“Öz yerinizi gənc və orta yaşlı təhsilli kadrlara verin”

“Azərbaycanlıların diaspora fəaliyyətləri daha əvvəllərə təsadüf edir”. Bunu AzPolitika.info-ya acıqalamasında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Modelləşdirilmə və Strateji İnkişaf İnstitutunun rəhbəri və diaspora sahəsində böyük təcrübəyə malik Söyün Sadıqov Azərbaycan diasporasının yaranmasının 12 illiyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İrandan olan azərbaycanlıların həmişə xaricdə diasporaları fəaliyyət göstərib: “Lakin bu diaspora İrana daha yaxın idi. Çünki həmin insanlar psixoloji baxımdan Azərbaycanın öz diasporasından xeyli fərqlənir. Biz Rusiya imperiyasında yaşamış azərbaycanlılar tamamilə başqa psixologiyaya malikik. Biz Azərbaycanı Sovet İttifaqının vaxtında da, o dağılandan sonra da təmsil edirik. Bizi ilk növbədə milli ideyalar, bayraq və bütövlükdə Azərbaycan özü birləşdirir. Ona görə də, bu gün demək olar ki, əsl Azərbaycan diasporası onun sərhədlərindən kənarda məhz 1993-cü ildən başlayır. Bu dönəmdə Sovet İttifaqı dağıldı, Azərbaycan suveren dövlət kimi tanındı və BMT-yə üzv oldu. Ona görə də, Azərbaycanın bütün dünya ölkələrində diaspora təşkilatlarının fəaliyyəti 1993-cü ildən başlayır. Bu gün Azərbaycan diasporasının daha aktiv fəaliyyət göstərdiyi ölkələr Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və bir sözlə, keçmiş sovet dövlətləridir. Çünki bu dövlətlər vaxtı ilə vahid birlikdə yaşayıb və o dövlətlərdə çox sayda azərbaycanlı yaşayır. Həmin azərbaycanlılar yerli sakinlərin mədəniyyətini, adət-ənənələrini çox gözəl bilirlər. Sovet hökuməti dağıldıqdan sonra çox sayda azərbaycanlılar bu dövlətlərə qazanc əldə etməkdən ötrü gəlirdi və həmin azərbaycanlı həmvətəndaşları ilə qarşılaşırdılar. Bu da ölkəyə gələn miqrantların adaptasiyası üçün çox yaxşı fürsət idi. Çoxları elə həmin dövlətlərdə yaşamağa da qaldı. Azərbaycanın diaspora sahəsində fəaliyyətinin ikinci mərhələsində qarşısına daha federal səviyyədə təşkilatlanma işlərini qoymalıdır. Belə olarsa, həmin təşkilatlar daha önəmli məsələləri, mədəni, təhsil, hüquqi tərəfdən həll edə bilər. Azərbaycan hökuməti xaricdə yaşayan öz həmvətənləri ilə daha sıx əlaqə yaratmaq üçün Dövlət Diaspora Komitəsi yaradıldı. Azərbaycanın xaricdə mövcud diaspora təşkilatlarının fəaliyyəti hələ olduqca gənc Azərbaycan dövləti üçün yaxşı nəticə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, Azərbaycan xaricdə öz diaspora təşkilatçılığını 1-2 ilə daha da möhkəmləndirərək üçüncü mərhələyə keçid alacaq. Çünki həmin dövlətlərdə təhsil almış gənc və orta nəsil bizim nəsildən fərqli düşünür. Onlar həmin dövlətlərdə doğulduqlarından oranın adətlərini bizdən yaxşı bilirlər. Mən əminəm ki, Azərbaycan diasporası özünəməxsus şəkildə daha da inkişaf edəcək. Mən sizin mətbu orqanınız vasitəsi ilə Azərbaycanın nəinki, Rusiya üzrə, bütövlükdə dünya üzrə bütün regional və federal rəhbərlərinə üzümü tuturam və deyirəm ki, öz yerinizi gənclərə və orta yaşlı təhsilli kadrlara verin. Biz onların məsləhətçiləri olarsaq, onlar daha yaxşı möhkəmlənəcəklər və o zaman diaspora inkişaf edəcək. Çünki bizlər öz əsəblərimizi, gücümüzü, biliyimizi sərf edərək bu təşkilatı qurduq və indi onu inkişaf etdirmək üçün həmin vəzifəni daha aktiv gənc rəhbərlərə həvalə etməliyik. Onlar həmin təşkilatı müasir dövrlə uyğunlaşdıraraq, daha möhkəm və mütəşəkkil təşkilat yarada biləcəklər. Azərbaycana uğur olsun!”

Ülkər Musazadə