Menu

Axan qanları durdurun!

15.10.2013, 12:13

Gurban_bayrami_241012_05Başqa İslam ölkələrini deyə bilmərəm. Orta əmək haqqının 300 manat olduğu Azərbaycanda Həcc ziyarəti və Qurban bayramı korrupsionerlərin öz günahlarını yumaq vasitəsinə çevrilmişdir. Təsadüfi deyil ki, ən çox Həcc ziyarətinə gedənlər də elə zalım idarəçilər və onların korrupsioner ortaqlarıdır. Halal yolla qazanılmayan pullarla ibadət anlayışı dini məzmun ehtiva edə bilməz.

Digər tərəfdən qurban kəsmək ibadəti də həcc ziyarətinin tələblərindəndir. Müqəddəs kitabımız isə həcci imkanlı möminlərin ibadətlərindən biri hesab edir. Bizdə isə imkanı oldu-olmadı, hər kəs qurban kəsir. Bəzi hallarda bu, bir rəqabət vasitəsinə çevrilir, hər kəs daha yaxşı mömin olmaq yolunda bir heyvanın başını kəsmək yarışına girir. Halbuki Qurban anlayışı İslamda xeyriyyəçilik əməli kimi nəzərdə tutulub. Necə ki əvvəllər yalnız varlılar qurban kəsər və kəsdiklərini yaxın ətrfadakı kasıblara paylamaqla səvab iş görərdilər. İndisə çörək pulunu qonşusundan borc alanlar belə qurban kəsməyə çalışırlar. Kəsilən qurban ətlərini isə bir-birinə paylayırlar. İbtidai icma quruluşunun iqtisadi münasibətlərini-natural təsərrüfatı xatırladan bu mal mübadiləsi sonucunda soyuducular ətlə dolur, lüzumsuz yerə heyvanlar öldürülür, insanlar bəlkə də bir aylıq ət ehtiyacını bir gün ərzində islehlak edirlər. Bu isə israfçılıqdır və İslami ehkamlara ziddir. Məsələyə bu baxımdan yanaşanda belə qurban kəsmək ibadəti də Həcc ziyarəti kimi İslami dəyərini itirmişdir.

Bu təəssürat altında küçələri bürüyən qan izlərini seyr edir və rəhmətlik Hüseyn Cavidin məşhur misralarını xatırlayıram.

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Bəli, əziz müsəlmalar! Qan yalnız insan boğazından axan qırmızı mayenin adı deyil. Heyvanların da damarından qan axır. Boş yerə axan qanların dayanması üçün bütün din adamlarını bu məsələdə öz vəzifələrini icra edib fitva verməyə çağırıram.

Heydər OĞUZ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol