Dünya çap mediası və sosial media Uruqvayın hücumçusu Luis Suarezin italiyalı müdafiəçini dişləməsini geniş müzakirə edir. Facebookda biri yazıb: “ Böyük idmanda, siyasətdə, biznesdə rəqibi gərək yeyəsən, yeyə bilməyəndə heç olmasa, dişləyəsən”.
Uruqvayda 53 yaşlı qadın Reutersə deyib ki, “Suarezin meydanda rəqibi dişləməsi biabırçılıqdır”.
20 yaşlı tələbə qız isə deyib ki, “qələbə qazanmaq üçün dişləmək lazımdırsa, gərək dişləyəsən”.
Müzakirələrə hətta ölkə prezidenti qatılıb. Uruqvay prezidenti Jose Mujica deyib ki, "biz Suarezi alim, mühəndis vəzifəsinə seçməmişik ki, ondan gözəl davranış tələb edək. O böyük idmançıdır".
Prezident jurnalistlərə deyib ki, Suarezin kimisə dişləməsini o görməyib. Ancaq o biri futbolçuların bir-birini təpikləməsini görüb.

Reuters Britaniyanın psixoloqlarından soruşub ki, Suarez niyə belədir? O, birinci dəfə 2010-cu ildə Hollandiya birinciliyində rəqibi dişlədi, sonra 2013-cü ildə İngiltərədə rəqibini dişlədi, indi də Dünya Kubokunda.
Bir ekspert deyib ki, Suarez rəqibini dişləməyi tərgidə bilər. Ancaq bu, uzun müalicədir.
Başqa ekspert deyib ki, bu, stressə Suarezin reaksiyasıdır. Böyük idmanda stress böyükdür. Heç də hamı stressin öhdəsindən gələ bilmir.
Bir psoxoloq isə hesab edir ki, əsas olan - Surezin öz hərəkətini necə qiymətləndirməsidir. Əgər o, bu hərəkətinin pis olduğunu baş düşürsə müalicə oluna bilər, yox , əgər başa düşmürsə, onun işi çətindir.
Guardian qəzeti isə yazır ki, FİFA da öz dişini Suarezə göstərməlidir.

Ancaq Suarezin dişləməyi ona ciddi maddi ziyan vura bilər. Onun 50 milyon avroya Real Madrid Klubuna keçməyinə əngəl yarana bilər.
Bir çox şirkətlər Suarezlə əməkdaşlığı dayandırıb. Bunlardan biri internetdə poker oyunlarını təşkil edən 888 şirkətidir. Suarez onun təmsilçisi idi.
Adidas da FİFA-nın Suarezlə bağlı qərarını gözləyir. Adidasın da Suarezlə reklam müqaviləsi var.(azadlıq radiosu)

Şərhlər