“Qara bazar”da dolların məzənnəsi kəskin yüksəlib. Burada 1 dollarını 1,95 manat məzənnəsi ilə satılmağa başladığı bildirilir.
Bununla birlikdə, hüquq-mühafizə orqanları “qara bazar”la mübarizəni gücləndiriblər. Son iki gün ərzində qeyri-qanuni valyuta alqı-satqısında günahlandırılan 10-dan artıq şəxs saxlanılıb. “Qara bazar”da dolların yüksəlməsi də bununla bağlanır.
Ehtimal edilir ki, "qara bazar"da dolların bu cür kəskin bahalaşması hüquq-mühafizə orqanlarının keçirdiyi son əməliyyatlardan sonra dollar alverçiləri üçün risklərin kəskin artması, habelə "qara bazarı" dollarla təchiz edən bankirlərin işdən azad edilməsi və nəticədə təchizatın kəskin azalması ilə birbaşa bağlıdır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən dolların müəyyən edilmiş rəsmi məzənnəsi 1,7475 manatdır. Banklarda isə valyuta məhdudiyyətlə də olsa 1,81- 1,82 manata satılır.
Qeyd edək ki, 15 dekabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan "AzPolitika"ya verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb.

Şərhlər