Niyə də olmasın…

Görəsən, Azərbaycandakı qədər kimin kim olduğunu bilə-bilə insanların bir-birinə “filankəs bu qədər pulu hardan qazanıb” sualını verdiyi ikinci bir məmləkət yer üzündə varmı? Yoxdur! Bu sualı cavabını bilə-bilə verən insan sayı da Azərbaycandakı qədər heç yerdə yoxdur! Çünki həqiqəti hər kəs başqasının dilindən eşitmək istəyir və heç kəs özünü, necə deyərlər, zibilə salmaq istəmir. Ancaq heç kim anlamaq istəmir ki, bu “zibildən” bu yolla qaçmaq istədikcə daha çox zibilə və çirkaba batırıq...

Azərbaycan kimi kiçik və kimin nə ilə məşğul olduğu bilinən ölkələrdə gündəmi dəyişmək olduqca çətin və bir tərəfdən də asandır. ANS-lə Gənclər və İdman Nazirliyi arasındakı bahalı saat biznesi ilə əlaqələndirilən çəkişmə istər-istəməz hamının diqqətini cəlb etdi. Niyə?

Çünki cəmiyyət tərəflərin hansısa birinə inanmaqda tərəddüd edir. Sonda da məlum olur ki, bunların heç birinə inanan yoxdur! Təbii ki, sözügedən nazirliyi və nazirin özünü haqsız çıxaran daha çoxdur.

Xatırladaq ki, bir neçə gündür ANS Azad Rəhimovu və onun nazirliyini tənqid edərkən, mətbuatda həmin nazirin VMF şirkətinin bazardakı mövqeyinə zərbə vurması və bahalı saat biznesini az qala ANS-in əlindən almasına görə bu telekanal hücuma keçməkdə ittiham olunur. Yəni mətbuatda yazılanlardan belə aydın olur ki, Azad Rəhimovu ittiham etməzdilər, əgər onların maraqlarına toxunmasaydı... Doğrusu, biz bu yanaşmanı doğru saymırıq. Biz bu qovğanın məhz saat biznesi üstündə düşdüyünü də iddia etmirik və bunun üçün əlimizdə heç bir əsas da yoxdur. Sadəcə, gəlib çıxdığımız yerə baxın – kim kiminlə nə üstə savaşmaqda günahlandırılır...

Azərbaycanda Berluskoni yetişə bilərmi?

Bilirsiz ən acınacaqlısi nədir? Bu ölkədə nə nazirə inanan var, nə mətbuata, nə də hansısa telekanala! Artıq heç kəs soruşmur ki, nazirin adı şəxsi biznesdə niyə hallanmalıdır? Budurmu korrupsiya ilə mübarizədə xarüqələr yaradan hökumət? Yaxud özünü həqiqət ruporuna çevirərək hər cür qərəzdən uzaq olduğunu iddia edən bir telekanal heç düşünübmü ki, görəsən nədən hansısa məmuru hədəfə alan kimi əksəriyyət bunun icazəli hücum oldugunu düşünür? Və bu münasibəti necə və nədən qazanıb? İstənilən media qurumuna başqa bir bizneslə məşğul olmağı qadağan edən heç bir qanun yoxdur. Lakin hörmətli Vahid Mustafayev cənabları son müsahibəsində saat biznesilə bağlı suala cavab verərkən “o ki qaldı brendi ələ keçirmək mıəsələsinə, Azad Rəhimov mənim dostumdur, rəqibim deyil – nə istəsə qurbandır” (bəlkə də bunu ironiya ilə deyib və bunun belə də olduğuna inanmaq istərdik...) deməklə bir tərəfdən Azad Rəhimovun qanunların əksinə olaraq, nazir ola-ola bizneslə məşğul olduğunu təsdiqləyir. Digər tərəfdən bu “səmimi dostluğun” haradan qaynaqlandığı və dəqiq, qərəzsiz və vicdanlı bir media qurumunun bizneslə məşğul olan bir nazirlə necə dost olmasının mümkünlüyü barədə sual yaradır! Burada ANS rəhbərliyinin bizneslə məşğul olmasında qeyri-qanuni heç nə olmadığının altını cizməliyik. Ancaq onu da qeyd edək ki, nə bura İtaliyadır, nə də Vahid Mustafayev Berluskonidir... Azərbaycanda bizneslə və bununla eyni zamanda media, hətta biraz da uzağa gedərək siyasətlə məşğul olmaq (biz Berluskonini nəzərdə tuturuq...) boynunu cəlladın baltası altına qoymaq qədər təhlükəlidir. Çünki istənilən an səni “külli miqdarda vergidən yayınma, qanunsuz sahibkarlıq və s.” adlarla gedər-gəlməzə göndərə bilərlər! Yəni bura Berluskonilik deyil! ANS rəhbərliyindəkilərin özlərinin də eyhamla təsdiqlədikləri kimi, bizneslə məşğul olan və qanunları ayaqlayan bir nazirlə dost olması yumşaq desək, sual və suallar doğurur... Axı ən azından bu ölkədə heç bir biznes sahəsi heç kimə elə-belə verilmir və kimsə başqa birinə “qurbandı, götür apar” deyirsə, deməli bu sahə gerçəkdən də onundur, yaxud ona verilib... Və indi də ehtimal etmək olar ki, başqasına verilir.

