Yeni rəis işçilərin uniformasını da dəyişir
Hakimiyyətin ən koloritli və tipik məmurlarından olan Tağı Əhmədovun işdən çıxarılmasından xeyli vaxt keçsə də, metropoliten mövzusu öz aktuallıgını qoruyur. Bu da təkcə sözügedən nəqliyyat vasitəsindən istifadənin kütləviliyi ilə bağlı deyil, həm də bu sahənin uzun illər ona rəhbərlik edən Tağı Əhmədovun sayəsində “populyar”, daha dəqiq desək, fəaliyyəti cəmiyyətdə ən çox müzakirə olunan qurumlardan birinə çevrilməsindən irəli gəlir.
Ticarət obyektlərinin kimə işlədiyini yuxarılar da bilirdi...
İlk vaxtlarda Tağı Əhmədovun korrupsiyada ittiham olunaraq həbs ediləcəyi ilə baglı söhbətlər əksər media orqanlarını dolaşdı. Əslində, bu məlumatlar əsassız deyildi. Dotasiya ilə dolanan bir qurumun Azərbaycan kimi ölkədə təmiz, korrupsiyasız fəaliyyət göstərməsini iddia etmək nagıl həvəskarlarının işidir. Sahil metrosu üzərindəki eyni adlı ticarət mərkəzi yanarkən həmin binanın üst mərtəbəsindən qürurla yanğın yerinə baxan Tağı Əhmədovun o binada (həm də təkcə o binada deyil) necə çoxotaqlı mənzil sahibi olduğunu bilmək üçün də Eynşteyn olmaga ehtiyac yox idi. Demək istədiyimiz odur ki, onu korrupsiyada ittiham edərək həbs etmək çox da çətin iş deyildi. Bizdə olan məlumata görə, hətta yeni rəhbərlik qısa müddətdə metrodakı yeyintilərlə baglı ölkə rəhbərliyinə ciddi faktlar da təqdim etmişdir. Nəzərə alsaq ki, Zaur Hüseynov uzun illər Azərbaycanın ən böyük müəssisələrindən birində baş mühasib kimi çalışıb, bu faktları aşkarlayıb ortaya qoymaq onun üçün elə bir çətinlik törətməzdi. Təsadüfi deyil ki, yeni rəisin ilk olaraq dəyişdiyi kadrlardan biri baş mühasib olub. Burada metrodakı tikinti işlərindən tutmuş stansiyalardakı ticarət obyektlərinə kimi, o qədər mənimsəmə mənbələri var ki, onları sayıb qurtarmaq mümkün deyil. Deməli, bu obyektlərdən və reklamlardan yığılan pulların hara getdiyini “yuxarılar” da gözəl bilir. Ancaq bildirilir ki, bütün faktlara rəğmən, “yuxarılar” keçmiş rəisi cəzalandırmamaq qərarına gəlib.
Sual yaranır – NİYƏ? Tağı Əhmədovu kimlərin himayə etdiyi barədə heç nə demək istəmirik, bu barədə çox deyilib və yazılıb. Ancaq ən acınacaqlısı odur ki, səmimi olaraq korrupsiya ilə mübarizə aparmaq qararına gələn bir hakimiyyət hamının gördüyü faktlara necə göz yuma bilər? Nə qədər sadəlövh səslənsə də, bu sualı verməmək olmur.
Nə isə, reallıq odur ki, hansısa əl, bəlkə də əl deyil, hansısa səbəb Tağı Əhmədovu yığdıqları ilə bərabər sakit və qayğısız günlərə qovuşdurdu. Ancaq bugünkü metropolitenə aid xırdalıqlarına varmadan bircə faktı qeyd etmək kifayətdir: Baxın, metrodakı bütün reklamlar və ticarət obyektləri yığışdırılıb. Hansı ki, buradan daxil olan gəlirlər milyonlarla ölçülür. Ancaq bu gəlir mənbələrinin yoxa çıxması metro işçilərinin əmək haqları və digər təminatlarında heç bir fərq yaratmayıb. Əksinə, 8 mart qadınlar bayramında bütün qadın əməkdaşlara 50 manat, Novruz Bayramında isə bütün işçilərə adambaşına 50 manat pul verilmişdir. Tağı Əhmədovun vaxtında belə şey yox idi. Bu, böyük məbləğ olmasa da, hər halda yüksək maaşı olmayan metro işçiləri üçün müəyyən mənada köməkdir. Ancaq ən əsası odur ki, maaşlarda və digər məsələlərdə heç bir ciddi dəyişikliyin olmaması bir daha sübut edir ki, metrodakı ticarət obyektləri və reklamlardan yığılan pulların metro işçilərinə heç bir aidiyyatı olmayıb və həmin pullar məlum ciblərə axıb. Yəni həmin obyektlər oldu-olmadı bunun metro işçisinə nə xeyri, nə də ziyanı olub.
2 ayda metroda müsbətə və mənfiyə doğru nə dəyişib?

Nəzərə alsaq ki, yeni rəisin bu sahə ilə əvvəllər heç bir əlaqəsi olmayıb, belə dəyişikliyi tezliklə gözləmək də mənasız olardı. Ancaq sırf kollektivdəki atmosfer (metroda 5 mindən çox insan çalışır) və insanlara münasibət baxımından müəyyən yeniliklər var. Məsələn, deyilənə görə, Zaur Hüseynovun qəbuluna düşmək Tağı Əhmədovun qəbuluna düşməkdən daha asandır. Yeri gəlmişkən, bir hadisəni nəzərinizə çatdıraq. Sən demə Zaur Hüseynov təyinat alandan bir neçə gün sonra metropolitenin idarə rəisləri onun qəbuluna gələrək yeni rəisi təbrik etmək istəyiblər. Yəni təsəvvür edin ki, nazirlər yıgışib yeni baş naziri təbrikə gəliblər. Bu barədə yeni rəisə məlumat veriləndə isə o, bu cür səmimi insanları pərt edərək, işlərinin başına dönmələrini və lazım olanda özünün onları çağırtdıracağını bildirib. Necə də kövrək səhnədir! Mövzudan yayınmayaq...
Daha bir yenilik metro işçilərinə aid yeməkxana ilə bağlıdır. İşçilər insaf xatirinə bildirir ki, əvvəlki vaxtla müqayisədə yeməklərin keyfiyyəti, çeşidi və təmizliyi baxımından böyük dəyişikliklər var. Qiymətin ucuzluğu da nəzərə alınsa (1 nəfərin naharı 1-1.5 manata başa gəlir) bu hal kifayət qədər təqdirə layiqdir. Hətta deyilənə görə bəzi idarə rəisləri də burada nahar etməyə başlayıblar.
Ancaq metroda çalışanların narazı qaldığı məqamlar da var. Məsələn, T.Əhmədov işçilər təqaüdə çıxandan sonra da metroda qalıb 70 yaşına qədər işləməyə şərait yaradırdı. Yəni həm təqaüdlərini, həm də maaşlarını 70 yaşa qədər ala bilirdilər. Lakin deyilənə görə, yeni rəis bu yaşı 65-ə endirib ki, bu da yaşlı işçilər üçün heç də sevindirici xəbər deyil.
Zaur Hüseynov metro işçilərinin uniformasını dəyişmək əmri verib. Artıq Emiland firması metro işçilərindən sifarişlə ölçü götürərək, yeni dizaynda kostyumların tikilməsinə başlayıb. Və bununla da Tağı Əhmədovu simvolik də olsa xatırladan bütün əlamətlər metrodan silinməkdədir.
Sədaqətli kadrın sonu...

2003-cü ilin prezident seçkilərində bir çox seçicilər öz adlarını seçici siyahılarında tapa bilməmişdilər. O vaxt çıxış yolu ancaq məhkəmələrə müraciət edərək elə həmin gün məhkəmədən seçici hüququnu təsdiqləyən arayışı almaq idi. Təbii ki, bununla baglı müraciət edənlər də əsasən müxalif namizədə səs vermək istəyən seçicilər idi. Həmin gün məhkəmələrin qarşısında izdihamlar yaşanırdı ki, bunlardan biri də Yasamal Məhkəməsi qarşısında oldu. O vaxt məhkəmə binasından çıxan Tağı Əhmədovu tanıyan camaat ondan səsvermə hüququnu bərpa etmək üçün kömək istəyib. Bu insanların kimə səs verəcəyini təxmin edən T.Əhmədov isə “səsıız gözııza girsin” deyərək, maşınına minib qaçıb.
İndi T.Əhmədovun sədaqəti həmin seçicilərin səsinə dönüb və heç kimə lazım deyil...
CƏLAL
“Azpolitika”

Şərhlər