Xarici KİV-in yaydığı məlumatda deyilir ki, dünyada kasıblar varlılardan 30 il az yaşayırlar, çünki ucuz (aşağı keyfiyyətli) ətlə qidalanırlar (TASS).
Qlazqo alimləri (Şotlandiya) müəyyən ediblər ki, emaldan keçirilmiş və müxtəlif qida əlavələri ilə «doydurulmuş» ucuz qırmızı ət istehlak etmək uzunömürlülüyə birbaşa təsir göstərir.
Britaniyanın «Independent» qəzetinin yazdığına görə, şotlandiyalı sosioloqlar hələ çoxdan qeydə alıblar ki, Qlazqoda dövlətli adamlar orta hesabla, 80 ilə qədər yaşayırlar. Bu zaman kasıbların ömür uzunluğu 54 ildən yuxarı qalxmır. Əvvəllər bu fenomenin konkret səbəbi məlum deyildi. Amma bu yaxınlarda Qlazqo Unqiversiteti nəzdindəki xərçəng araşdırmaları üzrə tədqiqat İnstitutunun alimləri fenomen üzərindən sirr pərdəsini götürə biliblər. Məlum olub ki, bunun başlıca səbəbi aztəminatlı insanların keyfiyyətli qida məhsulları almaq (istehlak etmək) imkanında olmamasıdır. Ucuz (keyfiyyətsiz), emala məruz qalmış ət isə sağlamlığa ciddi ziyan vurur.
Tədqiqatlar göstərib ki, ucuz ət məhsulları istehsalçıları tərəfindən istifadə olunan çoxsaylı qida əlavələri fosfatların həzm olunmasını əhəmiyyətli dərəcədə asanlaşdırır (60,0 faiz əvəzinə, 100,0 faizə qaldırır) və bununla da həmin məhsulları sağlamlıq üçün daha öldürücü hala gətirir. Fosfatların vurduğu ziyan isə ondadır ki, onlar «telomer»ləri (orqanizmin ürək-damar xəstəliklərinə, xərçəngin inkişafına və Altsqeymer xəstəliyinə qarşı müdafiəsini təmin edən xromosomların ətraf hissələri) məhv edir.
«Bu, fərdi seçim deyl, çünki kasıblar seçim imkanında deyillər, amma qeyri-sağlam pəhrizin təsiri qaçılmaz və çox ciddidir» - deyə, Qlazqo unisversitetinin professoru Pol Şile izah edir.
Alimlərin fikrincə, emal edilmiş keyfiyyətsiz (ucuz) ət və ət məhsullarının dağıdıcı təsirini qida rasionuna kifayət qədər mevə-tərəvəz məhsulları daxil etmək yolu ilə azaltmaq mümkündür. Ət məhsullarının mütəmadi olaraq qida rasionuna daxil edilməsini də azaltmaq tövsiyyə olunur...
AzPolitika.info


Şərhlər