DSX rəisi FHN başçısının himayəsində qalırmı?...

Azərbaycanda yüksək çinli məmurların, nazir və generalların quda olmaları uzun illərdir ənənə halını alıb. Hazırda hakim komandada təmsil olunan xeyli sayda məmur bir-biri ilə qudadır. Təsadüfi deyil ki, bu hakimiyyət haqda danışarkən bəzən “qudalar hökuməti” ifadəsi də işlənir...

Kimlərin kimlərlə quda olduğu haqda danışmaq niyyətimiz yoxdur, nədən ki, bu haqda bütün Azərbaycan bilir. Bu yazıda biz kimin kiminlə artıq quda olmadığı haqda çox az adamın bildiyi sensasiyalı bir məlumatı paylaşmaq niyyətindəyik.

Söhbət Azərbaycanın ən qüdrətli oliqarx-naziri Kəmaləddin Heydərovla Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin qudalığının pozulmasından gedir.

Xatırladaq ki, Kəmaləddin Heydərov təxminən iki il əvvəl kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını nişanlamışdı. Həmin vaxt mediaya sızan məlumatlarda bildirilirdi ki, nişan mərasimi hər iki ailənin başçılarının və yaxın qohumların iştirakı ilə el adətinə uyğun, sadə təşkil olunub. Lakin bu sadə nişan mərasiminin ardınca gözlənilən təntənəli toy mərasimi baş tutmayıb. Hansı səbəblərdən, bu haqda heç bir məlumat verilmir.

Kəmaləddin Heydərovla Elçin Quliyevin qohumluğunun baş tutmaması sırf gənclərin qərarıdır, yoxsa ataların da rolu var, bu haqda heç nə deyə bilmərik.

Lakin xatırlatmağımız yerinə düşər ki, ötən il baş tutan prezident seçkilərindən əvvəl Kəmaləddin Heydərov Elçin Quliyevin kabinetin yenidən formalaşdırılması zamanı müdafiə naziri vəzifəsinə təyin olunması üçün bütün gücünü səfərbər etmişdi. Hətta bəzi iddialara görə, Elçin Quliyev bu vəzifəyə bütövlükdə “Naxçıvan klanı”nın əsas namizədi idi. Lakin seçkiyə təxminən 2 ay qalmış rəqibləri Elçin Quliyevin namizədliyinin üzərindən qara çarpaz xətt çəkməyə nail oldular.

Bəzi məlumatlara görə, MTN-in Prezident İlham Əliyevə məxfi raportundan sonra Elçin Quliyevin nəinki irəli çəkilməsi, hətta DSX rəhbərliyində qalması belə sual altına düşübmüş. Onu bu aqibəti yaşamaqdan Kəmaləddin Heydərov çətinliklə xilas edə bilib...

Bütün bunlar onu göstərir ki, 9 oktyabr prezident seçkilərinədək Elçin Quliyev Kəmaləddin Heydərovun tam himayəsi altında olub. Lakin çox böyük ehtimalla hazırda Kəmaləddin Heydərovla Elçin Quliyevin münasibətləri əvvəlki kimi yaxşı deyil. Son aylarda əvvəlki kimi, onları hansısa məclisdə və yaxud başqa bir ortamda birlikdə görən olmayıb...

Vaqif Nəsibov

“AzPolitika”