Məlum olduğu kimi, hər il şiələr Aşura mərasimində İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününü – “Ərbəin”i xüsusi tədbirlərlə keçirməyə üstünlük verirlər və bu zaman dünya ölkələrindən milyonlarla insan İraqa – Kərbəlanı ziyarətə axışır.
Müşahidələr və rəsmi statistika göstərir ki, Kərbəlanı ziyarət edənlərin sayı hər il sürətlə artır və bu artımda da İraqdan daha çox, şiəliyi rəsmi dövlət siyasətinə çevirmiş İran xüsusi rol oynayır. Kərbəlaya səfərlərin təşkilindən tutmuş, zəvvarların təhlükəsiz hərəkətinə, yerləşmələrinə və ziyarətlərinədək əsas işlərə məhz İrana bağlı qurumlar və şəxslər nəzarət edir.
Bu il noyabrın ilk ongünlüyündə Kərbəlada keçirilən mərasim də zəvvarların çoxluğu ilə yadda qalıb. Deyilənə görə, 30 milyona yaxın adam ziyarətə qatılıb və onların da əksəriyyəti digər ölkələrdən gələnlər olub.
Bizim ölkədən – Azərbaycandan Kərbəlaya gedənlərin sayı da kifayət qədər çox olub. Əlbəttə, əhalimizin öz dini dəyərlərini qoruması və ona sahib çıxması çox yaxşı haldır, ancaq “kənar müdaxilələr”, bu inanclardan maraqlı qüvvələrin sui-istifadə cəhdələri olmasa…
Təəssüf ki, hər il olduğu kimi, bu il də azərbaycanlıların Kərbəla ziyarəti xoşagəlməz müdaxilələrlə, “kənar təsirlərlə” yadda qalıb.
Ziyarətdən yenicə dönən zəvvarlarımızın sözlərinə görə, Azərbaycandan gedənlərin bu dəfə çox olduğunu görən bəzi “din adamları” fürsəti fövtə verməyərək, ziyarətə gələnlər arasında əməlli-başlı anti-Azərbaycan təbliğatı aparmağa çalışıblar. Xüsusən də hüquq-mühafizə orqanlarının 2 il əvvəl Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat müzakirəyə çıxarılaraq, dövlətin gördüyü nizamlayıcı tədbirlər “şiələrin sıxışdırılması, təqib olunması” kimi qələmə verilib.
Zəvvarların dediyinə görə, bu təbliğatda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxri İlyasov, İranda təhsil alan Azər Cəbiyev, Famil Cəfərov adlı şəxslərin birləşdiyi qrup daha fəal olub.
Bundan başqa, hətta Nəcəf və Kərbəlada bir neçə yerdə divarlara Taleh Bağırzadənin, Mövsüm Səmədovun, eləcə də Nardaran əməliyyatı zamanı tutulanların şəkilləri yapışdırılaraq, onları “Azərbaycandakı islam mücahidləri”,“Azərbaycan şiələrinin liderləri” kimi təqdim ediblər.
Müsəlman Birliyi Hərəkatının üzvləri isə Nardaran əməliyyatı zamanı ölənlərin övladlarını da özləriylə götürərək, onları səfər boyu zəvvarlara “şəhid övladları” kimi tanıtdırıb, hakimiyyəti sərt tənqid ediblər…
Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənərək, hakimiyyət-vətəndaş münasibətlərində ziddiyət yaradılmasına səy göstərilib, Azərbaycan dövlətinin öz vətəndaşlarının qayğısına qalmadığı, həbsə atdığı vurğulanıb.
Təəssüf ki, həmin “din xadimləri”nin bütün bu fəaliyyətlərində aydın bir xətt aşkarca nəzərə çarpıb: Azərbaycanda vətəndaş-hakimiyyət münasibətlərinə inamsızlıq toxumu səpmək, ziddiyyət, qarşıdurma yaratmaq, vətəndaşlarımızın dini duyğularından, məzhəb təəssübündən istifadə etmək, yararlanmaq, özlərini onların himayəçisi kimi təqdim etməklə, əməkdaşlığa cəlb etmək…
Ümid edirik ki, tez-tez ortaq din, dil, mədəniyyət, adət-ənənə, mənşə, mənəviyyat, coğrafiya birliyindən danışan bəzi “din təəssübkeşləri”, gec-tez, bu siyasətə son qoyacaq və Azərbaycana ona, həqiqətən, ən yaxın qonşu, dost və qardaş ola biləcək bərabərhüquqlu müstəqil dövlət kimi yanaşmağı bacaracaqlar…
Strateq.az

Şərhlər
İran mollaları hiyləgərdir.Bu hiyləgərlər Azərbaycanda baş verən və danılması mümükün olmayan faktlardan sitatlar gətirirlər. Onlar danışdıqları yalanın içinə müəyyən miqdarda həqiqət də qatırlar. Bununla da istədiklərinə nail olmağa çalışırlar. Bizimkilər isə təpədən-dırnağa qədər ancaq yalan danışır, siyasəti böhtan və nifrətsiz təsəvvür edə bilmirlər.Ardını yazmıram. Daxilimdəki senzur əllərimi tutur.Yazsam ekstremistdir deyəcəklər. Əcəb bəlaya düşmüşük. Dünyanın bizdən xəbəri varmı?
Vallah od olmasa tustu cixmaz.Ele deyil.?
Bunlar niye bele eleyibler e?Olmaz axi.
Bakı kəndlərinin bir-birinin bəhsinə Kərbəla,Məhşəd və Həcc ziyarətlərində iştirak edən ``turistlərindən`` ehtiyatlanmağa dəyməz.Onları Kərbəlayı,Məşədi,Hacı adı almaq maraqlandırır.Bir vaxtlar Komsomola,Partiyaya keçmək uğurunda dəridən-qabıqdan çıxanlardılar.Aralarında Ateistlər,alverçilər üstünlük təşkil edir.
Əlbəttə,ziyarət zamanı kiminsə "öz dərdini" önə çəkməsi imam Hüseyn ruhuna hörmətsizlikdir.İmam Hüseyn əleyhisalam öz dərdi uğrunda şəhid olmayıb.O müqıddəs varlıq İslam dini və əqidə yolunda şəhid olaraq , nəinki müsəlman,hətta digər inanclar aləmində dünyanın düzənini yeniləyib.İnsanlarda əqidə və inam uğrunda şəhadətin nümunəsinə çevrilib.Ziyarət zamanı özü ilə əxlaqi qüsurlarını daşıyanlar bu müqəddəs ünvana buraxılmamalıdırlar.İran mollalarına qoşulmaq elə erməniyə dayi demək qədər xəyanətdir.