“Bizim müxalifət cameəsində, daha doğrusu "bərkgedən" müxalif partiya liderləri arasında yazılmamış bir razılaşma mövcuddur”. Bunu AzPolitika.info-ya açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev müxalif partiyaların radikal müxalifətçilərə öz sıralarında yer vermədiklərindən danışarkən deyib.
Onun sözlərinə görə, bu razılaşma "İki qoçun başı bir qazanda qaynamaz" anlamındadır: “Bu səbəbdən meydanı radikal düşüncəli, kəskin siyasi mövqe nümayişinə prioritet verən digər birisi ilə bölüşməyə ehtiyac duymurlar. Ən əsası isə, əgər ortada hər hansı maddi mənfəət əldə etmək perspektivi varsa, "bunu niyə özgəsi ilə bölüşməliyəm" düşüncəsi mane olur”.
Bəs belə olduğu halda ənənəvi müxalifət liderləri prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyovun önə keçməsinə niyə imkan verdilər? Eldəniz Quliyevin fikrincə, onlar buna məcburiyyətdən razılaşdılar: “Müxalifət Rüstəm İbrahimbəyovdan yapışmasaydı, çoxdan bitib-tükənib getmişdi. Yadınızdadırsa, o zaman demişdim ki, düşərgəyə nə inam, nə də ümid qalıb. Rüstəm İbrahimbəyov onlar üçün göydəndüşmə oldu və əsl xilas eliksiri funksiyasını yerinə yetirdi. Bir şeyi də unutmayaq ki, Rüstəm İbrahimbəyov kimi "ağır çaplı" şəxsiyyətin bir cümləsi, bəzi radikal müxalif nümayəndələrin, eləcə də müxalif partiyaların 10 illik çabasından daha effektli nəticə verir. Xalqın öləziyən ümidi və inamı qismən bərpa olandan sonra müxalif partiyaların bəzisi rahat nəfəs aldı, yəni "hə, indi bir neçə il də fəaliyyət göstərməyə şans qazandıq!" Baxın, Rüstəm İbrahimbəyov işləri-gücləri daha çox bir-birilərilə didişmək olan, şanlı-şöhrətli müxalifətimizə özü də bilmədən bu köməkliyi etdi. Əvəzində isə, bildiyiniz kimi, bəzi müxalif partiya funksionerləri tərəfindən az qala daşa basıldı”.
Ülkər Musazadə

Şərhlər