Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 25 avqust tarixli fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
"AzPolitika" Naxcivantv.az-a istinadla bu barədə məlumat verir. Ali Məclis sədrinin bugünkü Fərmanında deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin”.
Qeyd edək ki, Ali Məclis Sədrinin eyni tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.
Vasif Talıbovun kök qohumu və eyni zamanda qudası olan F.Ələkbərovun DİN başçısı postuna gətirilə biləcəyi, demək olar ki, gözlənilmirdi. Əhməd Əhmədovun vəzifəsindən götürülməsindən sonra boşalan bu posta namizədlər arasında onun adı heç çəkilməmişdi. Əksinə, MR-in DİN başçısı postuna hətta Bakıdan təyinatın olacağına dair sensasiyalı məlumatlar yayılmışdı. Məsələn, general Rafiq Abbasovun bu posta təqdimatının verildiyi bir sıra ciddi mənbələr tərəfindən təsdiq olunurdu. Lakin belə görünür ki, hörmətli Vasif Talıbov bu məsələdə geri çəkilmədi və hazırda ən sadiq adamını DİN rəhbərliyinə gətirməklə, Naxçıvan hakimiyyətində ikibaşlılığa imkan vermək niyyətində olmadığını hamıya nümayiş etdirdi.
Rasim ƏLİYEV


Şərhlər