«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi proqramına qarşı durmaq məqsədilə, özünün sayca üçüncü aviadaşıyıcısını Sakit okeana çıxaracaq.
Bundan əvvəl artıq Pentaqon analoji sinifdən olan iki gəmisini - «Karl Vinson»u və «Ronald Reyqan»ı Koreya yarımadasına göndərib.
Koreya sahilləri yaxınlığında ABŞ-ın ağır gəmilərdən ibarət qruplaşması getdikcə daha ciddi təəssürat doğurur. Pentaqon dövrü olaraq, Şimali Koreyanın raket sınaqlarına cavab kimi əraziyə dəniz qüvvələrinin avanqardını göndərir. Belə davranış Pxenyanın raket və nüvə sınaqlarının qarşısının alınması vacibliyi ilə izah olunur.
Bir həftə bundan əvvəl Kim Çen In Yapon dənizinə növbəti raket atışı barədə raport verib. Bu sınaq cari ilin əvvəlindən sayca səkkizinci olub. İndi ABŞ bu rayona özünün nüvə-güc qurğulu üçüncü aviadaşıyıcısını - «Nimits» gəmisini göndərir. Onun göyərtəsində 2 min ton döyüş sursatı, radioelektron mübarizə vasitələri, zenit-raket kompleksləri və həttə bir neçə tank var.
Gəminini aviagücü 48 ədəd çoxməqsədli qırıcı-bombardmançı təyyarədən və 20 köməkçi hərbi bölmələrdən ibarətdir. Bu dəmir əjdahanın komandası 3 min nəfərlik ekipajdan və demək olar, 2,5 min nəfər aviaheyətdən təşkil olunub.
Bundan əvvəl bölgəyə göndərilmiş analoji gəmilər də nəzərə alınsa, söhbət Şimali Koreya sahillərində cəmləşmiş «üzən arxipelaq»ın dişinin dibinə qədər silahlanmış 20 min nəfərlik hərbçi «sakini»ndən getmiş olar.


Şərhlər