Menu

Ana oğlunun ölümündə baş həkimi ittiham edir - "Səhiyyə Nazirliyi cinayəti ört-basdır etməyə çalışır"

23.09.2016, 17:08
Ana oğlunun ölümündə baş həkimi ittiham edir - "Səhiyyə Nazirliyi cinayəti ört-basdır etməyə çalışır"

Ucar rayonu, Qazyan kənd sakini Ələkbərova Həqiqət Mikayıl qızı "AzPolitika.info" saytı vasitəsilə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya müraciət edərək, kömək istəyir. Həkimlərin savadsızlığı və səhlənkarlığı ucbatından gənc övladını itirdiyini bildirən ana, günahkarların cəzalandırılmasını xahiş edir. Onun şikayət ərizəsini qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar Rayon Mərkəzi Xəstəxanasınn Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Tağızadənin savadsızlığı və səriştəsizliyi nəticəsində 1992-ci il təvəllüdlü, 24 yaşlı yeganə övladım Ələkbərov Rəhim Polad oğlu dünyasını dəyişdi. Balamın ölümünə səbəb olan  savadsız və səriştəsiz həkim Ramil Tağızadənin törətdiyi bu hadisə cinayət əməlidir. Ancaq hazırda bu işin üstünü Səhiyyə Nazirliyi ört-basdır etməyə çalışır. Buna görə də mən Sizə müraciət etməyi qərara aldım. İmkan vermək olmaz ki, belə bir həkim balamın qanını batırsın. Sonra gec olacaq, qurbanların sayı çoxalacaq.

14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında yüngül soyuqlaması olduğu üçün oğlum Rəhimlə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik. Orada oğlumun ağ ciyərlərini müayinə edən həkim Ramil Tağızadə bildirdi ki, ciddi heç nə yoxdur, ola bilsin bronxlarına soyuq olub, səhər gələrsiniz analiz edib müalicə yazaram.

Səhər tezdən Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik. Ramil həkimin tapşırığı ilə Rəhim qan analizi verdi və rentgen müayinəsi olundu. Rentgen edən həkim Ramil həkimə bildirdi ki, ciddi heç nə yoxdur, bronxlarına soyuq olub. Bundan sonra Ramil həkim kabinetindəki şkafdan bir ədəd antibiotik iynəsini götürüb Rəhimə vurdu. Qan analizinin cavabı çıxmadan müalicə resepti yazdı. Rəhimin atası dərhal gedib həmin resseptdə yazılan dərmanları alıb gətirdi. Həmin vaxt Rəhimin dostları Orxan, İlkin, İsrayıl və Elnur da ora gəldilər. Bundan sonra Rəhimə sistem qoşuldu.

Bu zaman ilk dəfə olaraq Rəhim intensiv öskürəyə başladı. Həkim soruşdu ki, evdə də öskürürdü. Dedim ki, yox. Sonra həkimin tapşırığı ilə tibb bacısı ikinci sistemi qoşdu. Bundan sonra öskürək artmağa başladı. Rəhimin boğulmasını görüb ambulans maşını ilə tez reanimasiya şöbəsinə gətirdik. Orada Gülşad həkimin səylərinə baxmayaraq Rəhim dünyasını dəyişdi.

Mənim oğlum Rəhim həkim Ramil Tağızadənin səriştəsizliyinin qurbanı oldu. Çünki "prob" qoymadan Rəhimə antibiotik vurdu deyə, o, şoka düşüb boğularaq öldü. Beş nəfərin gözünün qarşısında baş vermiş bu cinayət hadisəsinə görə səriştəsiz  həkim Ramil Tağızadə məsuliyyətə cəlb edilməlidir.

Mənim oğlum Naxçıvanda hərbi xidmət keçib, siqaret çəkməyib, spirtli içki qəbul etməyib, daima idman edib sağlam həyat tərzi sürüb.  Rəhimin səhhətində heç vaxt problemi olmayıb, stasionar və ambulator müalicə edilməyib. Əksinə, bu ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün tibbi müayinədən keçib sağlamlıq arayışı alıb. Rusiya Federasiyasında instituta daxil olarkən də avqust ayında növbəti dəfə tibbi müayinədən keçərək sağlamlıq arayışı alıb. Hər iki tibbi müayinədən tam sağlam çıxan Rəhimin yüngül soyuqdəymədən ölməsinə baiskar Ramil Tağızadənin səriştəsizliyi,  savadsızlığı və səhlənkarlığı olmuşdur.

Səhiyyə Nazirliyi hazırda bu həkimin əməlinin üstünü ört-basdır etməyə çalışır. Buna görə də biz inanırıq ki, nazirliyin sifarişi ilə ekspert rəyi  həkimin əməlinin üstünü ört-basdır edilməsi üçün saxtalaşdırılacaq. Çünki artıq Səhiyyə Nazirliyi ekspertin rəyi açıqlanmadan, ictimaiyyətə yalan məlumat verib ki, guya Rəhim vərəm xəstəsi olub, 14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında ağır formada xəstəxanaya gətirilib, həkimin təkidinə baxmayaraq stasionar müalicədən imtina edib.

Bütün bunlar yalandır, həkimin məsuliyyətdən yayınması üçün uydurma yalanlardı. Tibbə məlum olduğu kimi, vərəm xəstəliyinin əlamətləri, xüsusiyyətləri olur ki, bunların heç biri Rəhimdə olmayıb. Yuxarıda qeyd etdiyim kimi Rəhim idmançı olub, sağlam həyat tərzi sürüb. Daima futbol oynayıb idman edib. Onda heç vaxt tənginəfəslik, halsızlıq, qızdırma və yorulma olmayıb. Cinayətdən yayınmaq üçün Ramil həkimin ortaya atığı bu yalanları ifşa edən çoxlu sayda mötəbər və konkret subutlar var ki, bütün bunlar araşdırılmalıdır.

Bu həkimin törətdiyi əmələ görə onun barəsində qanuni tədbirlər görülməsə, qurbanların sayı çoxalacaq. Ramil Tağızadə dərman alverçisi olub, rayonun Azərbaycan küçəsində böyük bir apteki var. Dərman alverçiliyindən topladığı pullar hesabına onu Təcili Yardım Şöbəsinə baş həkim vəzifəsinə təyin ediblər. Onun savadı yoxdur.

Ramil Tağızadənin var-dövləti olsa da, bizim də İlham Əliyev kimi ədalətli Prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli Birinci xanımımız var. Allaha və Sizə ümid edirik. Sizdən çox-çox xahiş edirəm, bu şikayət ərizəmi yerində mənim və şahidlərin iştirakı ilə bütün faktları tam, hərtərəfli və obyektiv araşdırıb həkim Ramil Tağızadənin barəsində qanuna müvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz. Əlaqə telefonu: 055 586-60-70."

P. S. Şikayət ərizəsində qeyd olunan iddialarla bağlı həkim Ramil Tağızadənin və Səhiyyə Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol