«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Estoniyanın Tartus birləşmiş hərbi təlim idarəsinin bazasında NATO-nun «Cyber Coalition» adlı miqyaslı kibertəlimləri start götürüb. Xəbəri Estoniya respublikasının müdafiə qüvvələri Baş qərargahı yayıb.
«Təlimlərdə 700-dən artıq infotexnologiya eksperti, hüquq sahəsi üzrə mütəxəssislər, 25 NATO ölkəsinin dövlət məmurları, Avropa İttifaqının (Aİ) nümayəndələri və 4 həmkar-dövlətin (Finlandiyanın, İsveçin, İrlandiyanın və İsveçrənin) 100-ə yaxın mütəxəssisi, dünyanın müxtəlif ölkələrinin təxminən 600 nümayəndəsi iştirak edir» - xəbərdə deyilir.
Təlimlər cümə günü başa çatacaq. Onun məqsədi NATO ölkələrinin və alyans müttəfiqlərinin kiberhücumlara qarşı durmaq qabiliyyətinin, o cümlədən, dövlətdaxili və beynəlxalq səviyyəli ekspertlərin qarşılıqlı fəaliyyətinin məşq olunmasından ibarətdir.
Təlimlərin rəhbəri polkovnik Andres Kuuskun sözlərinə görə, kompüter şəbəkələrində tapşırıqlara əlavə olaraq, iştirakçılar həm də mobil rabitə sistemlərinə, sənaye sistemlərinə və hərbi nəzarət üzrə müxtəlif hücumlara şarşı durmağı məşq etməlidirlər.
«Əlbəttə, təlimlərə o faktor reallıq verir ki, NATO üzvləri və həmkarları tapşırıqları öz ölkələrində həll edirlər» - deyə, Kuusk qeyd edib.
Məlumat üçün bildirək ki, Estoniya 2004-cü ildən NATO-nun üzvüdür. Bu ölkədə «Cyber Coalition» təlimləri artıq 5-ci dəfədir ki, keçirilir.


Şərhlər