1940-cı ildə ABŞ administrasiyasının ağlına Müdafiə Nazirliyinin bütün ofislərinin əvəzinə, hamının eyni yerdə çalışa biləcəyi yeni və möhtəşəm bir binanın tikilməsi kimi kəskin bir fikir gəlir. Bu, Müdafiə Nazirliyinin ABŞ-ın Kolumbiya dairəsinin ərazisinə səpələnmiş 17 ayrı-ayrı ofislərində işləyən əməkdaşlarının bir yerə toplanması demək idi. Əlavə olaraq, texniki göstəricilərə əsasən, gələcək “əzəmətli qalada” rahat şəkildə və eyni anda 40 min adamın yerləşdirilməsi nəzərdə tutulurdu.
Amerikanın hər an qoşula biləcəyi İkinci Dünya Müharibəsinin qızğın bir dövründə ağıllara belə bir möhtəşəm binanın tikilməsi ideysı görəsən hardan gəlmişdi? Təhlükəsizlik baxımından belə bir fikir heç də məntiqli görünmürdü. Necə ola bilərdi ki, bütün əsas hərbi rəhbərlər bir dam altına toplaşırdı? Hətta “Koka-Kola”nın reseptini bilən top menecerlər belə bir təyyarədə uçmurlar...
Ancaq bütün bunlara baxmayaraq, prezident Franklin Ruzveltin istəyinə əsasən, memarlar yeni “sitadelin” tikilməsi üçün nəzərdə tutulan əlverişli ərazinin axtarışına başladılar. Vaşinqton ətrafındakı bir yer memarlar tərəfindən bəyənildi. Ən çox diqqəti çəkən o oldu ki, tikinti üçün nəzərdə tutulan həmin ərazi beş yol ilə bölünürdü. Həmin yolların bir çoxu isə 108 dərəcə altında kəsişirdi. Həndəsəni yaxşı bilən memarlar çox gözəl anlayırdılar ki, düz xətlər belə dərəcə altında ancaq beş bucaqlıda kəsişirlər. Qədim yunanlar bunu “pentaqon”adlandırırdılar. Onda belə çıxır ki, Müdafıə Nazirliyinin tikiləcək yeni binasının hansı şəkildə olması ərazi relyefindəki yolların birləşmələrindən təbii şəkildə əmələ gələn beşbucaqlı formasının memarların xoşuna gəlməsi ilə izah edilə bilər?
Doğurdanmı bu belədir?
Əlbəttə, bunun nə dərəcədə həqiqət olduğunu söyləmək müşkül məsələdir.
Çox güman ki, ”sirlilikdə” Pentaqonla müqayisəyə gələ biləcək hər hansı başqa bir tikili çətin ki, tapılsın. Hər şey binanın forması ilə əlaqədardır. Pentaqonun inşa edildiyi yerdə əvvəllər qəbristanlıq və bataqlıq olub. Demək lazımdır ki, həmin yerin yaxınlığında Amerikan əsgərlərinin dəfn olunduğu Arlinqton qəbristanlığı yerləşdiyindən, bu gələcək bina üçün çox da uğur gətirə biləcək yaxşı məkan sayılmırdı. Deyilən bütün fikirlərə baxmayaraq, memarlar Müdafıə Nazirliyinin ştab –qərargahının məhz burada yerləşməsi qərarında israrlı idilər. Bu məsələdə təkcə kiçicik bir istisna olmuşdu. Prezident Ruzveltin həyat yoldaşının xahişı ilə Arlinqton qəbristanlığı istiqamətindən baxıldıqda Vaşinqton şəhərinin görüntüsünün qarşısının alınmaması üçün binanın nəzərdə tutulan yerdən bir qədər kənarda tikilməsi məqsədə uyğun sayıldı. Nəhayət memarların hazırladığı layihə əsasında böyük və əzəmətli beşbucaq formasındakı “pentaqonun” tikintisinə start verildi. Binanın baş memarı Corc Berqston, tikinti işlərini həyata keçirən isə ”Con Makşteyn” kompaniyası idi. Məlumdur ki, Platon Akademiyasının girişində belə bir deviz asılmışdır - “Həndəsəni bilməyən girməsin”. Tam əminliklə deyə bilərik ki, bu binanın memarları qəlbən sanki platonik idilər. Çox az adam bilər ki, Pentaqon indiyədək tikilmiş ən erqanomik bina hesab edilir. Bina mərkəzdən on iki koridor vasitəsi ilə kəsişir. Pentaqon elə qurulub ki, hərbçilər binanın istənilən nöqtəsinə çatmaqdan ötrü onun perimetri boyunca gedərək ən çox 7 dəqiqə sərf edirlər. Bu sözsüz ki, təbii erqanomika həndəsi fiqurun özü ilə də bağlıdır. Beləki, pentaqonun dioqanalları pentoqramma əmələ gətirir. Düzgün beçbucaqlıda dioqanalların kəsişməsi həmişə “qızıl kəsişmə” əmələ gətirir. Sonra isə daxildə yenə də pentaqon yaranır və beləlliklə də sonsuz sayda iç-içə girmiş pentaqonlar əmələ gəlir. Yəni pentaqonlar içərisində pentaqonlar yaranır ki, bu da bizim şüurumuzda ritmlərin harmoniyası kimi qəbul olunur.

