Əyalət klubu olaraq “Qəbələ”nin “Xəzər Lənkəran”dan daha üstün olmasında transfer pullarının düzgün istifadəsi faktoru danılmazdır

2005-ci ilin mayında yaradılan “Qəbələ” klubunun öz 9 illik tarixində ilk ciddi uğura nail olması Azərbaycanın futbol ictimaiyyəti tərəfindən o qədər də gözlənilməz hadisə kimi qarşılanmadı. Çünki klub ilbəil bu uğura dogru irəliləyirdi. Çoxları bunu komandanın maliyyə cəhətdən ölkənin ən qabaqcıl klublarından biri olması və klubun rəhbəri olan Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun dəstəyi ilə əlaqələndirir.

Ancaq yaddan çıxarmayaq ki, tarixində ilk dəfə ölkə çempionatının bürünc mükafatçısı olan və ölkə kubokunun finalına çıxan “Qəbələ” ilə yanaşı, məsələn heç də ondan az maliyyə xərcləməyən “Xəzər Lənkəran” klubu da var. Ancaq bu klubda vəziyyət heç də ürəkaçan deyil və milyonlarla transfer parası xərclənən klub olduqca zəif təsir daşıyır. Bir-birinin ardınca tanınmış mütəxəssislər komandanın rəhbərliyinə gətirilsə də, heç biri Berti Foqsun “uğurlarından” uzağa gedə bilmədi. Deməli, pul düzgün xərclənmir və transfer siyasətində yanlışlıq var.

“Qəbələ”də bu işin daha peşəkarcasına aparıldığının şahidi olduq. Yuri Syomin kimi məşqçinin və səviyyəsinə heç kimin şübhə etmədiyi Marat İzmaylovun kluba gətirilməsi olduqca düzgün seçim idi və bir müddət bu məşqçinin uğurlu idarəçiliyi “Qəbələ”ni hətta çempionluğa əsas namizədə çevirdi. Ancaq sona yaxın nəsə çatmadı, komanda bürünclə kifayətləndi və tarixində ilk dəfə həm də avrokuboklarda iştirak hüququ qazandı.Bu isə bir əyalət klubu üçün böyük uğurdur. Deməli, digər tədbirlərlə yanaşı, transfer pulları da düz xərclənib. Kaş bu ölkədə bütün pullar bu cür ağılla xərclənəydi və öz bəhrəsini verəydi. Sözsüz ki, yalnız transfer deyil, təşkilatçılq və motivasiya ilə bağlı digər amillər də əhəmiyyətlidir. Biz bu işdə uzman olmasaq da, nəticə göz qabağındadır və sevindiricidir.

Hər halda, digər klublara da pulları düz xərcləməyi və özünü doğruldan transferlər etməyi arzulayırıq. “Qəbələ”ni isə təbrik edir və ölkəmizin ən dilbər guşələrindən birini təmsil edən komandaya daha böyük uğurlar arzu edirik!

CƏLAL

“Azpolitika”