Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb. Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. **** Bu gün, oktyabrın 25-də, səhərçağı, təxminən 9,30-da Masallının “Köhnə bazar”adlanan, dollar satanların “qara bazarı” hesab edilən ərazidə qəfil reyd keçirilib. Şahidlərin bildirdiyinə görə həmin şəxslər əli avtomatlı imiş və üstlərində digər silahlar da olub. Əməliyyat təxminən 4-5 dəqiqə çəkib. Həmin ərazidə dollar satanlardan 3 nəfəri - Azər, Nöfəl, Mehman adlı şəxslər reyd keçirənlər tərəfindən sürətli əməliyyat nəticəsində tutularaq onlarla gələn QAZEL markalı maşına mindirilib və həmin maşın əməliyyatçıların güclü müşayiəti ilə həmin ərazidən uzaqlaşıb. Digər dollar satanlar qaçıb gizlənə biliblər. Şahidlərin bildirdiyinə görə, reyd zamanı avtomat güllələrdən də istifadə edilib. Hazırda tutulanların telefonlarına zəng çatmır. Həmin ərazidə artıq dollar satan yoxdur. Şahidlər bildirir ki, həmin ərazidə 10-a yaxın dollar satan var və həmin şəxslər müvafiq qurumlara hər ay 50 manat qeyri-rəsmi “rüsum” ödəyirlər. Reydin olduqca qəfil, sürətli, hay-küylü keçirilməsi ətrafdakı insanlarda ciddi təşviş yaradıb. /Cenubxeberleri.com
Şərhlər