Rio-de-Janeyrodakı "Marakana" stadionu İspaniya millisinin dünya çempionatının final mərhələsinə keçmək ümidləri üçün məzara çevrildi. İspanlar qrup mərhələsinin ikpinci turunda sensasiyalı şəkildə Çili millisinə məğlub oldular. Beləliklə, Visente del Boskenin komandası mundialı vaxtından əvvəl tərk edir.

Çili millisi qarşılaşmanın ilk dəqiqələrindən hücum futbolu oynamağa başladı və 18-ci dəqiqədə istəyinə çatdı. Varqasın zərbəsindən sonra qapıçı Kasilyas komandasına kömək edə bilmədi.

"Real"ın dünya şöhrətli qapıçısının qoruduğu qapıya ikinci qol birinci hissənin sonunda vuruldu. 44-cü dəqiqədə Arangis fərqləndi:

İkinci hissədə ispanlar hücuma atıldılar və bununla da çilililərin əks-hücumlarına şərait yaratmış oldular. Lakin tamaşaçılar ikinci hissədə qol görə bilmədilər.

İkinci tur B qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandaları müəyyənləşdirdi. Beləliklə, Hollandiya və Çili milləri artıq pley-offa hazırlaşa bilərlər. Ötən çempionatın birinci İspaniya, eləcə də, Avstraliya yığmaları mundialı tərk edirlər. Onlar növbəti turda öz aralarında 3-cü və 4-cü yerin sahibini müəyyənləşdirəcəklər.

Xorvatiya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kamerun yığmasını darmadağın edib və rəqibin 1/8 final mərhələsinə çıxmaq şanslarının üstündən xətt çəkib.

A qrupunun qarşılaşması xorvatların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 11-ci dəqiqədə "Volfsburq"un hücumçusu İviça Oliç açıb.

40-cı dəqiqədə kamerunlu Sonq yersiz hərəkəti ilə komandasını azlıqda qoyub. O, topsuz mübarizədə xorvat futbolçu Mancukiçə arxadan zərbə endirib. Bu, hakimin gözündən yayınmayıb və o, Sonqa birbaşa qırmızı vərəqə göstərib.

Birinci hissə Xorvatiya millisinin 1 qolluq üstünlüyü ilə başa çatıb.

İkinci hissənin əvvəlində xovatiyalı futbolçu Perişiç komandasının üstünlüyünü iki topa çatdırıb.

61-ci dəqiqədə Mancukiç hesab arasındakı fərqi artırıb. O, bundan 13 dəqiqə sonra dubla imza atıb

Beləliklə, Kamerun millisinin dünya çempionatında heç bir iddiası qalmır. Sonuncu tur ərəfəsində Braziliya və Meksika millilərinin 4, xorvatların 3 xalı var. Kamerunlular xalsızdır. Yəni, sonuncu turun nəticəsindən asılı olmayaraq, Kamerun millisi pley-off mərhələsinə vəsiqə verən ilk iki yerdən birini tuta bilməyəcək. Xorvatlar isə mübarizəni davam etdirmək üçün növbəti turda Meksika millisini mütləq məğlub etməlidir.