Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb. Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir. İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə yoldaşının icazəsi olmadan onlara məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.
Ancaq təqsirləndirilən şəxs bu ittihamları rədd edir. Bildirir ki, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən ona qarşı məqsədli təşkil edilib. T.Abdullayeva Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə iddia edib ki, onların məqsədləri boşanmadan sonra ona yoldaşı tərəfindən hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə olunan bütün əmlaklara sahib çıxmaqdı.
O, eyni zamanda saxta sənədlərdən istifadə etməklə başqasına satdığı əmlakın yoldaşı tərəfindən öz səhvini əfv etdirmək üçün ona bağışlandığını bildirib. İddia edib ki, yoldaşının başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxdığından, boşanmaması üçün bu addımı atıb.

Ceyhun Yusifovun sözlərinə görə, T.Abdullayevanın saxta sənədlərdən istifadə etməsi onun bu əməli təkbaşına həyata keçirmədiyini göstərir: “Qanunsuz olaraq birgə mülkiyyətə daxil olan əmlakı satdığı vaxt – bir ildə ərzində bu adam şəxsiyyət vəsiqəsini 3 dəfə dəyişib. Gah subay, gah da ailəli olduğunu yazdırıb. Məqsəd də onlara məxsus əmlakı qanunsuz olaraq özgələşdirmək olub. O, ərinin inamından istifadə edib. Ərinin onun adına aldığı mənzili mülki qanunvericiliyin tələblərinə zidd olaraq, ərinin icazəsi olmadan, üstəlik 1, 5 milyon dəyərində olan mənzili 120 min manata özgələşdirib. Bu məqsədlə şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq evli olduğu halda, özünü subay göstərib. Bu işdə ona “Faktor lizinq” şirkətinin əməkdaşları, Səkinə adlı qadın və başqaları kömək edib. Bu da bir qrup tərəfindən qəsdən həyata keçirilmiş dələduzluq cinayətidir. Bu da sübut olunub.
T.Abdullayeva niyə aydınlıq gətirmir ki, o, ərdə ola-ola hansı səbəbdən notarial qaydada subay olduğunu göstərən ərizə yazıb (ərizənin şəkli yazıya əlavə olnur-red.). Həmin ərizədə guya həmin mənzili aldığı vaxt da, hazırda da subay olduğunu bildirir.
Ancaq öz ifadəsində göstərir ki, “Faktor lizinq” şirkətinə evli olduğumu söylədim, onlar da dedi biz bunu həll edərik. Bu da bir qrup şəxsin əvvəlcədən əlbir olaraq birlikdə cinayət törətməsidir. Notariat kontoru niyə buna yol verib? İbtidai istintaq bunlara da aydınlıq gətirməlidir. Şəxsiyyət vəsiqəsini saxtalaşdıranların, mənzilin qanunsuz satışına yol verənlərin kimliyi də istintaqın nəticəsində ortaya çıxacaq. Faktiki olaraq, iş adamına qarşı bir qrup əlbir olub, cinayət törədib”.
Vəkil daha sonra bildirdi ki, T.Abdullayevanın müvəkkili Barat Abdullayevlə bağlı söylədiklərinin yalan olduğunun məhkəmə prosesində hər kəs şahidi olacaq: “Yəqin ki, məhkəmə prosesi açıq keçiriləcək. Bu zaman kimin hansı əxlaqa malik olduğu, əxlaq normalarına nə dərəcədə əməl etdiyinin hər kəs şahidi olacaq. T.Abdullayeva evdən, bəlkə də özgələşdirdiyi mənzilin dəyərində qızıl-ziynət əşyaları götürüb. Özü də etiraf edib ki, “Faktor lizinq” MMC şirkətinə, lombardlara qoyub pul götürmüşəm. Nə məqsədlə, qoy buna aydınlıq gətirsin. Biz bununla da bağlı şikayət verə bilərdik. Ancaq Barat Abdullayev bunu istəmədi. T.Abdullayeva qoy Aqif Babayevlə mübasibətlərinə aydınlıq gətirsin. Onda kimi əxlaqının hansı səviyyədə olduğu ortaya çıxar. İnşallah, məhkəmədə bütün bunlar açılacaq”.
Qeyd edək ki, T.Abdullayeva haqqında irəli sürülən ittihamlardan biri də, onun 3 polisə xəsarət yetirməsilə bağlıdır. T.Abdullayeva bunun absurd olduğunu, zəif bir qadının polislərə xəsarət yetirməsinin mümkün olmadığını söyləyib.
Vəkil Ceyhun Yusifov bildirdi ki, əgər bir qadın öz qohumu olan həyat yoldaşına qarşı ağlasığmaz əməllət törədirsə, onun polislərə xəsarət yetirməsinə də təəccüblənmək lazım deyil: “Bununla bağlı onun özü mətbuatda videoçəkiliş paylaşıb. Həmin videoya baxanda hər şey aydın görünür. Əgər yalandırsa, yenidən yaysın, hamı da həqiqəti görsün.”
Ceyhun Yusifov sonda bildirdi ki, T.Abdullayevanın məqsədi məhkəmyə təzyiq göstərək, bir qrup şəxslə həyata keçirdiyi əmələ görə məsuliyyətdən yayınmaqdı: “Ancaq bu da mümkün deyil. Biz hüquqi dövlətdə yaşayırıq. Hakim də qərarı məhkəmə araşdırması nəticəsində əldə olunan sübutlara əsasən verir. O, hazırda mətbuatdan istifadə edərək özünü xilas etmək istəyir. Ancaq hər kəs öz əməlinə uyğun cəzasını almalıdır. Lazım gələrsə, biz də mətbuat konfransı keçirərək, onun bütün əməllərini ictimaiyyətə açıqlayacağıq”.
R. Əliyev
AzPolitika.info



Şərhlər