Menu

İntiqam Əliyevin həbsi Avropa Məhkəməsinə qarşı yönəlib - Bəyanat

10.08.2014, 13:37
İntiqam Əliyevin həbsi Avropa Məhkəməsinə qarşı yönəlib - Bəyanat

Hüquqşünasın vəkili onunla görüşüb və bəyanat yayıb

Xəbər verildiyi kimi, avqustun 8-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev həbs edilib. Həmin gün onun evi və ofisində axtarış aparılıb. Axşam saatlarında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisinə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub. O, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Avqustun 9-da təcridxanada İntiqam Əliyevlə görüşən vəkili Anar Qasımlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Hüquq müdafiəçisi İntiqam Əliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir, hesab edir ki, həmin ittihamların arxasında hüquqi motivlər deyil, siyasi motivlər dayanır. Onun həbsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə, onu susdurmaq məqsədilə siyasi sifariş əsasında həyata keçirilmişdir. Belə ki, İntiqam Əliyev Azərbaycanda insan haqlarının pozuntusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlər göndərmişdir.

O, 2010-cu il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərmiş, hazırda həmin şikayətlər üzrə hökumətlə kommunikasiya gedir. İntiqam Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasının qarşısını almağa xidmət edir. Təsadüfi deyil ki, rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış aparılarkən həmin seçkinin işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülmüşdür.

Bu isə, o deməkdir ki, İntiqam Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə həmin işlərin kommunikasiyasının Hüquq Maarifçiliyi Cəmiyyətinin başqa əməkdaşları və ya şikayətçilərin özləri tərəfindən davam etdirilməsinin qarşısı alınıbdır. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki işlərini şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması mümkündür.

Nəzərə almaq lazımdır ki, İntiqam Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyib, eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər göndərilib. Həmin şikayətlərlə bağlı dosyelər də istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti İntiqam Əliyevin vəkillik etdiyi işlər üzrə, yəni onun tərəfindən göndərilmiş şikayətlər əsasında çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, İntiqam Əliyevin həbsinin başlıca səbəbi onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana qarşı qərarlar çıxmasının qarşısını almaqdır.

Başqa sözlə, hüquq müdafiəçisi İntiqam Əliyevin Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir. İntiqam Əliyevin həbsinin başqa bir səbəbi isə, onun hüquq müdafiəçisi kimi Avropa Şurası Parlament Assambleyasının ötən ay keçirilən iclasında etdiyi çıxışdır. Həmin çıxışında o, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmış, hakimiyyəti sərt şəkildə tənqid etmişdir. Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur.

Hüquq müdafiəçisi İntiqam Əliyev hesab edir ki, onun həbsi həm də ölkədə müstəqil QHT-lərin susdurulması və tamamilə sıradan çıxarılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, son bir neçə ay ərzində xeyli sayda hüquq müdafiəçisi analoji ittihamlarla şərlənərək tutulub, müstəqil QHT-lərin və onların rəhbərlərinin, o cümlədən "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin və şəxsən İntiqam Əliyevin bank hesablarına həbslər qoyulub, qrant layihələrinin qeydiyyatına süni maneələr yaradılıb. Bu mənada onun həbsi həm də birləşmək hüququnun pozuntusudur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol