Ötən il buraxılış imtahanlarından 2 qiyməti almış 128 məzun ali məktəblərə qəbul olub.

ANS PRESS buraxılış imtahanlarındakı aşağı göstəricinin səbəbini araşdırıb

Son iki ildə ölkənin əksər məktəblərində keçirilən buraxılış imtahanı qorxunc rəqəmlər üzə çıxardı. Belə ki, bu il hələ tam başa çatmasa da ölkənin əksər bölgələrində keçirilən buraxılış imtahanlarından sonra 23 mindən artıq şagirdin “2” qiyməti aldığı bəlli oldu.

Buraxlış imtahanlarının hələ yekunlaşmadığını nəzərə alsaq bu rəqəmin artacağı da istisna deyil.

Müqayisə üçün qeyd edək ki, ötən il 9-cu sinif üzrə 117275, 11-ci sinif üzrə isə 86632 şagird buraxılış imtahanı verib. 2013-2014-cü tədris ilində bu rəqəmlər müvafiq olaraq 118206 və 86797 olub.

Ötən il 9-cu sinif üzrə buraxlış imtahanı verən 68497, 11-ci sinif üzrə isə 62494 şagird müsbət qiymət alıb.

(Ötən ilin nəticələri)

Bəs bir il ərzində 2 alan şagird sayında bu qədər artımın olması nə ilə bağlıdır?

Mütəxəssislər məktəblilərin 9 və ya 11 illik təhsildən sonra belə nəticələr göstərməsini bir necə amillə bağlayırlar. Bəziləri bunu uşaqların yuxarı siniflərdən repititor yanına getməsi ilə əlaqələndirsələr də bunu əsas səbəblərdən biri kimi qəbul etmək düzgün olmazdı. Çünki buraxılış imtahanları cəmi iki fəndən - Azərbaycan dili, riyaziyyatdan olur ki, repetitor yanında hazırlaşan uşaqlar ali məktəblərə sənəd vermək üçün adıçəkilən hər iki fəndən hazırlaşır. Bu isə onların azı 3-4 qiyməti almasına zəmin yaratmalıdır.

Müəllimə Tamilla Süleymanovanın sözlərinə görə, iki alanların artmasına səbəb məktəbi bitirənlərin hamısına atesstatın verilməsidir. "Belə ki, daha öncəki illərdə iki qiyməti alanlara atesstat verilmirdi, lakin son illərdə imtahanda iştirak edən bütün şagirdlərə məktəbi bitirmək haqqında sənəd verilir. Nəticədə uşaqlarda arxayınlıq yaranır. Onlar düşünürlər ki, onsuz da sənəd alacağıq və bu imtahanlara ciddi yanaşmasaq da olar".

Nəticədə 11 il parta arxasında oturub, oxuyan şagird də, dərslərdən yayınanlar da attestat alırlar. Burada belə bir sual ortaya çıxır. Əgər hamıya məktəbi bitirmək haqqında sənəd veriləcəksə onda imtahan nə üçündür?

Təhsil üzrə ekspert Nadir İsrafilov isə imtahan verən şagirdlərimizin əksəriyyətinin biliyinin 2-ə bərabər olmasının səbəbini təhsil sistemində görür. Onun sözlərinə görə, orta məktəb məzunlarının 35-45 faizinin dərs proqramlarını mənimsəmir. Bu da orta məktəblərdəki təhsil səviyyəsinin hər ötən gün daha da aşağı düşməsinə səbəb olur.

Təhsilimizin səviyyəsini aşağı salan və şagirdlərimizi tənqid hədəfinə salan digər səbəblərdən biri də islahat sisteminin aparılmasında olan nöqsanlardır. Belə ki, müxtəlif modellərdən faydalanmaqla yeni modellər yaratmağa çalışsaq da bunun uğurlu nəticə verdiyini demək olmaz. Xəbərsiz olduğumuz kurikuliyumların tətbiqinə başladıq. "Bu da nəticədə minlərlə şagirdimizin buraxlış imtahanların da 2 qiyməti alamasına ən böyük töhvə verdi".

Təhsil səviyyəsinin aşağı düşməsinin səbəblərindən bir də müəllim çatışmazlığıdır. Xüsusilə kənd məktəblərində. Belə ki, bəzi ucqar rayonlarda məktəblərdə dərsləri qeyri-ixtisas müəllimləri deyirlər ki, bu da nəticələrin istər istəməz pisləşməsinə səbəb olur.

Bəs məktəblərdəki bu problemin aradan qaldırmaq üçün nə etmək olar? Bunun yolu sadədir.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, rayonlarımızda qanunsuz yolla ixtisas dəyişərək fəaliyyət göstərən müəllimlərlə bağlı müntəzəm olaraq araşdırmalar aparılır. "Belə faktlar aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görülür. Hazırda müəyyən araşdırmalar aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Təhsil üzrə mütəxəssislər ilk növbədə şəhərdə təhsil alandan sonra gənclərin rayonlara təyinatı məsələsinin, təyinatla işləyənlərə güzəştlərin edilməsi, əlavə ödəniş, torpaq sahəsi verilməsi kimi məsələlərin gündəmə gəlməli olduğunu təklif edirlər.

Belə ki, hələ bir necə il öncə qonşu Rusiyada kənd məktəblərində müəllim işləməyə razı olanlara 30 min dollara yaxın birdəfəlik ödəniş, torpaq sahəsi təklif edilirdi. "Biz də belə təcrübələrdən faydalanmalıyıq. Çünki heç bir gənc şəhərdəki rahat şəraiti qoyub eyni şərtlərlə kəndlərdə işləmək istəmir. Onlara işlədikləri rayonlara yaşayış yeri vermək olar. Hətta belə bir şərt qoymaq olar ki, 5 il işləsən bu ev sənindir. Bütün bunlar müəllimlərin peşəsinə daha həvəslə yanaşmasına yol açacaq", deyə Tamilla xanım bildirir.

Bu işlərə isə bilavasitə olaraq Təhsil Nazirliyi nəzarət etməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gənc mütəxəssislərin rayonlarında yerləşən ümumitəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və pedoqoji kadrlara olan tələbatın ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən 35 yaşa qədər olan gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, yol xərci verilməsi nəzərdə tutulub.

“Həmçinin əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi, həmçinin rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavənin ödənilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, ötən il buraxılış imtahanlarından 2 qiyməti almış 128 məzun ali məktəblərə qəbul olub.