"3-5 cavanın Avropanın hansısa ölkəsinə səfər etməsi, növbətçi bəyanatlar verməsi ilə iş bitmir, dövlət də onları bunun üçün maliyyələşdirmir"

“Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) bağlanmalıdır”. Bunu AzPolitika.info-ya açıqlamasında Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov SAM-ın fəaliyyətindən danışarkən deyib. O, xatırladıb ki,  SAM dövlət aparatında siyasi rəhbərliyə kömək məqsədilə yaradılmışdı.

“SAM dövlət aparatında siyasi rəhbərliyə kömək məqsədilə yaradılıb. Bunun nümunəsi kimi Rusiyanın Strateji Araşdırmalar İnstitutunu göstərmək olar. Güman ki, Azərbaycanda da SAM rus təcrübəsindən qaynaqlanaraq yaradılıb. Mən bir çox strateji araşdırmalar institutlarında olmuşam, əlaqələrim, təmaslarım var, müxtəlif konfranslarda iştirak etmişəm, o cümlədən Rusiya Strateji Araşdırmalar İnstitutunda. Onların mərkəzi ofisindən qəsbkar ermənilərin Azərbaycana təcavüzünü ifşa etmişəm, BMT-nin icra edilməyən qətnamələrini gündəmə gətirmişəm. Bu baxımdan SAM-ın niyə mövcud olması missiyası mənə məlumdur. Lakin indiyə qədər Azərbaycanda SAM-ın nə iş gördüyü, hansı fəaliyyət göstərdiyi məlum deyil. Yalnız bir iki xarici səfərlər, növbətçi fikirlər, növbətçi münasibətlər sərgilənir. Ortada intellektual potensialdan qaynaqlanan hər-hansı bir araşdırma, tədqiqat yoxdur. Bu yaxınlarda erməni terrorizmilə bağlı QHT-lərin bir konfransı var idi. Bu istiqamətdə Azərbaycanda İnsan Haqları İnstitutu, AMEA-nın Tarix İnstitutu müəyyən fəaliyyətlə məşğuldur, həmçinin güman ki, MTN-nin də nəzdində bununla bağlı işçi qrupu fəaliyyət göstərir. Amma bu birbaşa SAM-a aid olan məsələdir. Azərbaycan torpaqları işğal altındadır, bu ən zəif nöqtəmizdir. Bu qurum əsas işini bu istiqamətdə aparmalı, bu məsələləri dünya ictimaiyyətinə çatdırmalı, ciddi tədqiqatlar ortaya qoymalıdır. Yoxsa 3-5 cavanın Avropanın hansısa ölkəsinə səfər etməsi, növbətçi bəyanatlar verməsi ilə iş bitmir, dövlət də onları bunun üçün maliyyələşdirmir."

Politoloq deyir ki, SAM ortaya ciddi bir məhsul qoya bilməyib və bu fakt etiraf olunmalıdır. "Digər ölkələrin institutları ilə, xüsusilə də Rusiyanın bu istiqamətdə çalışan institutu ilə müqayisə edəndə aradakı fərq görünür. Rusiya institutunda Baltikyanı ölkələr, Uzaq Şərq, Qafqaz və digər regionlar üzrə şöbələr fəaliyyət göstərir. Onların mərkəzi ofisində kitabxanalarında olmuşam, özlərinin nəşr etdirdiyi kitabların sayı bir kitab dükanında olan kitabların sayı qədərdir. Hər biri də ciddi tədqiqat əsərləridir. İldə 50-60 ciddi kitab çap edirlər. Yoxsa çıxışlar toplusu çap etməklə “tədqiqatla məşğuluq” deyilə bilməz. SAM rəhbərliyinin bu günlərdə Rusiyaya qarşı səsləndirdiyi bəyanatı da tənqid etmişəm. Çünki bu çox təcrübəsiz gedişdir. Bu gün etiraf edilməlidir ki, Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ və Qərb siyasəti siyasi rəhbərliyin müdrikliyi nəticəsində balanslaşdırılmış formada aparılır. Bu siyasətin nəticəsi olaraq, bu gün Azərbaycan post-sovet məkanında müstəqil siyasət aparan dövlətdir. Bu istiqamətdə cənab Prezidentin apardığı siyasət sözün həqiqi mənasında müqayisə olunmazdır. Amma belə bir kontekstdə, Heydər Əliyevin təbirincə desək, zərif saplar üzərində oturmuş xarici siyasətdə Fərhad Məmmədovun yerli və yersiz qlobal gücə qarşı bəyanatları dövlətlərarası münasibətlərdə problemlərə yol açır. Məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu cür bəyanatlar vermək siyasi təcrübəsizlikdən irəli gəlir. Bizim bəyanat vermək üçün yetərincə politoloq ordumuz var və onlar bunu edirlər. Fərhad Məmmədovun işi isə yuxarıda qeyd etdiyim ciddi istiqamətlər üzrə məhsullar ortaya qoymaqdır”.

Adıgözəl Məmmədovun sözlərinə görə, SAM-ın belə nəticəsiz fəaliyyəti rəhbərlikdən asılıdır: “Hətta mən hesab edirəm ki, Azərbaycan timsalında SAM-a ehtiyac olması sual doğurur. Çünki AMEA-da, eləcə də müvafiq qurumlarında müəyyən spesifik tədqiqatla məşğul olan qruplar var. Prezident Administrasiyasında böyük bir ictimai-siyasi məsələlər şöbəsi fəaliyyət göstərir ki, orda yetərincə bişmiş mütəxəssislər çalışır. Bundan başqa Azərbaycanın siyasi innovasiyalar şöbəsi var. Bu qədər uğurlar içində SAM özünü göstərmədiyi üçün düşünürəm ki, bu quruma lüzum yoxdur. Əgər bu şəkildə fəaliyyət göstərəcəksə, SAM bağlanmalıdır. Dediyim kimi, Rusiyanın müvafiq qurumu ildə 60 ciddi əsər ortaya qoyur. Ola bilsin ki, bu Rusiya masştabı üçün vacibdir. Amma SAM 60 olmasın, heç olmasa 16 ciddi əsər ortaya çıxartsın. Bu baxımdan, mövcud vəziyyətdə SAM-ın mövcud olmasına ehtiyacın olub-olmaması düşündürücüdür”.

Ülkər Musazadə