Azad Rəhimov-ANS çəkişməsi təsadüfdürmü?

Biz bu dediklərimizlə nə nazirliyi, nə də məlum media qurumunu nədəsə ittiham etmirik, sadəcə Azərbaycandakı HAKİMİYYƏT-BİZNES-MEDİA münasibətlərinin nələrin üzərində qurulduğunu həm özümüz üçün aydınlaşdırmaga çalışır, həm də oxucularımızın bu barədə düşünməsini istəyirik. Və medianın heç də əhəmiyyətsiz bir silah olmadığını, lakin təəssüf ki, Azərbaycanda bütün inkişaf etmiş cəmiyyətlərlə müqayisədə olduqca xoşagəlməz “pozada” qaldıgını vurğulamalı oluruq. İstər-istəməz bu günlərdə Elşad İskəndərovun Dini Komitənin sədrliyindən azad olunmasını xatırlayırıq. Bəzi mətbu orqanlar “nurçu” iddiallarını önə çəkərək, həmin məmuru hədəf götürmüşdülər. Və sözsüz ki, onun vəzifədən azad olunması heç də bəzilərinin düşündüyü kimi, bu kamapaniyanın nəticəsi deyil. Əksinə, sadəcə o mətbu orqanlara həmin məmurun işdən azad olunacağı ilə bağlı məlumat ötürülmüşdü – arifə isə bir işarə yetər! Yoxsa, başqa vaxt bir çox təhlükəsizlik orqanlarının belə bilmədiyi məlumatlarla təchiz olunan bu mətbu orqanlar bir neçə ildir Azərbaycanı mötəbər beynəlxalq təşkilatlarda təmsil edən, iki ildir Dini Komitənin rəhbəri olan Elşad İskəndərovun guya Azərbaycana təhlükə törədən (?) “nurçu” cərəyanını təmsil etdiyini bilmirdilər? Bilirdilərsə, niyə susurdular? Yox əşşi, bizimkilər bilmirdilər, Ərdoğan gəldi, dedi və Azərbaycanı böyük bir təhlükədən qurtardı!!! İnanan Hacıbala müəllimin qaşitdırıb qurtardığı daşlara dönsün...

Həmin bu kontekstdə suallar yaranır. Azad Rəhimov bahalı saat biznesinin mətbuatda deyildiyi kimi ANS-ə aid olduğunu bilə-bilə bu sahəyə niyə girişib? Girişəcək başqa sahə yoxdurmu? Bunun başağrısı yaradacağını bilməyəcək qədər naşıdırmı? Yoxsa kasibçılıq üz verib hörmətli nazirimizə...! Deməli, böyük ehtimalla tərəflərin hansısa və hardasa səhvə yol verib. Bu və buna bənzər sualların cavabını yuxarıda qeyd etdiyimiz tərəflər daha yaxşı bilər. Ancaq bizim bildiyimiz odur ki, dünyada və xüsusilə bu ölkədə təsadüfi heç nə baş vermir. Əslində, bu mövzuya xeyli dərəcədə aidiyyatı olan bir məsələni qeyd etmək istəyirik. Azərbaycanda korrupsiya ilə mübarizə kampaniyasının vur-çatlasın dövründə adını çəkmək istəmədiyimiz və elə də böyük olmayan dövlət müəssisələrindən birinin rəhbər şəxsi rüşvət üstündə həbs olundu. Onun yerinə başqa biri təyin olunub. Lakin inanın ki, o müəssisədə heç nə dəyişməyib! Hətta yeni rəhbər rüşvət alınma mexanizmini belə özünə əziyyət verərək dəyişməyəyə lüzum bilməyib. Və soruşanda ki, yaxşı əvvəlkini niyə tutdular? Bilirsiz nə cavab eşidirik – çünki o, yuxarıları aldadırdı və yığılan məbləği kiçildir, yuxarılara düz məlumat vermirdi – atırdı! Bilirsiz bunu niyə haşiyə olaraq çıxdıq? Son zamanlar Azad Rəhimov mövzusunun gündəliyə tez-tez gəlməsi və adının hallandırılması onun vəzifədən çıxarılacağı ilə bağlı söz-söhbətə səbəb olub. Ancaq inandırıcı deyil ki, əgər bu nazirimiz doğrudan da (?) bizneslə məşğuldursa, bunu yuxarılarda bilmirlər. Sözsüz ki, bilirlər. Axı bu ölkədə hətta “stoyanşik”in qazandıgı qəpik-quruşun kimlə bölüşdüyü barədə suallar yaranır. Sadəcə, əgər o özünü yuxarıda qeyd etdiyimiz müəssisə rəhbəri kimi aparıbsa, deməli doğrudan da karyerasının sonu çatıb, yox əgər belə deyilsə, onda ona “Şahdag”da keçirdiyi “xizək keyfi “ və digər zövqlər halaldır! Və biz bildiyimizə görə ikinci variant daha realdır. Əgər belə olmasaydı, ona kimsə dişi-dırnagı ilə qazandıgı və o qədər də böyük olmayan tikənin bir hissəsini “götür-apar, qurbandı!” deməzdi...

CƏLAL

“Azpolitika”