Menu

"Artıq Rusiyada çox az adam Putini Ştirlitsə bənzədir..." – Rusiya prezidenti haqqında 1991-ci ildə hansı film çəkilibmiş?

12.09.2018, 00:04
"Artıq Rusiyada çox az adam Putini Ştirlitsə bənzədir..." – Rusiya prezidenti haqqında 1991-ci ildə hansı film çəkilibmiş?

Nüfuzlu "The Guardian" qəzetində tanınmış britaniyalı kinoşünas Endrü Meylsin Rusiya prezidenti barədə maraqlı fikirləri yer alıb.

"AzPolitika.info"nun məlumatına görə, Meylsin fikrincə, Putinin hakimiyyətə gəlməsində Sovet dövrünün ən populyar filmlərindən olan "Baharın on yeddi anı" filminin xüsusi rolu olub.

Kinoşünas deyir ki, bu film SSRİ "KQB"-sinin xüsusi sifarişi əsasında lentə alınıb. Onun çəkilməsində əsas məqsəd isə xüsusi orqanların nüfuzunun artırılması və "KQB"-yə yeni kadrların cəlb edilməsinə nail olmaq imiş. Nəticədə filmin qəhrəmanı sovet kəşfiyyatçısı Maks Otto fon Ştirlits SSRİ-nin milli qəhrəmanına çevrildi, onun barəsində əfsanələr və sonradan da lətifələr dolaşmağa başladı.

Daha sonra Meyls bildirir ki, 1991-ci ildə Peterburqda "Baharın on yeddi anı"nın davamı olaraq bir qısametrajlı film çəkilib. Həmin film vaxtilə Almaniyada kəşfiyyatçı kimi işləmiş bir yerli siyasi xadimə həsr olunurdu. Söhbətin Vladimir Putindən getdiyini anlamaq, əlbəttə ki, çətin deyil. Hətta həmin qısametrajlı filmin səhnələrindən biri eynilə Ştirlits haqda filmin son səhnəsini təkrarlayır.

Müəllif bildirir ki, bu "tryuk" kifayət qədər uğurlu alınıb və insanlar Putinlə öz sevimli qəhrəmanları Ştirlits arasında paralellər aparmağa başlayıblar. Hətta bunun sonradan Putinin populyarlıq qazanmasında xüsusi rol oynadığını iddia edən Meyls bildirir ki, Rusiyanın hazırki prezidentinin ümumiyətlə "KQB"-yə qoşulmasında "Baharın on yeddi anı"nın böyük təsiri olub: "Putinin həmin film ekranlara çıxanda 21 yaşı olub və bundan 2 il sonra o, KQB-yə qoşulub..."

Britaniyalı kinoşünas daha sonra Rusiyanın "Kommersant" qəzetinin 1999-cu ildə öz oxucuları arasında "ölkənin gələcək prezidentinin kim olmasını istərdiniz" deyə sorğu keçirdiyini xatırladır. Sən demə, həmin sorğunun nəticəsinə görə, 2-ci yeri Ştirlits personajı tutubmuş. Bundan sonra həmin nömrənin üz qabığında Ştirlitsin fotosu yerləşdirilib və "Prezident - 2000-ci il" başlığı verilib.

Bir sözlə, müəllif iddia edir ki, Putinin vaxtilə hakimiyyətə gəlməsində xalqın Ştirlitsə olan sevgisi xüsusi rol oynayıb, lakin indi artıq vəziyyət və rusların Putinə münasibəti xeyli dəyişib : "Artıq Rusiyada çox az adam Putinlə Ştirlits arasında uyğunluq görür..."

Cəlal

"AzPolitika. info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol