“Bahar Enerji Əməliyyat Şirkəti” müflisləşmənin astanasındadır

Məşhurluğu Azərbaycanın sərhədlərini aşaraq Avropanı “fəth edən” “Hafka” ləqəbli sirli iş adamımız Hafiz Məmmədovun işləri deyəsən doğrudan da çox pis gedir. Zirehli avtomobildə dolaşdıgı deyilən “Hafka”nın maliyyə zirehinin çat verdiyi barədə söz-söhbətlər artıq ciddi xarakter almaqdadır. Fransada çoxlarının maraqlanmadıgı, lakin Hafiz Məmmədovun sahibləndiyi və aşağı divizionda top qovan ”Lans” klubunun oyunçularının maaşlarını ala bilməməsi xəbərindən sonra ona məxsus “Bank of Azerbaijan”ın müflisləşməsi, buradakı ixtisarlar və əmanətçilərin panikası haqda məlumatlar yayıldı. Bütün bunlar “Hafka”nın çöküşünün siqnallarıdır.

“AzPolitika.info”-ya daxil olan daha bir məlumatda isə Hafiz Məmmədova məxsus və Ziya Məmmədovun da payı olduğu bildirilən, rəsmi payçı kimi Baghlan Group, Greenfield İnternational RAFİ Oil-ə məxsus “Bahar Enerji Əməliyyat Şirkəti”nin də ağır duruma düşdüyü bildirilir. Belə ki, “Hafka”nın önəmli gəlir mənbələrindən olan şirkətdə neft hasilatı və qazma işləri minimum səviyyəyə düşüb. Mənbə bildirir ki, son dövrdə qazılan 5-6 quyu heç bir effekt vermir. Nəzərə alınsa ki, hər quyuya çəkilən xərc 8-10 milyon dollar civarındadır, vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu təsəvvür etmək çətin olmaz. Yəni bir növ bəxt, tale də “Hafka”nın üzünə gülmür. Quyulardan lazım olan miqdarda neft çıxmır ki, çıxmır. Hal-hazırda şirkətin köhnədən, hətta deyərdik ki, qədimdən qalan quyulardan çıxan az-çox neftin ümidinə qaldığı bildirilir. Yeni qazma işlərinin isə ümumiyyətlə dayandırıldıgı qeyd olunur. Bu isə bir neft şirkəti üçün müflisləşmənin astanasında durmaq deməkdir.

Həmçinin o da bildirilir ki, şirkətdə çalışan işçilər “Lans”ın oyunçuları ilə eyni aqibəti yaşamaqdadırlar. Hər ayın 4-də əmək haqqı alan işçilər artıq üstündən 1 həftəyə yaxın vaxt keçsə də 1 qəpik də pul almayıblar və maaşin nə vaxt veriləcəyi barədə də heç bir xəbər verilmir. Bu da azmış kimi, şirkətdə kütləvi ixtisarların olacağı barədə söhbətlər dolaşır.

Görünən odur ki, çökmə prosesi sözügedən “iş adamı”nın (baxmayaraq ki, əslində bu ifadə Azərbaycanın biznes mühitində ümumiyyətlə işlənməli deyil) bütün gəlir mənbələrini əhatə etməkdədir. Lakin ən çox təəssüf doğuran ona aid obyektlərdə çalışan işçilərin düşdüyü durumdur və istər-istəməz bu insanların çörəyi xatirinə hörmətli “Hafka” müəllimin bu çətinliklərdən tezliklə qurtulmasından başqa arzu edəcək bir şey qalmır.

CƏLAL

“AzPolitika”