ABŞ hərbçilərinin bu formanı seçməsinə əsas, təkcə beşbucaqlının erqonomik üstünlükləri olmayıb. Burada ən böyük rolu simvol oynayıb. Yenə də pentaqona qayıdaq. Görkəmli filosof olan Platon ən mükəmməl həndəsi fiqurun dodekaedr – onikiüzlü olduğunu iddia edirdi. Dodekaedr – 12 pentaqondan ibarətdir. Platon iddia edirdi ki, İlahi Kainatın hansı şəkildə olmasını planlaşdırarkən məhz dodekaedr - həndəsi fomasından istifadə edib. Platonun iddiası ilə bağlı onu qeyd etmək olar ki, 2001 ci ildə NASA-nın buraxdığı “WMAP” kosmik aparatının verdiyi məlumata əsasən belə bir hipoteza irəliyə sürülüb ki, Kainatın quruluşu həndəsi baxımından elmi dillə ifadə edilsə - “Puankaryenin dodekaedr sahəsi” kimidir. ”WMAP” 2001-2009 -cu illər arasında göyün sferasını skannerdən keçirib. Aparılan modelləşdirmənin nəticələrinə görə, müşahidəçılər onu da bildirirlər ki, Kainat sonsuz olaraq təkrarlanan çoxüzlü – dodekaedr formasındadır. Maraqlıdır ki, konspiroloqların (sirlilik nəzəriyyəsinin tərəfdarları) içərisində belə bir hipoteza irəliyə sürənlər də var ki, Pentaqonun binası onun yalnız görünən tərəfidır. Güya ki, əslində bu bina dodekaedr şəklində inşa edilib və onun qalan hissəsi isə yerin altındandır. Əlbətdə ki, buna birbaşa inanmaq olmaz, ancaq istənilən məlumatsızlıq müxtəlif növ fantaziyalar yaradır. Astrologiya üzrə əksər ekspertlərin fikrinə görə, Pentaqonun tikintisi zamanı astroloqların məsləhətinə böyük ehtiyac duyulub.

Layihəyə əsasən binanın tikilmə müddəti 11 sentyabr 1941-ci ildə başlamalı və 15 yanvar 1943-cü ildə yekunlaşmalıydı. Maraqlısı odur ki, nəzərdə tutulan vaxt ərzində qarşıya qoyulan məqsəd həyata keçirildi və 15 yanvar 1943-cü il tarixində Vaşinqton yaxınlığındakı Arlinqtonda Müdafiə Nazirliyinin yeni böyük ofis binası tikilib qurtardı. Həqiqətən də inşaat işləri müharibə dövrünə təsadüf etməsinə baxmayaraq, bir gün belə yubanmadan tam vaxtında başa çatdırılmışdı. Bina əzəməti ilə hamını heyran qoyurdu. Pentaqonun hər bir tərəfinin uzunluğu 281 metr olduğundan ümumi perimetr 1405 metrə çatırdı. Ümumi sahəsi 605 min kvadrat metr və 23,5 metrlik 5 yerüstü, 2 yeraltı mərtəbədən ibarət olan binanın koridorlarının ümumi uzunluğu 28 kilometrə bərabərdir. Astroloqlar tikintinin başlama və qurtarma vaxtını hansısa “ulduzlar” qanunauyğunluğuna bağlayırlar.
Onlar diqqətlərini Müharibə Allahı olan Marsa yönəltmişdilər. Tikinti işləri bu göy cismi Qoç bürcünə girəndə başlamış, Marsın ən optimal ekzaltasiya vaxtı hesab edilən Əqrəb bürcünə çatanda isə qurtarmışdı. Onu da bildirmək lazımdır ki, bu illər ərzində 11 sentyabr tarixi sirli surətdə həmişə Pentaqonu təqib edib. Yəni tikintiyə başlama tarixi 2001-ci ildəki terror hücumu və terror hücumundan sonra bərpa işlərinin qurtarıb yenidən istifadəyə verilmə tarixləri də 11 sentyabr gününə təsadüf edir. Pentaqonun “Boinq” təyyarəsinin hücumuna məruz qaldıqdan sonrakı bərpası bir il çəkib və binanın bütün pəncərələri partlayışa davamlı xüsusi şüşələrlə təchiz edilib. Bir çox ekspertlər isə rəsmi mənbələrin bildirdiklərinin əksinə olaraq,
heç bir “Boinq 757-200” təyyarəsinin Pentaqona çırpılmadığını, sadəcə olaraq “tomaqavk” tipli raketlə vurulduğunu iddia edirlər. Onların fikrinə görə, necə olub ki, yanacaqla tam dolu olan 100 tonluq bir təyyarənin saatda 300 kilometr sürətli müdhiş zərbəsi nəticəsində Pentaqonun önündəki çəmənlikdə heç bir yanğın izi qalmayıb.
Numeroloqlar bilirirlər ki, Pentaqon 491 gün ərzində inşa edildiyindən maraqlı odur ki, bu ədədlərin bir-birinə vurulmasında (4 X 9 X1) 36 alınır və birdən 36-yadək olan ədədlərin hamısını sıra ilə bir-biri ilə toplanmasından isə 666 - Satana (Şeytan) rəqəmi əldə olunur. Pentaqramma məşhur matematik Pifaqorun yaratdığı mistik bir ittifaqın simvolu hesab olunub. Pifaqorçular bildirirdilər ki, onların emblemi yaradılışın harmoniyasının tərənnümüdür...
Xarici mənbələrdən tərcümə edən: Vaqif Nəsibov
Şərhlər