Menu

RUSİYA ORDUSU SURİYADA - Müddətsiz dövrün bir illiyi

04.10.2016, 15:28
RUSİYA ORDUSU SURİYADA - Müddətsiz dövrün bir illiyi

Sentyabr ayında Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatların başlamasının bir ili tamam oldu. Əməliyyatalara başlamamışdan bir ay öncə Moskva ilə Dəməşq arasında Suriyanın Latakiya əyalətinin Himeymim rayonundakı aerodroma Rusiya aviasiya qrupunun müddətsiz olaraq yerləşdirilməsi haqqında müqavilə imzalanmışdı.

- Əməliyyatın başlanması

“TASS” informasiya agentliyinin məlumatına görə, ilk əvvəldə Rusiya qruplaşmasının tərkibinə 48 təyyarə və vertolyotlar daxil idi. Müxtəlif hesablamalara əsasən şəxsi heyətin sayı beş min hərbçidən ibarət olub. Keçən ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələri Rusiyanın “Su-24” təyyarəsini vurduqdan sonra, Moskva Himeymim aerodromuna “S-400” zenit-raket kompleksi göndərib. Bundan başqa Rusiyanın hərbi əməliyyatlarına uzaq aviasiya və Hərbi Dəniz Donanmasının 10 ədəd gəmisi də qatılıb.

- Dinc əhalinin qırılmasında Rusiyanın ittiham olunması

Rusiyanın Hərbi Kosmik Qüvvələrinin (HKQ) dəstəyi, Suriya hökumət ordusunun mövqelərini möhkəmləndirdi və 2016-cı ilin başlarında onlar hücuma keçərək, Palmira da daxil olmaqla, bir sıra mühüm şəhərləri İŞİD döyüşçülərindən təmizləyə bildilər. Amma buna baxmayaraq, Qərbdə dəfələrlə Rusiyanı Suriyanın mötədil müxalifətinə və dinc əhaliyə qarşı aviazərbələr vurmaqda ittiham ediblər. Bu ittihamları əsasən Fransanın baş naziri Manuyel Vals və ABŞ dövlət katibi Con Kerri mart ayında keçirilmiş Münxen təhlükəsizlik konfransında səsləndiriblər. Müxtəlif insan haqları təşkilatları Rusiya aviahücumları nəticəsində mülki insanlar arasında ölənlər barəsində öz məlumatlarını təqdim ediblər.

Belə ki, insan haqları üzrə Suriya müşahidə şurası (SOHR) hesablayıb ki, sentyabr ayının sonlarında Rusiya təyyarələrinin bombardmanı nəticəsində 3 min 804 nəfər həlak olub. Bu məlumatdan öncə isə Suriya insan haqları şəbəkəsi (SNHR) 2 min 704 nəfərin, Suriyadakı zorakılığın sənədləşdirilməsi mərkəzi (VDC) isə 2 min 75 nəfərin öldüyünü bildirmişdi. Ancaq Moskva bu ittihamları qətiyyətlə rədd edir. Rusiya Müdafiə Nazirliyi bombardmanlar nəticəsində təsadüfən bir neçə insanın öldüyünü təsdiqləsə də, Rusiya Hərbi Kosmik Qüvvələrinin bombardmanı nəticəsində dinc sakinlərin kütləvi qırğınını inkar edir.

- Əsəd rejiminin möhkəmlənməsi və sülhün tənzimlənməsinə başlanılması

Bu ilin mart ayında Almaniyanın “Focus” jurnalının müxbirinin əlinə keçmiş NATO-nun gizli hesabatına əsasən, Rusiya aviazərbələrinin yalınz 20 faizi İŞİD terrorçularına qarşı yönəlib. Zərbələrin qalan hissəsi, mötədil Suriya müxalifəti də daxil olmaqla, digər silahlı qüvvələrə qarşı vurulur. Həmçinin həmin sənəddə Rusiya Hərbi Kosmik Qüvvələrinin fəaliyyətinin effektivliyi barəsində də danışılır.

Amma hər necə olmasına baxmayaraq, müşahidəçilər içərisində Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının sülh prosesinin başlanmasına təkan verdiyini düşünənlər də var. ”DW” ilə söhbəti zamanı Berlindəki “Elm və siyasət” fondunun analitiki Marqaret Klyan bildirib: ”Belə demək olar ki, Rusiyanın hərbi əməliyyatları ümumi yekunda Suriyada böyük tarazılıq yaradıb və bu da öz növbəsində sülh prosesinin tənzimlənməsinin başlanğıcı olub”.

