ABŞ dövlət katibi Con Kerri Çinin Xançjou şəhərində keçirilən “G20” sammitində bildirib ki, bir çox texniki məsələlərə görə ABŞ və Rusiya qarşılıqlı anlaşmaya gəlsələr də, bəzi problemli bəndlər hələ də qalmaqdadır. Putin isə bəyan edib ki, münaqişə yalnız siyasi yolla həll edilə bilər.
ABŞ və Rusiya Suriya üzrə razılaşmadan, hələki, xeyli uzaqdırlar - Xançjou sammiti də tərəfləri konsesusa gətirə bilmədi. Danışıqların gedişindəki əngəllər barəsində ABŞ prezidenti deyib: ”Rusiya tərəfindən güzəştə gedilmədiyi təqdirdə humanitar yardımın təmin olunmasını və münaqişənin həll edilməsinin növbəti fazasına necə keçəcəyimizin yollarını görmək çətinləşir”.
ABŞ Moskvanı onda günahlandırır ki, o, Suriyadakı zorakılığın dayandırılması ilə əlaqədar Vaşinqtonla apardığı danışıqlarda “geriyə addım ataraq” müqavilənin bağlanmasını əngəllləyib. ABŞ Dövlət Departamentindəki mənbə vəziyyəti belə izah edib: ”Rusiya bizim razılığa gəldiyimizi sandığımız bir çox məsələlərdə geriyə addım atıb, yəni biz danışıqların başlanğıc nöqtəsinə qayıdırıq”.
Rusiya prezidenti Vladimir Putin Xançjouda Braziliya, Hindistan, CAR və Çin liderlərinə müraciət edərək, deyib: ”Suriya münaqişəsini yalnız siyasi vasitələrlə həll etmək olar”.
- Gündəlikdə duran məsələlər
ABŞ və Rusiyanın Suriya ilə bağlı nəzərdə tutduqları razılaşmada bütün Suriya ərazisində atəşin dayandırılması və Hələbə humanitar yardımın çatdırılması bəndi də yer alır. Bunu ABŞ-ın Suriya üzrə xüsusi elçisi Maykl Retni silahlı müxalifətə ünvanladığı məktubunda da də təsdiq edir.
Retninin məktubunda deyilir ki, Hələbdən şimaldakı Kastello yolu hərbisizləşdirilmiş zonaya çevrilməlidir. ABŞ Əl-Qaidəyə qarşı mübarizədə öz fəaliyyətini Rusiya ilə birlikdə koordinasiya etməlidir. Məktubda həmçinin bildirilir ki, müqavimət qüvvələri həm ABŞ, həm də Rusiya ilə əməkdaşlıq etməlidirlər. Müqavilənin qüvvəyə minməsi üçün Moskva Dəməşq tərəfindən razılaşdırılmaya əməl ediləcəyinə dair təminat verməlidir. Suriyada gedən döyüşlərdə əsas gərginlik ilk növbədə Hələb rayonunda baş verib. Hər iki tərəfin hücumları nəticəsində müqavimət qüvvələrinin və eləcə də Əsəd rejiminin nəzarətindəki zonalarda, su və enerji daxil olmaqla, bütün təchizat pozulub.
- Obama: ”Biz hələlik məqsədimizdən uzağıq”
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Suriya problemi ilə bağlı ABŞ və Rusiya arasındakı razılaşmanın bir çox texniki məsələləri həll olunub, lakin hələ də bəzi mürrəkəb və vacib bəndlər qalıb. ABŞ prezidenti Barak Obama bu razılaşma ilə əlaqədar deyib ki, daha çox humanitar yardımın çatdırılması üçün Suriyadakı atəşin dayandırılması üzərində iş davam edir. Amma Obama Çində keçirilən sammitdə onu da vurğulayıb ki, ”biz qarşıya qoyulan məqsədlərdən hələ ki,uzaqdayıq”. O, həmçinin qeyd edib ki, atəşkəs barəsində əldə olunmuş əvvəlki razılaşmalar uzunmüddətli olmayıb.
ABŞ-ın və Rusiyanın hərbi məmurları müqavilənin şərtlərini razılaşdırmaq üçün bir neçə həftədir ki, görüşürlər. Obama əlavə edib: ”Bizimlə ruslar arasında həm Suriyada döyüşən tərəflərlə bağlı və həm də ki, Suriyadakı sülhün bərpası məsələsində əhəmiyyətli dərəcədə fikir ayrılığı var”.
Hal-hazırda Bəşər Əsəd rejiminin silahlı qüvvələri Hələbə hücum edirlər. Suriya rejiminin ordusu Hələbdə mövqe tutaraq, müqavimət qüvvələrinin yerləşdiyi zonanı mühasirəyə alamaq məqsədi ilə cənub istiqamətində irəliləyirlər. Bu barədə Suriya silahlı qüvvələrinin nümayəndəsi xəbər verib. Suriya ordusu, müttəfiqlərin dəstəyi ilə, Hələbdəki hərbi akdemiya zonasında mövqelərini genişləndirirlər. Hərbi akademiyanın və müqavimət qüvvələrinin yerləşdiyi rayonda amansız döyüşlər və intensiv bombardman gedir.
İnsan haqları üzrə nəzarət məntəqəsinin müşahidəçisi Rami Əbdül Rəhman deyib: ”Əgər Dəməşq bütün hərbi zonanı tutsa, onda onlar çox asanlıqla Hələbin çənubundakı Ramussaya çatıb, müqavimət qüvvələrini yenidən mühasirəyə sala bilərlər”.
V.NƏSİBOV


Şərhlər