Fransanın “Le Monde” qəzeti Rusiya prezidenti Vladimir Putinin Krım siyasətindən bəhs edən məqalə dərc edib. Azpolitika.info “Rusiya Ukraynanı uzun müddətə zəiflətməyə cəhd edir” adlı maraqlı məqalənin tərcüməsini təqdim edir:
Kreml tərəfindən rusdilli şərqi Ukrayna regionunda sınaqdan çıxarılan taktika Putinə imkan verdi ki, heç nə olmamış kimi müttəfiq güclərin “Normandiya desant əməliyyatı”-nın 70-ci yubiley tədbirində böyük dövlətlər arasında yer tutsun.
Vladimir Putin öz xarici siyasəti ilə (Çinlə əməkdaşlığı gücləndirmək, Qazaxıstan və Belarusla Avrasiya İqisadi İttifaqının formalaşdırılması) yeni Avrasiya İttifaqı dalğasını cilovlayıb və indi isə Krımın zəbt olunmasını hamının yadından çıxarmağa çalışır. O, 23 mayda Sank-Peterburq iqtisadi forumunda Krımın Rusiyaya birləşdirilməsinin humanitar addım olduğunu qeyd etmişdi.
Qərb arenasına qayıtmamışdan əvvəl Rusiya lideri ustalıqla belə bir gediş etdi. O, iki aydan artıq Ukrayna sərhəddində saxladığı 40 minə yaxın əsgərinə geriyə çəkilmək əmri verdi. Ancaq buna baxmayaraq, xeyli sayda hərbi texnika ilə birlikdə 10 min rus əsgəri hələ də Ukrayna sərhədi yaxınlığından kənara getməyib. Hər necə olsa da, qoşunların qismən geriyə çəkilməsi DTK polkovnikinə özünün Luqanskda baş verən müharibə ilə heç bir əlaqəsi olmadığını söyləməsinə müəyyən imkanlar verir.
Hazırda Moskva ikili oyun oynayır. Bir tərəfdən rus tankları Ukraynaya müdaxilə etmirlər və onlar könülsüz olsa da yeni seçilmış prezidenti tanıyırlar, ancaq digər yandan isə Rusiya diplomatiyası ATƏT-in əli ilə ölkəni “federallaşmaya” aparmağa cəhd edir. Bu da faktiki olaraq həmin regionların öz güclü qonşularının əlinə keçməsi deməkdir.
Qoşunların geriyə çəkilməsi Rusiyanın əlində sadəcə bəhanə olaraq, yalandan bir şou göstərməkdir. Ona görə ki, Rusiya sərhəddindən Ukraynaya silah və döyüşmək üçün adamların keçirilməsi davam edir. Rusiyanın strategiyası Krımda olduğu kimi, təlimatçı zabitlər və kəşfiyyatçı casusların Donbasa göndərilməsiylə müharibəni alovlandırmaq tapşırığı üzərində qurulub. Rusiyadan Ukraynaya göndərilmış xüsusi təyinatlı döyüşçülər çox aktiv fəaliyyətdədirlər. Bunu Rusiyanın Belqorod və Rostov şəhərlərinə aparılmış 30 döyüşçünün meyidi də sübut edir. Onlar Donetsk aeroportunu tutan zaman Ukrayna ordusu tərəfindən məhv edilmişdilər. Həmin öldürülənlərin hamısında Rusiya pasportları vardı.
Rusiya silahlarının Ukraynanın şərqinə axını zəifləməyib. Bunun təsdiqi üçün Luqanskda Ukrayna sərhədçilərinə məxsus kazarmaya yaxındakı yaşayış binalarında gizlənmiş silahlılar tərəfindən atəş açılması kadrlarına baxmaq kifayət edər.
Donetsk seperatçılarının “müdafiə naziri” İqor Strelkovun könüllülərə müraciəti ilə hər şey tam açılıb ortaya qoyuldu. Bu həmin İqor Strelkovdur ki, onun vicdanında Çeçenistan müharibəsindən xeyli qan, qəddarlıq və işgəncə qalıb. Onun çağrışına cavab verənlər o qədər az olub ki, Strelkov üsyançıların sırasına qadın zabitlərin cəlb ediləcəyindən danışıb.
Moskvadakıların nə haqda düşünmələrinə baxmayaraq, Ukraynanın rusdilli əhalisinin hamışı separatçıların arxasında durmaq istəmir. Həmin separatçılar özlərinə olan inamı reketlə, işgəncələrlə, insan oğurluğu və həm də ki, bir-biriləri arasındakı daxili didişmələri ilə itiriblər. Bundan başqa rəsmi olaraq Moskvanın üsyançıları müdafiə etməsi həmişə mötədil formada olub və onlar Donetsk Xalq Respublikasının tanınması barəsində heç bir eyham vurmur və ya mümkün anneksiya barəsində isə qəti şəkildə söz demirlər. ”Russkiy jurnal”qəzetinin baş redaktoru bu məsələ ilə əlaqədər belə bir fikir söyləyir:
”Artıq aydındır ki, Ukraynanın cənub-şərqi, Krım kimi Rusiyanın tərkibinə qatılmayacaq və görünür ki, burada uzun müddətə həll edilməmiş ərazi problemi qalacaq. Bu isə ümumiyyətlə Kremlə sərf edir. Ona görə ki, Ukrayna bir çox beynəlxalq münasibətlərdə həll olunmamış əraziyə görə hüquqi çətinlikər yaşayacaq. Əlbəttə ki, belə vəziyyət uzun müddətli təzyiq üçün Moskvanın əlində mühüm vasitəyə çevriləcək.”
Vladimir Putin bu üsullarla Şimali Atlantika Alyansını hədəfdə saxlayır. Sank-Peterburq forumundakı çıxışında o, bu bərədə belə deyib: “Ola bilər ki, sabah Ukrayna NATO-ya daxil olsun, birisi gün isə orada ABŞ-ın raket əleyhinə müdafiə elementləri də yerləşdirilə bilər, ancaq bu mövzu barəsində bizimlə heç kim, heç zaman danışmayıb”.
Tərcümə etdi: Vaqif Nəsibov

Şərhlər