Menu

“Taxta binada xəstə saxlamırdım, inzibati bina kimi istifadə etmişik” - Sabiq baş həkim

03.03.2018, 11:29
“Taxta binada xəstə saxlamırdım, inzibati bina kimi istifadə etmişik” - Sabiq baş həkim

“Mən baş həkim olanda həmin taxta konstruksiyalı binada xəstə saxlamırdım, oradan inzibati bina kimi istifadə etmişik. Orda arxiv yerləşib, mühasibatlıq olub. Diqqətsizlik, ehtiyatsızlıq olub. Köhnə binalardır. 1990-cı illərdə quraşdırılıb. Sonradan kim necə istifadə edib, deyə bilmərəm, mənlik deyil”.

Martın 2-də yanğın baş verən Respublika Narkoloji Mərkəzinin keçmiş baş həkimi, professor Araz Əliquliyev Azadlıq Radiosuna belə deyib.

“Bəlkə xəstə çox olub, bəlkə başqa səbəb var deyə, ora xəstə yerləşdirilib, deyə bilmərəm. Ölkə rəhbərliyi ordadırsa, hüquqi qiyməti veriləcək. Bu hadisəyə görə günahkarlar cəzasını almalıdır”, – Əliquliyev əlavə edir.

Professor hadisə haqda danışmağa çətinlik çəkir: “O qədər insanın ölümü böyük itkidir. Ölkə rəhbərliyinin ora gəlməsi də bunun nə qədər böyük bədbəxtlik olmasının sübutudur. İnsanlar xəstələrini gətiriblər ora müalicə etməyə, nəticə də belə… Sözsüz ki, istintaq orqanları taxta binada xəstələrin yerləşdirilməsi ilə bağlı öz sözünü deyəcək, qiymətini verəcək”.

Martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Rəsmi məlumatda 25 nəfərin öldüyü bildirilir. Prezident İlham Əliyev hadisə yerinə gedib. O, hadisənin araşdırılması məqsədilə bəzi tapşırıqlar verib. Cinayət işi başlanıb.

Şərhlər

hərbi pensiyaçı 2018-03-03 11:29:18

Binəqədidə yananlara bağlı istintaq hansı nəticəyə gəlibsə buradada ehtimal ki, belə olacaq. Binəqədidə uşaqlar da yanmışdı. istintaq(məhkəmə) palçıqda batmış maşın kimi hələ bir ildən çoxdur ki, dala-qabağa verir.

buzlaq 2018-03-03 11:29:18

Şirəli də qohumdur. Ona da heç kim heç nə etməyəcəkdir. Cənab ƏLiquliyev 90-cı illərdə taxtadan heç nə tikilmirdi. Taxta daşdan indi olduğu kimi baha idi.
"Şərqin Günəşində" belə hallara görə cəzalandırılsaydılar, indi Xaləddinlər (8-ci mikrorayondakı yanğında baş rolun ifaçısı) bu xarabada at oynatmazdılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol