Braziliyada keçirilən futbol üzrə dünya çempionatında bu gün keçirilməli olan 4 qarşılaşmadan üçü başa çatıb. Apasport.az saytının məlumatına görə, günə D qrupunun oyunları ilə start verilib.

“Ölüm qrupu”nda mübarizə sensasiya ilə başlayıb. Cənubi və Mərkəzi Amerika təmsilçilərinin dueli məhsuldar və gözlənilməz nəticə ilə başa çatıb. Ötən mundialın yarımfinalçısı Uruqvay qrupun autsayderi hesab olunan Kosta-Rika önündə aciz qalıb. Oskar Tabaresin yetirmələri Kavaninin penaltisi ilə hesabı açsa da, kosta-rikalılar 3 qol vuraraq əzmkar qələbə qazanmağa nail oldu.

Bu qrupda yer alan digər iki sabiq dünya çempionu İtaliya və İngiltərənin görüşündə də hər iki komanda qol sevinci yaşayıb. Appenin təmsilçisi ilk yarıda hesabı açsa da, futbolun yaradıcılarına bərabərlik üçün o qədər də çox vaxt lazım olmayıb. Lakin İtaliya yığmasının fasilədən sonra vurduğu qolun əvəzini çıxmaq mümkün olmayıb. Bununla da Uruqvay və İngiltərə 2-ci turdakı duelə məğlubiyyətlə çıxacaq.

Günün 3-cü matçında isə Afrika və Asiya təmsilçiləri görüşüb. Fil Dişi Sahili və Yaponiya arasındakı qarşılaşma ilə C qrupunda ilk tura yekun vurulub. Kolumbiyanın Yunanıstanı 3 cavabsız qolla udduğu qrupda 2-ci yerə afrikalılar yüksəlib. İlk yarıda qol buraxan Fil Dişi Sahili əzmkar qələbə qazanmağa müvəffəq olub. Didye Droqbanın sonradan oyuna daxil olması ilə hücumlarının kəsəri artan afrikalılar qısa zaman kəsiyində vurulan 2 qolla 3 xal əldə edib.

Nəhayət günün son qarşılaşması E qrupunun açılış matçı olan İsveçrə ilə Ekvador arasında baş tutacaq. Fransanın favorit göstərildiyi qrupun bu matçında tərəflər öz aralarında II yerin sahibini müəyyənləşdirməyə çalışacaq. Özbəkistanlı və qırğızıstanlı hakimlərin iş başında olduğu ilk görüşdə avropalılarla cənubi amerikalılar tarixlərində ilk dəfə üz-üzə gələcək.

15 iyun

E qrupu

21:00 İsveçrə - Ekvador

Hakim: Rövşən İrmatov (Özbəkistan)

Braziliya. “Nasional” stadionu

C qrupu

Fil Dişi Sahili - Yaponiya - 2:1

Qollar: Boni, 64, Jervinyo, 66 - Honda, 16,

Hakim: Enrike Osses (Çili)

Resifi. “Arena Pernambuko”

Fil Dişi Sahili: 1. Kopa, 3. Boka, 5. Zokora, 8. Kalu, 9. Tiote, 10. Jervinyo, 12. Vilfred Boni, 17. Aurie, 19. Yaya Ture (k), 21. Serey Di, 22. Bamba

Yaponiya: 1. Kavaşima, 2. Uçida, 4. Honda, 5. Naqatomo, 6. Motişiqe, 9. Okazaki, 10. Kaqava, 16. Yamaquçi, 17. Hasebe (k), 18. Osako, 22. Yoşida

D qrupu

Uruqvay - Kosta-Rika - 1:3

Qollar: Kavani, 23 (pen) - Kempbell, 54; Duarte, 57; Urena, 84

Qırmızı vərəqə: pereyra, 90+3 (Uruqvay)

Hakim: Feliks Brix (Almaniya)

Fortaleza. “Kastelan” stadionu

Uruqvay: Muslera, Pereyra, Luqano (k), Qodin, Kaseres, Qarqano, Rios, Stuani, Rodriqes, Forlan, Kavani.

Kosta-Rika: Navas, Qonsales, Umanya, Borxe, Duarte, Bolanaos, Kempbell, Ruis (k), Dias, Qamboa, Texeda.

İngiltərə - İtaliya - 1:2

Qollar: Starridj, 37 - Markizio, 35 ; Balotelli, 50

Hakim: Byörn Köypers (Hollandiya)

Manaus. “Arena Amazoniya”

İngiltərə: Xart, Conson, Jaqelka, Keyhl, Beyns, Cerrard, Xenderson, Uelbek, Sterlinq, Runi, Starridj.

İtaliya: Siriqu, Kellini, Paletta, Barsali, Darmian, de Rossi, Pirlo, Verratti, Kandreva, Markizio, Balotelli.