmasına çağıran bəyanat verməsi, Birləşmiş Ştatlar Konqresinin Dağlıq Qarabağ ermənilərinə humanitar yardımı dayandırması və s. məqamlar bizə belə düşünməyə əsas verir. Fikrimizcə, Qərb post–sovet məkanında Rusiya ilə geosiyasi qarşıdurması gücləndikcə, bu məkanda mövcud olan və Moskva tərəfindən idarə edilən etno–siyasi münaqişələrə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinə də münasibətdə mövqeyində pozitiv korrektələr edir.

Rusiyanın hərbi əməliyyatların davam etməsinə fəal müdaxilə etməməsi və bəzi istisnalarla susqunluq nümayiş etdirməsi də müəyyən suallar doğurur. Bəzi ehtimallar səsləndirilir, ancaq ən ehtimal olunan variant odur ki, qısa müddət sonra Rusiya son gərginlikdən də yararlanmağa çalışacaq. İlk növbədə özünün “ali arbitrliyini“ tərəflərə təklif edəcək və əsas cəhdləri ona yönələcək ki, Dağlıq Qarabağda da “sülhməramlı qüvvələr“ adı altında hərbi qüvvələrini yerləşdirsin. Rusiya bu məqsədinə çatarsa, Azərbaycan ərazilərində də hərbi bazalara malik olacaq və beləliklə də, ölkəmizin müstəqilliyinə, regionun təhlükəsizliyinə böyük təhdidlər yarana bilər. Bu səbəbdən də ölkə rəhbərliyinin rusların ehtimal olunan bu məkirli və təhlükəli planının həyata keçməsinə ciddi müqavimət göstərəcəyini gözləmək olar.

Bir ölkə və dövlət olaraq problemlərimiz kifayət qədərdir, ancaq onlardan ən əsası ərazilərimizin bir hissəsinin işğala məruz qalması, kənardan yaradılan mürəkkəb, zorakı etno–siyasi münaqişəyə cəlb olunmağımızdır. Nə zaman milli maraqlarımıza uyğun, doğru yolla irəliləməyə cəhd etsək başımız üzərində “Domokl qılıncına“ çevrilən bu münaqişədən bizə qarşı istifadə etməyə çalışıblar və çalışmaqdadırlar. Buna baxmayaraq, bir xalq olaraq doğru bildiyimiz yolla səbrlə, ehtiyyatla, əzmlə davam etməliyik. Necə deyərlər, tunelin sonunda işıq görünür, o işıq bizim gələcək böyük uğurlarımızın müjdəçisidir.