- Atəşkəs elan edilməsinə baxmayaraq, əməliyyatlar sona çatmayıb

Fevralın sonunda Moskva və Vaşinqtonun iştirakı ilə Suriyada atəşkəs rejimi elan olundu, mart ayının ortasında isə Vladimir Putin Rusiya qruplaşmasının əsas hissəsinin münaqişə zonasından çıxarılması göstərişini verdi. Putinin sözlərinə görə, o vaxta kimi Suriya əməliyyatına Müdafiə Nazirliyinin vəsaitindən 33 milyard rubl sərf etmişdi. Bəzi KİV-lər Rusiya prezidentinin bəyanatına əsaslanaraq, tələsik şəkildə Rusiya Hərbi Kosmik Qüvvələrinin Yaxın Şərqdəki hərbi əmləiyyatlarını yekunlaşdırmaları barədə məlumatlar verirdilər.

Amma sonrakı hadisələr göstərdi ki, bu haqda danışmaq tezdir. Danışıqlar dalana dirəndi, sentyabrda döyüşlər tam yeni gücü ilə vüsət aldı. Müşahidəçilərin bildirdiklərinə görə, Latakiyada əvvəlki kimi, Rusiyanın 24 zərbə təyyarəsi və ən azından on ədəd döyüş vertolyotu var ki, onların da hamısı daima hərbi uçuşlar həyata keçirirlər. Rusiya bu müddət ərzində itkilər də verib. Təsdiq edilmiş rəsmi məlumata əsasən, Suriyada 18 hərbçi ölüb, üç vertolyot və bir təyyarə vurulub.

- Rusiya Suriyada nəyə nail oldu?

“DW”-nin soruşduğu ekspertlər Rusiyanın başlıca nailiyyətinin, hərbi əməliyyatlar nəticəsində Əsəd rejiminin saxlanılması və eyni zamanda da Moskvanın Yaxın Şərqdəki nüfuzunun yüksəlməsindən ibarət olduğunu bildiriblər. Bu barədə Marqaret Klyan deyir: ”Hərbi müdaxilə, nəinki Əsədin, həm də Moskvanın Yaxın Şərqdəki mövqeyini gücləndirib. İndi Moskvasız və ya onun iradəsi əleyhinə Suriyada bircə məsələnin də həll olunması mümkün deyil”.

Analitiklər ən azından Suriya məsələsində Rusiyanın ABŞ ilə bərabər səviyyədə dialoqa qayıtdığına diqqət çəkirlər. Rusiyanın qeyri-hökumət təşkilatı olan “Xarici və müdafiə siyasəti şurası”nın rəyasət heyətinin sədri Fyodr Lukyanov qeyd edir: ”Sözsüz ki, dialoq üçün məkan genişlənib. Danışıqlar yalnız Ukraynaya aid olanda vəziyyət dalana dirənmişdi. Nə vaxt ki, Rusiya Suriyada ən mühüm faktorlardan birinə çevrildi, onda Vaşinqton Moskvaya daha çox diqqət ayırmağa və ona ciddi şəkildə yanaşmağa başladı”.

Marqaret Klyan isə bildirir ki, bu yalnız Suriya məsələsinə aiddir: ”Moskva ümid edirdi ki, Suriya əməliyyatının köməyi ilə Qərbin Ukrayna münaqişəsindəki mövqeyini yumşalda biləcək. Lakin bu özünü doğrultmadı”.

- Rusiya Suriyada nəyə nail ola bilmədi?

“DW“–ə verdiyi müsahibəsində Fyodr Lukyanov deyib: “Hər şeyi yenidən suriyalılara tapşırıb sakitcə çıxıb getmək Rusiyaya müəssər olmadı. Hələb ətrafında gedən döyüşlər bunun bariz nümunəsidir. Əsəd rejimi qələbə çala bilməsə də, o yıxılmamaq üçün kifayət qədər möhkəmlənib. Həm də ki, indi Kreml Əsədi tərk edə bilməz, çünki Rusiya ortaya çox şey qoyub”.

Marqaret Klyan bildirir ki, Rusiya bu müharibədə birmənalı şəkildə Əsəd rejiminin tərəfində dayanıb. Bu isə Moskva ilə Ankara arasındakı münasibətlərə neqativ təsir göstərib. Klyan hesab edir ki, onlar arasındakı inamsızılıq hələ də tam aradan qalxmayıb. Bundan başqa Suriyadakı aviazərbələr səbəbindən Rusiya İŞİD-in fokusuna düşüb ki, bu da ölkədə islamçı terror aktı təhlükəsini artırır.

- Yaxın gələcəkdə əməliyyatlar başa çatmayacaq

Müşahidəçilərin proqnozlarına görə, Rusiya Suriyada uzun müddətə ilişib qalacaq. Klyan deyir ki, Moskva yaxın gələcəkdə qoşunlarını çıxara bilməyəcək. Fyodr Lukyanov onun bu fikri ilə razı olsa da, ancaq vəziyyəti belə şərh edib: ”Suriya münaqişəsi barəsində danışılanda, Sovet İttifaqının Əfqanıstandakı və ya ABŞ-ın İraqdakı iştirakına bənzər təsəvvür yaranır. Belə olmayacaq. Rusiya geniş miqyaslı quru əməliyyatı həyata keçirməyəcək”.

(“Deutsche Welle”-Almaniya)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol