«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin Prezidenti R.T.Ərdoğan ABŞ-a xatırladıb ki, 2003-cü ildə Səddam Hüseyn onları İraqa çağırmamışdı. Xəbəri «RİA Novosti» agentliyi yayıb.
«Mosulun «İslam dövləti» adlandırılan terrorçu qruplaşmadan azad olunması əməliyyatlarında iştirak etmək üçün Türkiyənin haqqı 2003-cü ildə o zamankı prezident Səddam Hüseynin dəvəti olmadan İraqa girmiş ABŞ-dan az deyil» - deyə, Ərdoğan bəyan edib.
Böyüklüyünə görə, İraqın ikinci şəhəri olan Mosul 2014-cü ilin iyun ayından «İD» qruplaşmasının əlindədir. İraq hərbçiləri və onların müttəfiqləri, o cümlədən, xalq üsyançıları son zamanlar həlledici hücuma hazırlaşırdı. Bazar ertəsi - gecə İraqın Baş naziri Haydar əl-Əbadi Mosul şəhərinin «İD» qruplaşmasından azad oluması üçün hərbi əməliyyatlara başlandığını bəyan edib.
Bundan əvvəl Ərdoğan bəyan edib ki, ölkəsi qonşu İraqda baş verənlərə biganə qala bilməz və Mosulun azad olunması əməliyyatlarında iştirak etməyə hazırlaşır. İraq hakimiyyəti isə ölkə ərazisində (Başikada) Türkiyə qüvvələrinin iştirakının əleyhinə çıxış edir.
Bundan bir qədər sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, bütün beynəlxalq qüvvələr İraqda razılaşma əsasında və bu ölkənin hakimiyyət dairələrinin razılığı ilə fəaliyyət göstərməlidir.
«Mosul əməliyyatında elə ölkələr iştirak edirlər ki, onların bölgəyə heç bir aidiyyəti yoxdur. Bircə əsas göstərilir - onları Bağdad dəvət edib... Belədə, nə üçün İraq hakimiyyəti ölkəyə dəvətsiz gələnlərə etiraz etmədi? 14-15 il bundan əvvəl onları (ABŞ-ı) Səddam Hüseyn İraqa dəvət etmişdi? Amma buna baxmayaraq onlar ölkəyə girdilər. Qanlar axıdıldı, milyondan artıq insan həlak oldu. Çağdaş dünyada güclü olanlar yazılmamış və öz maraqlarına cavab verən qanunlara əsasən hərəkət edirlər» - deyə, Türkiyə Prezidenti bəyan edib.
Prezidentin sözlərinə görə, Türkiyəni bu əməliyyatlarda iştirak etməkdən çəkindirmək istəyənlərin bir məqsədi var - «İD» ilə mübarizə bəhanəsi altında bölgədə məzhəblərarası qarşıdurma toxumları səpmək planlarına mane olmaq məsələsində Ankaraya imkan verməmək. «Biz, imkan verə bilmərik ki, kimlərsə şiə və sünnüləri bir-birinə qarşı mübarizəyə sürükləsin» - deyə, Ərdoğan əlavə edib.

Şərhlər