Azərbaycanlı milyonçular bizə nə verib və bizdən nə alıb?
Bir neçə gün əvvəl hüquqşünas, biznesmen, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin dostu(!) sayılan hörmətli hüquq professoru İlham Rəhimovun “Filosofiya prestupleniya i nakazaniya”, yəni “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabının təmtəraqlı təqdimat mərasimi keçirilib. Bu məclisdə Azərbaycanın hüquq elmi sahəsindəki “qaymaqları” iştirak edib, sağolsunlar! AMEA-dan tutmuş, BDU-nun hüquq fakultəsinə qədər, əksər “bərkgedən” alim və müəllimlər bu tədbirdə İlham Rəhimovun yeni kitabını geninə-boluna tərif ediblər. Yenə sağolsunlar! Amma bu adamları bir qabağına qoyub soruşan yoxdur ki, axı bu hüquq professoru kimdir, necə bu mövqeyə çatıb, kimə və nəyə xidmət edib və edir? Adamın savadını və dünyagörüşünü qoyaq bir kənara. Bu, mühakimə və mübahisə mövzusu deyil. Ancaq bir şey mübahisəsizdir ki, insanın 2 göstəricisi - istedadı ilə şəxsi keyfiyyətləri bir-birini tamamlayanda o mükəmməl olur. Ancaq təəssüf ki, Azərbaycan əsilli varlı iş adamlarının əksəriyyəti məhz bundan əvvəlki cümlədə qeyd etdiyimiz ikinci göstərici baxımından kasıbdırlar...
Ümumiyyətlə, azərbaycanlı sayılan milyonçu və milyarderlərin bu məmləkətə xeyri nədir? Olsa-olsa Bakıda ən bahalı avtomobillərlə şütümək, özünü görməmişcəsinə aparmaq, sırf iqtisadi xeyrinə gəldikdə isə həmin bahalı və çox benzin yeyən maşınlarına benzin alıb tökmək. Təəssüf ki, benzinə verilən pulun da kimləriin(!) cibinə getdiyi barədə müfəssəl məlumata malik deyilik! Yaxşı, bunlar bizim nəyimizə lazımdır? Əlbəttə ki, buralarda özlərini sərbəst aparmaq üçün yuxarıların razılığı vacibdir və hərəsi də o razılığı müxtəlif yolla alır. Ancaq bundan bizə nə, millətə nə xeyri var? Nə zibil də olsa, dövlət, xalq sayılan erməniləri xaricdə yaşayan erməni milyonçuları sözün əsl mənasında saxlayır. Allah eləməsin, nə vaxtsa biz də xaricdəki azərbaycanlı sayılan milyonçuların ümidinə qalsaq, aqibətimizi təsəvvür edirsinizmi? Allah o gündən saxlasın.
İnanın ki, Azərbaycan üçün Rusiyada kartof-soğan satıb, vətənindəki bütöv bir nəsli dolandıran həmvətənimiz daha dəyərlidir, nəinki qazancının nə mənbəyi, nə də xərcləndiyi yer bilinməyən milyonçu və milyarderlərimiz! Burda “miz” şəkilçisi bəlkə də artıqdır, çünki bunların kimə və nəyə xidmət etdiyi qazanclarının mənbəyi kimi qaranlıqdır! Qazancdan söz düşmüşkən, keçək qazanclara...
Azərbaycandan nə alır və Azərbaycana nə verir?
Bəzi mətbu orqanlarda bildirilir ki, İlham Rəhimov Rusiyada əslən Qubadan olan yəhudi əsilli milyonçularla - Yakov Yakubov, Zarah İliyev, Qod Nisanov və digərləri ilə ortaqmış. Putinin hansısa bizneslərini idarə edir, guya. Tutaq ki belədir. Noolsun? Onlarla bunun fərqi nədədir ki? Pişikdən soruşurlar ki, atan yaxşıdır, ya anan? Cavab verir ki, miyo-miyo! Yəni fərqi yoxdur. İndi bizim üçün də hansısa İliyevlə Rəhimovun fərqi varmı? Yox. Çünki eyni məqsədə - varlanmağa xidmət edirlər! Ancaq sağolsunlar iliyevlər ki, Azərbaycanla işləri yoxdur. Bəs Rəhimov...?

Müxalif sayılan mətbuat onu niyə sevir?
Digər biabırçı məqam da odur ki, özünü müxalif və azad mətbuatın lokomotivi sayan qəzet və saytlar da gah “Milyarderlər İttifaqı” ilə əlaqələndirilən, gah Putinin Azərbaycandakı önəmli fiquru sayılan bu adamı göylərə qaldırır, palaz-palaz müsahibələrini dərc edir, şərhlər verir və s. Niyə, maraq nədir? Maraqlı və gülməli məqmlardan biri də odur ki, yuxarıda qeyd etdiyimiz yeyib-içməli kitab təqdimatından reportaj hazırlayan müxalif sayılan qəzetlərdən birinin təmsilçisi bir müddət əvvəl öz evinin qarşısında vəhşicəsinə döyülmüş, hadisənin görüntüləri ortada olsa da, bu fakt mediadakı səs-küydən başqa heç nə ilə bitməmişdir. Yəni cinayət ortadadır, cəza isə yoxdur! Görünür, “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabın təqdimatından məhz həmin jurnalisti reportaj hazırlamağa göndərməyin də öz dərin fəlsəfi tərəfləri var...
Aslan İsmayılovun orda nə işi vardı?

Nə isə, barəsində söz açdığımız kitabın doğrudan da gözəl adı var – “Filosofiya prestupleniya i nakazaniya”. Ancaq rusların bəziləri üçün işlətdiyi başqa gözəl bir sözü var: “Staboy vsyo yasno”...
Tahir M.
“AzPolitika”


Şərhlər